Britaniyada müxalifət sentyabrın 3-də, yay tətilindən sonra parlamentin ilk iş günündə qanun layihəsi təqdim etmək niyyətindədir.
Bu qanundan məqsəd ölkənin Avropa İttifaqından heç bir saziş olmadan çıxışının qarısını almaqdır.
Britaniyanın Avropa İttifaqından ayrılmasının və ya Breksitdən narazı olan müxalif leyboristlər və başqa müxalifət partiyalarının nümayəndələri bu qanun layihəsinin hakim Mühafizəkarlar Partiyası üzvlərinin bir çoxunun dəstəkləyəcəyinə ümid bəsləyirlər.
Mühafizəkarların bir qismi baş nazir Boris Johnson-un Breksit siyasətini dəstəkləmir.
Müxalifətin planına görə bu qanun sentyabrın 3-də və ya 4-də qəbul edilə bilər.
“Sazişsiz Breksit” əleydarları çevik hərəkət etməlidrlər, çünki bir neçə gündən sonra parlamentin sessiyası başa çatacaq və növbəti sessiya yalnız oktyabrın ortalarında olacaq.
Leyboristlərin lideri Jeremy Corbyn-in hazırkı hökumətə etimad məsələsini irəli sürüb-sürməyəcəyi hələlik bilinmir.
Əksər müxalifət nümayəndələri bildirirlər ki, hazırda “sazişsiz Breksiti” dayandırmaq, Johnson-un hökumətinə qarşı çıxış etməkdən daha mühümdür.
Media xəbərlərində deyilir ki, baş nazir sentyabrın 2-də hökumət kabinetinin iclasını keçirməyi planlaşdırır.
Britaniyanın siyasi şərhçiləri qeyd edirlər ki, onlar baş nazir Boris Johnson-un parlamentdə “sazişsiz Breksit” məsələsində məğlub olmazdan əvvəl erkən seçki elan etməsini istisna etmirlər.
Son rəy sorğularına görə sərt siyasi xəttinə baxmayaraq baş nazir ölkənin ən populyar siyasətçisi olaraq qalır.
Boris Johnson iyun ayında mühafizəkarların lideri seçilib və bu ona baş nazir olmaq imkanı verib.
O bəyan edib ki, Britaniya Brüssellə sazişin əldə olunub-olunmamasından asılı olmayaraq Avropa İttifaqını oktyabrın 31-də tərk edəcək.
Lakin parlamentin aşağı palatası – İcmalar Palatası üzvlərinin əksəriyyəti Avropa İttifaqından razılaşmasız çıxmağın əlehyhinədirlər.