BMT-nin Qanunsuz Saxlanmalar üzrə İşçi Qrupu aşkar edib ki, Belarus AzadlıqRadiosunun müxbiri İhar Losiki həbs etmək və həbsdə saxlamaqla beynəlxalq insan haqları qanununu pozub.
ABŞ-da mənzillənən Freedom Now insan haqları qrupu bildirib ki, BMT-nin işçi qrupu bu nəticəyə onun hazırladığı hüquqi petisiya əsasında gəlib.
Freedom Now qrupunun hüquqşünası Adam Ledmat BMT-nin bu nəticəyə gəlməsini alqışlayıb və deyib:
"Təəssüf ki, İhar fəqrli düşüncəni ədliyyə sisteminin əliylə cəzalandıran ölkədə yeganə hal deyil. Biz hökuməti İşçi Qrupun qərarına əməl etməyə və onu dərhal azadlığa buraxmağa çağırırıq”.
Losik 2020-ci ilin iyununda həbs edilib və ona 2021-ci ilin dekabrında “kütləvi iğtişaşların təşkili” və ictimai nifrəti qızışdırmaq ittihamları ilə 15 il iş kəsilib.
Jurnalist təqsirsiz olduğunu bildirir və özünə qarşı ittihamları “siyasi motivli” adlandırır.
Həyat yoldaşı da həbsxanadadır
Belarus müxalifətinin lideri Svyatlana Tixanauskayanın əri – Syarhey və daha 4 bloger və müxalifət siyasətçisi o vaxt Losiklə eyni vaxtda məhkum ediliblər.
2023-cü ildə İhar Losikin arvadı Darya Losik “ekstremist fəaliyyət” ittihamı ilə 2 il müddətinə azadlqıdan məhrum edilib.
Onu Minskin rəsmən qanunsuz elan etdiyi Belsat telekanalına müsahibə verdiyinə görə həbs etmişdilər.
Cütlüyün dörd yaşlı qızı Paulinaya hazırda Darya Losikin valideynləri baxırlar.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, ABŞ konqresmeni Bill Kitinq, Litva Seyminin spikeri Viktoriya Smaylite-Nilsen və ABŞ Qlobal Media Agentliyi və başqaları Losikin dərhal azad olunmasını tələb ediblər.