Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 08:59

İşğaldan öncə Qarabağda kənd təsərrüfatının durumu necə idi?


Azərbaycan-Şuşa şəhəri işğaldan sonra
Azərbaycan-Şuşa şəhəri işğaldan sonra

Ətraf rayonların və Dağlıq Qarabağın bir hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından bəri bu bölgənin iqtisadi potensialı tez-tez müzakirə edilir. Özəlliklə işğaldan qurtarılan ərazilər hesabına ölkədə kənd təsərrüfatı məhsulu istehsalının artırılmasından söhbət açılır. Bəs işğaldan öncə həmin ərazilərdə kənd təsərrüfatı istehsalı hansı səviyyədə idi?

Heyvandarlığın durumu

Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, ölkənin kənd təsərrüfatı istehsalında sözügedən bölgənin ən çox paya sahib olduğu sahə ət istehsalıymış. Münaqişə başlanmazdan bir il öncə - 1987-ci ilin məlumatına görə, ətraf rayonlarda (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) təxminən 15 min ton, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində isə 10 min ton, yəni toplam təxminən 25 min ton kəsilmiş ət istehsal edilib. Həmin il bütün ölkə üzrə bu göstərici 184 min ton olub. Bu o deməkdir ki, Dağlıq Qarabağ və ətraf rayonların ölkənin ət istehsalındakı payı təxminən 15 faizmiş. Ət istehsalı baxımından ilk iki yeri Ağdam və Laçın rayonları tutub. 2019-cu ildə ölkədə ət istehsalının həcmi 335 min 700 tona yaxın olub. Yəni, 32 ildə 82 faiz artıb. Həmin müddər ərzində ölkə əhalisinin sayı isə 6 milyon 800 min nəfərdən 10 milyona yüksəlib. Yəni, 50 faizə yaxın artıb.

Süd istehsalına gəlincə, 1987-ci ildə ətraf rayonlarda 102 min ton, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində isə 57 min 500 ton, toplam 160 min tona yaxın süd istehsal edilib. Yəni, regionun ölkənin süd istehsalındakı payı cəmi 15 faizmiş. Həmin dövrdə süd istehsalı baxımından ən yaxşı göstərici Ağdam (26 min 250 ton) və Füzuli (19 min 500 ton) rayonlarında olub. 2019-cu ilin nəticələrinə görə, ölkədə süd istehsalının həcmi 2 milyon 151 min tona çatıb. Başqa sözlə. 1987-ci illə müqayisədə iki dəfə artıb.

Rəsmi rəqəmlərdən aydın olur ki, 1987-ci ildə ölkədə olan bütün qoyun və keçilərin təxminən 20 faizi, iribuynuzlu mal-qaranınsa təxminən 15 faizi bu ərazilərdə olub:

İribuynuzlu mal-qara (başla)

Qoyun və keçi (başla)

Ətraf rayonlar

225.289

842.406

Keçmiş DQMV

95.641

264.330

Cəmi

320.930

1.106.736

Ölkə üzrə cəmi

2.025.100

5.640.900

İşğal olunmuş rayonların xüsusi çəkisi

15,8%

19,60%

Bəs bitkiçilik?

Bölgənin ölkə üzrə bitkiçilik məhsulları istehsalındakı payı heyvandarlıqla müqayisədə daha aşağıdır. İşğal olunmuş ərazilərin bitkiçilik məhsulları istehsalına görə ölkə üzrə ən çox paya sahib olduğu istiqamət dənli və dənli-paxlalı bitkilərdir. 1987-ci ilin nəticələrinə görə, ətraf rayonlarda 57 min 900 ton, keçmiş DQMV ərazisində 47 min 100 ton, toplam 105 min tona yaxın dənli və dənli-paxlalı bitki yetişdirilib. Bu baxımdan, bölgənin ölkə üzrə ümumi istehsalda payı 9,4 faiz olub. Məhsulun həcminə görə ən yüksək göstəricilər yenə də Ağdam (24 min 500 ton) və Füzuli (17 min ton) rayonlarında qeydə alınıb. 1987-2019-cu illərdə ölkədə dənli və dənli-paxlalı bitkilərin istehsalı 1 milyon 117 min tondan 3 milyon 558 min tona yüksəlib.

Tərəvəz və bostan bitkiləri istehsalında bölgənin payı o qədər yüksək deyil. 1987-ci ildə bütün ölkə üzrə istehsal edilən 855 min ton tərəvəzin cəmi 10 min 172 tonu işğal olunmuş ərazilərdə yetişdirilib. Yəni, bölgənin ölkə üzrə ümumi istehsalda payı cəmi 1,2 faizmiş. Bölgədə istehsal olunan tərəvəzin 70 faizə yaxını keçmiş DQMV-nin (7 min ton), 30 faizlik hissəsi isə ətraf rayonların payına düşüb. 2019-cu ilin göstəricilərinə görə, ölkədə tərəvəz məhsulları istehsalı 1 milyon 715 min tona yüksəlib.

Xiyar sahəsi
Xiyar sahəsi

Bostan məhsullarına gəlincə, 1987-ci ildə ölkə üzrə istehsal olunan 69 min ton məhsulun cəmi 1 min 800 tonu, yəni 2,6 faizi bu ərazilərin payına düşüb. Həmin məhsulun 450 tonu keçmiş muxtar vilayət ərazisində, 1 min 350 tonu isə ətraf rayonlarda istehsal edilib. Bostan məhsullarının istehsalı da, 1987-2019-cu illərdə 69 min tondan 447 min tona yüksəlib.

Bölgədə yetişdirilən daha bir bitki tütün olub. 1987-ci ildə bütün ölkə üzrə yetişdirilən 64 min 800 ton tütünün təxminən 8 faizi (5 min 148 ton) bu ərazidə yetişdirilib. Tütün istehsalı baxımından lider rayonlar Qubadlı və Zəngilan olub. Daha bir diqqətçəkən məqam odur ki, həmin illər ərzində ölkədə tütün istehsalı 10 dəfəyədək azalıb və 2019-cu ildə 6 min tona enib. Bölgə 1987-ci ildə ölkədə istehsal edilən pambığın 2,7 faizini, kartofunsa 0,7 faizini yetişdirib.

XS
SM
MD
LG