Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:34

'Bravo'ya silahlı basqına görə ömürlük həbs istəndi


Məhkəmədə
Məhkəmədə

Paytaxtın Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücumla bağlı məhkəmə araşdırması yekunlaşıb.

Hadisədə bir nəfər ölmüş, daha biri də yaralanmışdı. Məhkəmə araşdırması 9 ay sürüb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror hadisəni törətməkdə ittiham edilənlərdən birinə - Dəyanət Qüdrətova ömürlük həbs cəzası istəyib.

Prokuror cinayətin təşkilinə yardım etməkdə təqsirləndirilən daha 3 nəfərə - Azər Məmmədov, Səbuhi Qurbanovİbrahim İbrahimovun hər birininsə 20 il həbs olunmasını təklif edib.

Təqsirləndirilən şəxslər arasında cinayəti törətməkdə ittiham olunan, saxlanılarkən öldürülən Ruhlan İsmayılovun atası Rövşən İsmayılov və qohumu Babək İsgəndərov da var. Onlara qanunsuz silah əldə etməklə bağlı ittiham verilib.

Prokuror R.İsmayılova - 7, B.İsgəndərova - 6 il cəza verilməsini, onların məhkəmə zalındaca həbs edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin çoxu onlara verilmiş qəsdən adam öldürmə, quldurluq kimi ağır ittihamları qəbul etmir.

Onlardan biri - Azər Məmmədov deyir ki, onun nə silahlı basqına aidiyyəti var, nə də cibində narkotik olub. Onun sözlərinə görə, Ruhlanla bir müddət birlikdə işləyiblər. Cinayətdən xəbərsiz olduğunu söyləyən A.Məmmədovun sözlərinə görə, hadisə günü Ruhlan ona zəng edərək zəhərləndiyini bildirib və gəlib onu aparmasını istəyib:

"Mən də gedib, onu evindən götürüb-aparıb dediyi yerdə düşürmüşəm. Hardan bilim ki, bu, belə bir cinayət törədib?!".

O danışır ki, bundan bir neçə saat sonra polislər zəng edib, yerini soruşublar və ardından gəlib iş yerindən aparıblar:

"Məni "bandotdel"ə apardılar, orada əvvəl cibimə narkotik atdılar, belə rəsmiləşdirdilər. Sonra işgəncə ilə "Bravo" işinə caladılar".

“Mənə dedi ki, basqın eləyəcək”

İyunun 12-də məhkəmədə onun vəkili Pərviz Məmmədov da müvəkkilinə verilən narkotik ittihamının əsassız olduğunu vurğulayaraq, xitam verilməsini istəyib. Vəkil deyir ki, müvəkkili martın 4-də saxlanılıb, amma 17-sinədək onun yeri barədə ailəsinə, müdafiəçisinə heç bir məlumat verilməyib:

"O bu müddətdə işgəncə altında olub".

Digər təqsirləndirilən İbrahim İbrahimov Ruhlanın onun evinə silah gətirib qoyduğunu təsdiqləsə də, "Bravo"ya silahlı basqına aidiyyəti olmadığını deyir:

"Mən bu cinayətin törədilməsində iştirak eləməmişəm. Xahiş edirəm, mənə verilən ittiham cinayəti bilib xəbər verilməməyə tövsif olunsun".

Hakim kimin nədə təqsirli olması, hansı ittihama xitam verilməsi kimi məsələlərlə bağlı hökm çıxaranda qərar qəbul edəcəklərini söyləyib.

Silahlı hücuma iki nəfər qatılıb. Bu, yayılan videoda da görünür. Görüntülərdəki iki nəfərdən biri R.İsmayılov, digəri isə prokurorun ömürlük cəza tələb etdiyi D.Qüdrətovdur.

D.Qüdrətov özünü qismən təqsirli bilir və deyir ki, Ruhlanın basqısıyla bu cinayətdə iştiraka razılıq verib:

"Ruhlan silahı öz adına ala bilmirdi, çünki psixiatriya xəstəxanasında yatmışdı. Mənim adıma almağı təklif elədi. Razılaşdım. Mağazadan silah aldıq. Bir ay keçdi, Ruhlan dedi ki, basqın eləyəcək. Əvvəl razılaşmadım. Məni hədələdi..."

İyulun 3-də təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, ardından da özləri son sözlərini deyəcəklər. Daha sonra hökm oxunacaq.

Xatırlatma

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücum ötən il martın 4-də günorta saat 12 radələrində baş verib. Nəticədə hipermarketin girişində bankomata pul yükləyən inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şaydayev isə yaralanıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda iddia olunur ki, cinayəti törətməkdə suçlanan Ruhlan İsmayılov saat 21 radələrində olduğu evdə saxlanılarkən, polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Həmin evdə yaşayan İsmayıl Hacızadə də o gün həbs olunub. Ona qarşı narkotik ittihamı irəli sürülüb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca mühakimə olunub və 3 il həbs cəzası alıb. İ.Hacızadə bildirib ki, narkotik ittihamı əsassızdır, heç vaxt uyuşdurucu istifadəçisi olmayıb.

Homoseksual olduğunu deyən İsmayılın sözlərinə görə, Ruhlanla öncədən münasibətləri vardı. Hadisə günü günortadan sonra onun evinə gəlmişdi:

“Mən hardan bilim ki, bu, belə bir hadisə törədib. Axşam qapı döyüldü, mən açdım. Qapını açan kimi də bilmədim nə baş verir. Güllələr başımın üstündə uçurdu. Heç Ruhlanın da necə öldürüldüyünü görmədim. Məni də sürüyə-sürüyə apardılar...”

XS
SM
MD
LG