Bolqarıstanın Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin ölkənin hava məkanından keçməsinə icazə verib.
Lavrov ATƏT-in Nazirlər Şurasının bu həftə Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən iclasında iştirak etməlidir.
Ukrayna və bir sıra başqa ölkələr Lavrovun iştirakına görə bu tədbiri boykot edirlər.
Avropa İttifaqının üzvü olan Bolqarıstan Rusiya Ukraynaya hərbi müdaxilə edəndən üç gün sonra, ötən il fevralın 27-dən Rusiyanın bütün təyyarələrinə özünün hava məkanından keçməyi qadağan edib.
Əslində Rusiya təyyarələrinin Avropa İttifaqının hava məkanında uçuşları qadağan olunub.
Bu da xəbər verilir ki, Bolqarıstan Lavrovun təyyarəsinə bu icazəsini ATƏT-in iclasına ev sahibliyi edən Şimali Makedoniyanın ricası ilə verdiyini bildirib.
Şimali Malkedoniya hazırda ATƏT-in rotasiyalı sədridir.
Bu hadisədən 24 saat keçməmiş Ukrayna Xarici İşlər Nazirliyinin sözçüçüsü Oleh Nikolenko deyib ki, “xarici işlər naziri Dmitro Kuleba Lavrova noyabrın 29-dan dekabrın 1-dək keçirləcək ATƏT nazirlərinin iclasında iştirak icazəsi verilməsinə görə bu tədbiri boykot edəcək”.
Baltik ölkələri Ukraynanın boykotuna qoşulublar
Bundan az sonra Estoniya, Litva və Latviya da bildiriblər ki, onlar da Lavrovun iştirakına görə bu tədbirə qatılmayacaqlar.
Üç Baltik ölkəsinin verdiyi birgə bəyanatda deyilir:
"Biz Rusiya xarici işlər naziri Sergey Lavrova ATƏT-in Nazirlər Şurasının Skopyedə keçiriləcək 30-cu sessiyasında şəxsən iştirak imkanı verən qərardan dərindən təəssüflənirik. Bu, Rusiyaya daha bir təbliğat imkanı yaradacaq”.
Bəyanatda daha sonra deyilir:
"Lavrovun ATƏT-in Nazirlər Şurasının sessiyasında iştirakı qərarı həm də Rusiyanın bizim azad ölkələr icmamızın bərabərhüquqlu üzvü kimi təcavüzünü legitimləşdirmək təhlükəsi ehtiva edir, Rusiyanın törətdiyi cinayətləri triviallaşdırır...ATƏT-in təməl prinsiplərini və öhdəliklərini kobudcasına pozur”.
İyun ayında bir neçə Balkan ölkəsi Lavrovun təyyarəsi üçün öz hava məkanlarını açmaqdan imtina etmişdilər.
Lavrov buna görə Serbiyaya səfərini təxirə salmışdı.
O hazırda ABŞ, Avropa İttifaqı, Birləşmiş Krallıq və Kanadanın sanksiya siyahısındadır.
ATƏT-in sədrliyi məsələsi həllini tapdı
Bu arada Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani deyib ki, Malta ATƏT-in rotasiyalı sədrliyini yanvar ayından Skopyedən təhvil almağa razılıq verib.
ATƏT-in rotasiyalı sədrliyini əslində Aİ və NATO üzvü olan Estoniya qəbul etməli idi, amma Rusiya və Belarus şimal alyansının üzvü olmasına görə Estoniyanın namizədliyinə veto qoymuşdular.
Aİ üzvü Malta hərbi baxımdan neytral olsa da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib.