Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:25

Britaniyanın baş naziri reanimasiyadan çıxdı


Boris Johnson
Boris Johnson

Britaniyanın baş naziri Boris Johnson Londondakı Müqəddəs Tomas xəstəxanasının reanimasiya şöbəsindən palataya keçirilib.

Britaniya hökumətinin rəsmi bəyanatında deyilir ki, cənab Johnson-un “əhvalı son dərəcə yaxşıdır”.

Boris Johnson xəstəxanaya koronavirus kəskinləşməsi diaqnozu ilə aprelin 6-da gətirilmiş və elə həmin axşam “hər ehtimala qarşı” reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Bundan bir qədər əvvəl baş nazirin bəzi səlahiyyətlərini icra edən xarici işlər naziri Dominic Raab demişdi ki, hökumət Britaniya boyunca karantinin müddətini uzatmaq barədə qərar qəbul edib.

Cənab Raab habelə deyib ki, havaların isti və günəşli olduğu bugünlərdə adamları məhdudiyyətlərin nə vaxt qaldırılacağı maraqlandırır, amma bunu etmək hələ çox tezdir:

"Məhrumiyyətlərinizə görə təşəkkür edirəm, amma hələ vaxtı deyil. Biz karantini davam etdirməliyik”.

Trump-dan tvit

Son üç gündə Britaniya ictimaiyyəti baş nazirin həyatından son dərəcə narahat idi və media ölkəyə kimin rəhbərlik etdiyinə dair suallar verirdi.

Bu arada Boris Johnson-un nişanlısı Carrie Symonds özünün Twitter hesabından göy qurşağı şəklini paylaşıb.

Boris Johnson-un reanimasiyadan çıxarıldığı saatlarda Uestminister körpüsünün və üzü parlament binasına baxan Müqəddəs Tomas xəstəxanasının ətrafındakı polis və yanğınsöndürən maşınlar uzun siqnallar verirdilər.

Hər cümə axşamı olduğu kimi aprelin 9-da saat 20-də bütün London boyunca adamlar evlərinin kandarına çıxaraq Dövlət Səhiyyə Sistemini əl çalmaqla alqışlayıblar.

The Telegraph yazır ki, ABŞ prezidenti Donald Trump Boris Johnson-un reanimasiyadan çıxmasını alqışlayan ilk lider olub.

Xəstəxanadan verilən son məlumata görə Boris Johnson reanimasiyadan əvvəl olduğu kimi oksigen müalicəsini davam etdirir. Oksigen terapisyası pasientə vaxtaşırı oksigen verilməsini nəzərdə tutur və baş nazirin süni tənəffüs aparatına qoşulmadığı deyilir.

XS
SM
MD
LG