Britaniyanın baş naziri Theresa May Brüsselə təklif edib ki, onun ölkəsi Avropa İttifaqını (Aİ) tərk etdikdən sonra ona iki illik keçid dövrü verilsin.
Baş nazir bu müddət ərzində Birləşmiş Krallığın ittifaqın indiki büdcəsi üzrə bütün öhdəliklərinə əməl edəcəyini vəd edir.
May sentyabrın 22-də İtaliyanın Florensiya şəhərində etdiyi çıxışda deyib ki, Britaniyaya bu keçid müddəti ərazində vahid Avropa bazarına girişi saxlamaq lazımdır.
O bunu da qeyd edib ki, bu halda Aİ-nin başqa üzvləri əlavə vəsait ödəməli olmazlar.
Theresa May deyib ki, keçid dövrü ərzində adamlar kənardan gəlib Britaniyada işləyə biləcəklər, amma onlar yeni rejimə hazırlıq çərçivəsində qeydiyyatdan keçməli olacaqlar.
May əlavə edib ki, London Aİ-dən çıxmaq və ya Brexit haqqını ödəməyə hazırdır və bu istiqamətdə bütün maliyyə öhdəliklərinə əməl edəcək.
Bundan əvvəl Britaniyanın Aİ-dən çıxmasına dair London-Brüssel danışıqları dalana dirənib.
Başlıca fikir ixtilafı Britaniyanın ödəməli olduğu “çıxış haqqı” ətrafındadır.
Britaniyada 2016-cı ildə Avropa İttifaqı üzvlüyünə dair keçirilmiş referendundan vaxt keçdikcə ictimaiyyət arasında Brexit-ə dəstək azalır. Bəzi siyasətçilər hətta ikinci referendumun keçirilməsinə çağırırlar. Lakin “qatı brexitçilər” ölkənin iqtisadiyyata zərbə hesabına olsa belə ittifaqı dərhal və qeyd-şərtsiz tərk etməin tərəfdarıdırlar.
Britaniyanın Aİ-dən çıxmasına xüsusi dəstək verən Telegraph qəzeti Theresa May-in Florensiya bəyanatını “Brexit-ə növbəti xəyanət” adlandırıb.