Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:59

Avropa Məhkəməsi kilsənin müsəlmanın həyətindən ‘çıxarılması’ qərarını verdi


Fata Orlovic və onun həyətində qanunsuz tikilmiş kilsə
Fata Orlovic və onun həyətində qanunsuz tikilmiş kilsə

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Bosniya-Herseqovinanın hakimiyyət orqanlarına bosniyalı müsəlman qadının həyətində tikilmiş serb pravoslav kilsəsinin oradan çıxarılması barədə hökm verib.

Bu kilsə həmin qadın 1992-1995-ci il müharibəsi zamanı öz evindən didərgin düşdüyü vaxtda tikilib.

AİHM-in oktyabrın 1-də elan etdiyi hökm Fata Orlovic və onun 13 ailə üzvünün hüquqi mübarizəsinə son qoymalıdır.

Bu ailə 1995-ci il Srebrennitsa qətliamından salamat qurtarıb, lakin onlar evlərinə qayıdarkən qapılarının bir neçə metrliyində kilsə tikildiyini görüblər.

Məhlkəmə qərarında deyilir ki, 1998-ci ildə bu kilsənin tikilməsi qanunsuz olub və hakimiyyət orqanları kilsənin 3 ay müddətində oradan “çıxarılmasını” təmin etməlidir.

Bundan əlavə hakimiyyət Orlovicə 5 min avro, onun yaxınlarına isə 2 min avro ödəməlidir.

77 yaşlı Orlovic AzadlıqRadiosuna deyib ki, o kilsə tikintisinin əleyhinə deyil, amma kilsə tikmək istəyənlər onu öz həyətlərində tikməlidirlər.

Ailə kilsənin həyətlərindən köçürülməsi üçün 2000-ci ildən bəri məhkəmə çəkişməsi aparır.

Orlovicin evi Srebrennitsanın 20 kilometrliyindəki Konyeviç Polye kəndindədir.

Serblər 1993-cü ildə Konyeviç Polyedəki bütün müsəlmanları evlərindən qovublar.

Bunun ardınca Srebrennitsada 8 min müsəlmanın qətliamı törədilib. Bunlar bosniyalı müsəlman kişilər və oğlanlar idi.

Bu, II Dünya Müharibəsindən bəri Avropanın ən pis qətliamı sayılır.

İki beynəlxalq məhkəmə bu qətliamın soyqırım olduğu barədə qərar qəbul edib.

Bu region Bosniya Müsəlman-Xorvat Federasiyası və Serb Respublikası adlanan iki hissəyə bölündükdən sonra serblərin nəzarətində idi.

İndi bu iki qurumun ayrıca hökumətləri var.

XS
SM
MD
LG