Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:20

Rabitə işçisi: 'Hara deyiblər, ora da qol çəkmişəm'


Arxiv fotosu
Arxiv fotosu

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidovla qovşağın baş mühasibi işləmiş Rəşad Məmmədovun məhkəməsi başlanıb.

"Xərclərin şişirdilməsi barədə göstəriş nazirlikdən gəlmişdi"

Ötən ilin oktyabrında keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən məlum hadisələrdən sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində və bu quruma tabe strukturlarda da bir neçə vəzifəli şəxs həbs olundu və nazir Əli Abbasov vəzifəsindən azad edildi. Həbs olunanlardan ikisinin - Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidovla qovşağın baş mühasibi işləmiş Rəşad Məmmədovun məhkəməsi başlanıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax: «MTN işi» ilə bağlı həbs olunanların sayı 15-ə çatıb

Sentyabrın 29-da keçirilən məhkəmə iclasında prokuror ittiham aktını açıqlayıb. Məlum olub ki, Fətullah Seyidov və Rəşad Məmmədov CM-in 179-cu (mənimsəmə və ya israfetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə suçlanırlar. İttihama görə, onlar dövlət büdcəsindən ayrılmış vəsaiti mənimsəyib, qovşağın tabeliyindəki müəssisələrdə təmir xərclərin şişirdib, tenderlərdə özlərinə yaxın adamların şirkətlərini qalib elan ediblər. Təmir-tikinti materiallarına, avadanlığa təxminən 3 milyon, işlərin görülməsinə isə təxminən 12 milyon sərf olunsa da, xərclənmiş ümumi məbləğ 16 milyon 853 min manat göstərilib.

Fətullah Seyidov və Rəşad Məmmədov ittihama münasibət bildirərkən, özlərini qismən təqsirli sayaraq, ardınca ifadə veriblər.

"Hara deyiblər, ora da qol çəkmişəm"

Fətullah Seyidov deyir ki, ondan işləri necə tələb ediblərsə, o cür də yerinə yetirib. O, ittihamda göstərilən məbləğin mənimsənilməsi barədə yazılanlarla razılaşmasa da, həmin məbləği ödədiyini vurğulayıb. Dediyinə görə, bundan ötrü atasından qalan mülkləri satıb. F. Seyidov səhhətində ciddi problemlər olduğunu, ürək xəstəliyindən əziyyət çəkdiyini də bildirib.

Buna da bax: Rabitə Nazirliyində 10 nəfər tutulub- [rəsmi]

Özünü nədə təqsirli bilməsinə gəlincə, Fətullah Seyidov deyib ki, tapşırıq verilən sənədlərə qol çəkib: "İşə götürüləndə necə deyilibsə, elə də işləmişəm. Hara deyiblərsə, ora da qol çəkmişəm. Buna görə özümü təqsirli bilirəm".

Dindirmə zamanı hakim F. Seyidovdan Bakı Telefon Rabitə İstehsalat Birliyinin direktoru olmuş Beytulla Hüseynov və onun yaxınlarına məxsus şirkətlərin tenderlərdə necə qalib olduğunu soruşsa da, o bu suala cavab verə bilməyəcəyini söyləyib.

"Bayramlarda 100-200 manat pul almışam"

Digər təqsirləndirilən Rəşad Məmmədov bu barədə danışarkən, tenderlərdə qalib gələn şirkətlərin kimlərə məxsus olmasını əvvəlcədən bilmədiyini, sonra öyrəndiyini deyib:

"Bizim idarəyə yalnız Bakı Telefon Rabitə İstehsalat Birliyinə müraciət edib, razılıq alandan sonra pul ayrılırdı. Mən baş mühasib kimi, tələb olunan sənədləri imzalamışam. Buna görə özümü qismən təqsirli bilirəm. Amma ittiham aktında göstərildiyi qədər pul almamışam. Olub ki, bayramlarda rəis mükafat kimi, 100-200 manat pul verib".

Buna da bax: Nazir həbsləri etiraf etdi

"Eləməsəydim, işsiz qalacaqdım"

Məhkəmə şahidlərdən "Bakı Rabitə Təmir Tikinti" MMC-nin iş icraçısı Nəriman Hacıyevin də ifadəsini dinləyib. Şirkətə hazırda həbsdə olan Bayram Vəliyevin rəhbərlik etdiyini deyən şahid saxta sənədləri rəhbərliyin göstərişi ilə imzaladığını etiraf edib:

"Ya ac qalmalı idim, ya da imzalamalı idim”

Şirkətin baş mühasibi Elçin Musayev də görülən işlərə ayrılan vəsaitin bilərəkdən şişirdildiyini təsdiqləyib və həmin sənədləri imzalamasının səbəbini belə izah edib: "Deyirdilər, "qol çək", mən də çəkirdim. Ailəm var, eləməsəydim, işsiz qalacaqdım".

"Xərclər 20-25 faiz şişirdilib"

Hazırda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Beytulla Hüseynov da məhkəmədə şahid qismində dindirilib. O, BTRİB-in rayonlardakı qovşaqlarında görülən təmir-tikinti işlərinə ayrılan xərclərin 20-25 faiz şişirdildiyini təsdiqləyib və bu göstərişin Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən gəldiyini vurğulayıb: "Göstəriş vardı ki, xərclər 23 faiz artıq hesablansın".

Buna da bax: MTN "işi"nin bir ucu Rabitə Nazirliyinə gedir

Mühasib və digər şəxlərə paket şəklində maaşdan əlavə pul verildiyini təsdiqləyən Beytulla Hüseynov əlavə edib ki, bütün Azərbaycanda dövlət orqanları bu cür işləyir.

"Göstərişi mən vermişəm"

"20-25 faiz dərəcəsi barədə şəxsən mən göstəriş vermişəm. Məndən də belə tələb olunub. Müəssisələrdən alınan 20-25 faiz pullardan qovşaq rəislərinin və mühasiblərin xəbəri olmayıb. Təmir-tikinti işlərini görən şirkətlərdən alınan pullar BTRİB-lə işi görən müəssisələr arasında olurdu. Mühasiblərsə, sadəcə, göndərilən sənədlərə qol çəkirdilər. Onların sənədlərə qol çəkməməsi mümkün deyildi. Etiraz edə də bilməzdilər. Hər hansı bir yolla onların haqqında tədbir görülərdi. 3 gün mühasib işləyən şəxsin belə səhvi olur. Bu səhvlərdən istifadə edərək həmin mühasibləri cəzalandırmaq olardı. Buna görə də heç kim işinə etiraz etmirdi”, - bunu isə başqa bir şahid - BTRİB-in keçmiş baş mühasibi Anar Mustafayev deyib.

Buna da bax: "Eldar Mahmudovun evində axtarış: kilolarla brilyant..."

"Bakı Rabitə Təmir Tikinti” MMC-nin rəhbəri olmuş Bayram Vəliyev istintaqa ifadəsini təsdiqləyib və məhkəmədə əlavə ifadə vermək istəmədiyini bildirib.

Bu iş üzrə məhkəmə oktyabrın 6-da davam etdiriləcək.

XS
SM
MD
LG