Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:08

Boris Johnson heykəllərin müdafiəsinə qalxdı


Winston Churchill-in Parlament meydanındakı heykəli axşam saatlarında
Winston Churchill-in Parlament meydanındakı heykəli axşam saatlarında

Britaniyanın baş naziri Boris Johnson deyib ki, ziddiyyətli fiqurların heykəllərinin sökülməsi “tariximiz haqqında yalan danışmaq” kimidir.

May ayında ABŞ-da qaradərili vətəndaş George Floyd polis zorakılığı nəticəsində vəfat edəndən bəri Britaniyada da “Qaraların həyatı da qiymətlidir” şüarlı kütləvi etiraz nümayişləri keçirilir.

Lakin son günlər ərzində bəzi etirazçılar qəzəb dalğasını paytaxt Londonda və ölkənin başqa şəhərlərindəki tarixi heykəllərə yönəldiblər.

Ölkənin quldarlıq tarixi ilə bağlı şəxslərdən bəzilərinin abidələri dağıdılıb, bəzilərinə isə vandalizm hücumları edilib.

Ötən həftəsonu bəzi etirazçılar artıq əfsanəvi baş nazir Winston Churchill-in parlament meydanındakı heykəlinə və Lids şəhərində kraliça Victoria-nın abidəsinə hücum ediblər. Bu heykəllərə rəng atılıb, postamentlərində antiirqçi şüarlar yazılıb.

Polis Winston Churchill-in abidəsini qoruyur
Polis Winston Churchill-in abidəsini qoruyur

Bəzi heykəllərin mühafizəsinə polis qüvvələri cəlb edilib, bəzi abidələr isə taxta fanerlərlə bokslanıb.

The Guardian yazır ki, Londonda Churchill-inheykəlindən başqa, I Dünya Müharibəsində həlak olanlar üçün qoyulmuş Kenotaf abidəsini,Trafalqar meydanında George Washington və kral II James-in heykəllərini də taxta lövhələrlə örtməli olublar.

Ölkənin baş naziri Boris Johnson Churchill-in heykəlinə hücumlarla bağlı hiddətini gizlətməyib.

Lakin “Qaraların həyatı da qiymətlidir” hərəkatının təşkilatçıları şənbə günü, iyunun 13-də Hayd Parkda keçirilməsi planlaşdırılan mitinqi ləğv ediblər. Bundan əvvəl Johnson da televiziya ilə çıxışında adamları bu etirazlara qoşulmamağa çağırmışdı.

Təşkilatçılar bildiriblər ki, onlar bır sıra ifrat sağçı qruplardan hücuma məruz qalacaqları barədə xəbərdarlıq alıblar.

Johnson iddia edir ki, “Qaraların da həyatı qiymətlidir” hərəkatını ekstremistlər ələ keçiriblər.

“Biz keçmişi senzura edə bilmərik”

Baş nazir ötən həftəsonu polis üzərinə hücumları qətiyyətlə pisləyib:

“Biz hamımız Minnesotada baş vermiş hadisənin doğurduğu haqlı hiddəti və ayrı-seçkiçilik əleyhinə haqlı etirazları başa düşürük. Bu ölkə irqçiliyə qarşı indiyədək nə qədər böyük bir mübarizə aparmış olsa da, etiraf edirik ki, hələ çox iş görülməlidir”.

Lakin qədim vaxtlarda qul sahibi olmuş Edward Colston-un Bristoldakı heykəlinin etirazçılar tərəfindən yıxılması məsələsinə toxunan baş nazir belə hərəkətlərə qarşı olduğunu bəyan edib:

“Biz keçmizimizi redaktə və ya senzura edə bilmərik. Biz özümüzü o yerə qoya bilmərik ki, guya fərqli tariximiz olub. Bizim şəhər və qəsəbələrimizdəki heykəlləri bizdən əvvəlki nəsillər ucaldıb. Onların başqa düşüncələri, səhv və ya düz, başqa anlayışları vardı. Lakin bu heykəllər, bütün qüsurlarına baxmayaraq bizə keçmişimizdən dərs deyir. Onları yıxmaq tariximiz barədə yalan danışmaq, gələcək nəsilləri tarixi biliklərdən məhrum etmək deməkdir”.

Churchill-in heykəlinin taxta qutu ilə örtülməsini “absurd və utancverici” adlandıran Johnson deyib ki, “öz ölkəsini nasism və irqçilikdən xilas etmiş bu insana əbədi xatirə kimi qoyulmuş abidə qorunacaq”.

“O bəzən qeyri-məqbul sözlər deyibsə də…”

Boris Johnson ixtisasca jurnalistdir və Churchill-in bioqrafiyası haqqında kitab yazıb.

Baş nazir daha sonra deyib:

“Bəli, o bəzən bugün üçün qeyri-məqbul sayılan rəylər bildirib, amma o qəhrəmandır və bu xatirə abidəsinə haqqı çatır”.

Lakin Johnson-un sözçüsü jurnalistlərin “baş nazir özünün işlətdiyi qeyri-məqbul ifadələrə görə də üzr istəyəcəkmi” sualının cavabında deyib ki, hökumət başçısı üzr istəməyi planlaşdırmır.

Baş nazir bir neçə il bundan əvvəl yalnız gözləri açıq saxlayan niqab geyinmiş müsəlman qadınları “poçt qutusuna”, afrikalıların gülüşünü isə “qarpız diliminin təbəssümünə” bənzətmişdi.

Bu arada ifrat sağçı qruplaşmalar bildiriblər ki, onlar bu həftəsonu “abidələrimzi qoruyaq” devizi ilə Churchill-in abidəsi qarşısında mitinq keçirəcəklər.

Etirazçılar Cecil Rhodes-in Oksford Universitetinin divarındakı bu heykəlinin də uçurulmasını tələb ediblər
Etirazçılar Cecil Rhodes-in Oksford Universitetinin divarındakı bu heykəlinin də uçurulmasını tələb ediblər

Məşhurlar da heykəlləri müdafiə edirlər

Ümumiyyətlə, ötən həftənin əvvəllərindən bəri ictimaiyyətin bir hissəsi heykəllərin fəal müdafiəsinə keçib.

Məsələn, Dorset qraflığında adamlar skaut hərəkatının banisi Robert Baden-Powell-in heykəlinin uçurulmasına imkan verməyiblər.

Hökumət rəsmiləri iyunun 12-də deyiblər ki, “əvvəlcə heykəllərin qorunması məqsədilə onların müvəqqəti olaraq başqa yerə köçürülməsini planlaşdırıblar, amma adamlar buna imkan verməyiblər. Onlar heykəllərin yerinə qaytarılacağı barədə vədlərə inanmayıblar”.

Getdikcə daha çox ziyalı heykəllərin müdafiəsinə qalxır. Britaniyada və ABŞ-da tanınmış jurnalist və televiziya aparıcısı Piers Morgan abidələrin taxta qutulara salınmasını rüsvayçılıq adlandırıb.

O özünün tvitlərindən birində Churchill-in abidəsinin bokslanması barədə yazıb:

“Bu foto Britaniyaya utanc gətirir. Ser Winston Churchill-in abidəsinin vandal hücumundan müdafiə üçün qutuya salınması rüsvayçılıqdır. O bizim vətənimizi nasistlərdən xilas edib. Biz ona beləmi dəyər veririk? Dəhşətdir!”

XS
SM
MD
LG