Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:05

'Mavi dəbilqəlilər' haradadır? BMT nə üçün Ukraynada sülhü qoruya bilmir


"Mavi dəbilqəlilər" Afrikada
"Mavi dəbilqəlilər" Afrikada

Rusiyanın Ukraynaya hücuma başlamasından bəri Kreml BMT Təhlükəsizlik Şurasının bu hərəkəti pisləməsinin qarşısını almağa və öz dezinformasiyasını yaymağa çalışıb. BMT-nin öz tarixində ən böyük çətinliklə üz-üzə olduğunu deyən mütəxəssislər Soyuq müharibənin ən qaranlıq günlərinə dönüşü proqnozlaşdırırlar.

Soyuq müharibənin qayıdışı

BMT-nin bir çox agentlikləri Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan dəhşət və iztirabı azaltmağa səfərbər olurlar. Ancaq Rusiyanın beş daimi üzvündən biri olduğu və veto hüququndan istifadə etdiyi BMT Təhlükəsizlik Şurası bu fəaliyyətlərə qoşula bilmir.

Rusiya təkcə BMT Təhlükəsizlik Şurasının bu hücumu qınayan qətnaməsinə veto qoymaqla kifayətlənməyib. O, həm də Şuradan Kreml dezinformasiyasını yaymaqdan ötrü istifadə edib. Bu yalanlar arasında Ukraynada ABŞ-ın maliyyələşdirdiyi kimya laboratoriyalarının olması haqda iddialar da daxildir.

ABŞ prezidenti Co Baydenin martın 16-da "hərbi cinayətkar" adlandırdığı Putinin hərəkətləri və Təhlükəsizlik Şurası ətrafında baş verənlər islahat çağırışlarını və BMT-nin dünyada sülh və təhlükəsizliyi qoruma vəzifəsini yerinə yetirib-yetirməməsi ilə bağlı sualları aktuallaşdırıb və artırıb. Müşahidəçilər Təhlükəsizlik Şurasında baş verənlərə əsaslanaraq qarşıda bizi illərlə davam edəcək fəaliyyətsizliyin gözlədiyini deyirlər. Onlar bunun nəticəsində dünyanın Soyuq müharibənin ən qaranlıq günlərinə qayıdacağını proqnozlaşdırırlar.

Kiyevdə əhalinin evakuasiyası
Kiyevdə əhalinin evakuasiyası

Sistemi silkələyən münaqişə

Beynəlxalq Böhran Qrupu təşkilatının BMT şöbəsinin direktoru Riçar Qouen AzadlıqRadiosuna müsahibəsində deyib ki, mövcud böhran Təhlükəsizlik Şurasında artıq xeyli müddətdir davam edən trendin narahatedici epizodudur. Bu epizodda Rusiya və onun müttəfiqi Çin bir daha Qərblə qarşı-qarşıya durur.

"Təhlükəsizlik Şurası artıq xeyli müddətdir faydasızlıq yolunu tutub. ABŞ və Rusiyanın Təhlükəsizlik Şurasında Suriya ilə bağlı dalana girdiklərini görməyə başlamağımızından 10 ildən çox keçib. 2011-ci ildən bəri Rusiya Suriya ilə bağlı məsələlərdə öz veto hüququndan 17 dəfə istifadə edib və çox zaman Çin də bu vetolara qoşulub", – Qouen deyir.

Əsası 1945-ci ildə, İkinci Dünya müharibəsindən sonra qoyulmuş BMT tarixinin ən mürəkkəb dövrünü yaşayır. BMT Baş katibinin keçmiş müavini, hazırda Corc Sorosun dəstəklədiyi Açıq Cəmiyyət Fondunun prezidenti olan Mark Mellok-Braun belə deyir.

Mellok-Braun martın 11-də Beynəlxalq Sülh İnstitutunun keçirdiyi virtual konfransda deyib ki, Rusiyanın "harın aqressiya cinayəti" post-1945 düzəninə təhlükədir. "Bu, sadəcə, növbəti müharibə deyil. Bu, …nəhəng nəticələri olan, sistemi silkələyən, sistemi qıran münaqişədir", – o deyib.

Ukraynada 300 mindən çox adamın mühasirədə qaldığı şəhərdən reportaj
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Veto hüququ

Fevralın 25-də, Ukraynaya hücuma başlamasından bir gün sonra Rusiya BMT Təhlükəsizlik Şurasında onun hərəkətlərini qınayan qətnamənin əleyhinə səs verən yeganə dövlət idi. Çin bitərəf qalmışdı və bu, Qərb diplomatiyasının qələbəsi kimi görülürdü. Üstəlik, Çin bu addımı Pekinlə Moskvanın "limitsiz" tərəfdaşlıq elan etməsindən cəmi bir neçə həftə sonra atmışdı.

Təhlükəsizlik Şurasında vetoyla üzləşən həmin qətnamə BMT Baş Assambleyası tərəfindən qəbul olundu. Çünki Baş Assambleyada heç bir ölkənin veto gücü yoxdur. Ancaq burada qətnamələr, əsasən, simvolik xarakter daşıyır və heç bir addım nəzərdə tutmur.

Martın 2-də Ukraynaya həsr olunmuş xüsusi sessiyada Rusiyanın hərəkətlərini qınayan qətnamə 141 səs lehinə, beş səs əleyhinə olmaqla qəbul edildi. Moskva yalnız Belarus, Şimali Koreya, Eritreya və Suriyanın dəstəyini ala bildi. 35 ölkə bitərəf qaldı.

Baş Assambleyada geri çəkilməli olan Moskva bu dəfə martın 11-də yenidən Təhlükəsizlik Şurasında debat çağırıb hərbi qüvvələrinin guya Ukraynada hərbi bioloji proqram aşkarladığını iddia etdi.

"Yüksək fırıldaq"

ABŞ Dövlət katibi Entoni Blinken hələ ötən ay belə bir ssenari səsləndirmişdi ki, "Putin özünün Ukrayna xalqına qarşı vəhşi hücumlarına haqq qazandırmaq üçün kimyəvi və bioloji silahlarla bağlı ittihamlar qondaracaq".

İdzumi Nakamitsu
İdzumi Nakamitsu

Rusiyanın iddiaları tezliklə ifşa edildi. BMT-nin Tərksilah üzrə Yüksək Nümayəndəsi İdzumi Nakamitsu bildirdi ki, "BMT heç bir bioloji proqramdan xəbərdar deyil".

11 mart sessiyasını "yüksək fırıldaq" kimi dəyərləndirən Mellok-Braun deyir ki, bu hadisə Kremlin TŞ-dan öz dezinformasiyasını yaymaq üçün necə istifadə etdiyini göstərir.

"Əlbəttə, Şura üzvünün məsələləri Şuraya çıxarmaq hüququ var. Ancaq Şurada davranış mədəniyyəti Rusiyanın axşam xəbərləri proqramı üçün tamaşa səviyyəsinə endiriləndə … məncə, biz bunun bizi hara aparması sarıdan ciddi narahat olmalıyıq", – Mellok-Braun sözügedən virtual konfransda deyib.

BMT bunu etməyə qadir deyilsə...

Çexiyanın Müdafiə naziri Yana Çernoxova BMT-ni Ukraynaya sülhməramlılarını göndərməyə çağırıb. O iddia edib ki, bu edilməsə, BMT-nin, ümumiyyətlə, nə üçün lazım olduğu sorğulanacaq. "Bu miqyasda bir şey baş verəndə BMT qəti addımlar ata bilmirsə, deməli, onunla bağlı heç bir ümid qalmayıb. Onlar mavi dəbilqəliləri, yəni insan hüquqlarına hörməti təmin edən əsgərləri… işə salmağın yolunu tapmalıdırlar. Əgər BMT bunu etməyə qadir deyilsə, deməli, onu dəyişmək vaxtıdır", – nazir martın 13-də Çexiyanın ictimai kanalında deyib.

BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

Ancaq BMT Baş katibinin sözçü köməkçisi Farhan Hak radioya bildirib ki, bunun üçün Təhlükəsizlik Şurasının razılığı lazımdır.

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba martın 2-də BMT-ni Rusiyanın Təhlükəsizlik Şurasındakı daimi üzvlüyünə yenidən baxmağa, "dərin və qərəzsiz" hüquqi təhlil etməyə çağırıb.

"Biz əminik ki, təhlil bitəndə Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı iştirakının qeyri-legitimliyi aşkarlanacaq", – Kuleba deyib.

Çətin məsələ

Ancaq bu da çox çətin məsələdir. "BMT Xartiyasında təşkilatın qaydalarını pozan üzvlərin kənarlaşdırılması haqda müddəalar var. Ancaq bu da Təhlükəsizlik Şurasının tövsiyə verməsini tələb edir. Rusiya isə bunu bloklaya bilər", – Qouen deyir.

Qouen daha sonra Rusiyanın BMT İnsan Hüquqları Şurasından çıxarılmasının mümkün ola biləcəyini deyib. Onun sözlərinə görə, bunun üçün yalnız Baş Assambleya üzvlərinin 2/3-nin səsləri tələb olunur. Bununla yanaşı, o bildirib ki, Rusiyanın BMT-dən birdəfəlik çıxarılması nəzərdə tutulmayan destruktiv nəticələrə səbəb ola bilər.

"…Yaponiya, Almaniya və İtaliyanın 1930-cu illərdə Millətlər Liqasından çıxarılmasından sonra daha da destruktivləşdiyi kimi, BMT xaricində qalmış Rusiyanın da indikindən daha az məhdudiyyət hiss edəcəyini ehtimal etməliyik. Ancaq düzünü desək, Rusiya elə indi də çox məhdudiyyət hiss edirmiş kimi görünmür", – Qouen deyib.

XS
SM
MD
LG