Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:57

‘Bakı-Sumqayıt marşrutunda illərdir özbaşınalıqdır’ [qəzaya reaksiyalar]


Qəza yerindən görüntü. 09Mart2017
Qəza yerindən görüntü. 09Mart2017

“Bakı-Sumqayıt marşrutu ilə sərnişin daşıyan əksər nəqliyyat vasitələri əslində, yük maşınlarıdır. Maşınların konstruksiyaları dəyişdirilib. Həmin maşınların şəhadətnamələrində yük avtomobili yazılsa da, sərnişin daşıyırlar”.

Bu gün, martın 9-da Bakı-Sumqayıt yolunda baş vermiş ağır qəzanın səbəblərini şərh edərkən ekspert Ərşad Hüseynov belə deyib.

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında 5 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb. Sözügedən qəza Bakı-Sumqayıt marşrutunda xidmətlə bağlı geniş ictimai müzakirələrə səbəb olub.

Buna da bax:​ Qəza törədən avtobus qanunsuz işləyirmiş? [yenilənib]

Bakı-Sumqayıt marşrutundakı maşınların əksəriyyəti dəyişdirilib

Ə.Hüseynov diqqəti Bakı-Sumqayıt marşrutunda istifadə olunan nəqliyyat vasitələrinin standartlardan kənar olmasına çəkib. O deyib ki, yük maşınlarının konfiqurasiyaları dəyişdirilərək, sərnişin daşınır.

Üstəlik, sərnişinlərin daşımasından ötrü nəzərdə tutulan avtomobillərin konstruksiyalarına da “əl gəzdirilib”.

Ərşad Hüseynov
Ərşad Hüseynov

“Zavod həmin maşınların əksəriyyətini 13-15 nəfərin daşınmasından ötrü istehsal edib. Ancaq hazırda istifadə edilən maşınlarda bu göstəricilər dəyişdirilib. Həmin maşınlarla azı 18-20 sərnişin daşınır. Konstruksiya dəyişikliyi qəzalar zamanı ölü və yaralı sayının daha da artmasını şərtləndirir”, deyən ekspertə görə, mikroavtobuslarda yer tutumu istehsalçının müəyyən etdiyi sayda olmalı, oturacaqlar təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Buna da bax:​ Bakı-Sumqayıt marşrutu bahalaşdı

Bu marşrutda illərdir ki. özbaşınalıq hökm sürür

Ə.Hüseynov Bakı Sumqayıt marşrutunda illərdir ki, özbaşınalığın hökm sürdüyünü ifadə edib.

“İllərdir ki, bu istiqamətdə özbaşınalıq davam edir, buna göz yumulur. Nəqliyyat Nazirliyi vaxtilə buna nəzarət etməli idi. Çünki bu tipli daşımalara görə məsul olan qurum Nəqliyyat Nazirliyidir. Polisin bütün xidmətləri də bu sahədəki özbaşınalığın cilovlanmasından ötrü çalışmalıdır”.

Ekspert qəza zamanı yol hərəkəti qaydalarına əməl edilib-edilməməsinə də toxunub. Onun deməsinə görə, qəzanın videogörüntülərindən bəlli olur ki, hadisə qəzaya uğrayan mikroavtobusun sağdan ötmə manevri edərkən baş verib.

“Ötmə manevrinin qaydaları “Yol hərəkəti haqqında” qanunun 51-ci maddəsində təsbit olunub. Ötmənin ən vacib qaydalarından biri sağdan ötmənin qadağan edilməsidir. Qanuna görə, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır”, ekspert bildirib.

Buna da bax:​ 9 ayda yol qəzalarında 571 nəfər ölüb

Bakı-Sumqayıt yolundakı qəza siyasilərin, ictimai xadimlərin də müzakirə mövzusu olub.

Dövlət orqanları piyadalardan pul toplamaqla məşğuldur

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli özünün Facebook səhifəsində yazıb ki, hər ölkədə qəzalar olur. Ancaq Azərbaycanda qəzaların səbəbi də çox vaxt fərqli olur.

“Rəsmi məlumata görə, qəza törədən mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş. Birincisi, hamı bilir ki, bu ölkədə bütün qanunsuz fəaliyyətlərə yalnız rüşvət əvəzində göz yumulur. Əks halda heç kim qanunsuz fəaliyyət göstərə bilməz. İkincisi, adamı o yandırır ki, yol hərəkətinin təhlükəsizliyini təmin etməli olan nəhəng dövlət orqanları hazırda bununla deyil, müxtəlif bəhanələrlə sürücülərdən, hətta piyadalardan pul toplamaqla məşğuldur”, Əli Kərimli qeyd edib.

REAL Hərəkatinin icra katibi Natiq Cəfərli də AXCP sədri kimi qəzaların hər bir ölkədə baş verdiyini qeyd edib.

“Normal ölkələrdə hər böyük qəzadan sonra həm dövlət-hökumət qurumları, həm sivil toplum, həm mütəxəssislər günlərlə səbəbləri araşdırırlar, buna görə addımlar atılır. Bizdə hər sahədə ancaq nəticələr müzakirə olunur, səbəblər araşdırılmır. Yəni, anormal sistemli ölkələrdə isə həmişə səbəblər kənarda qalır, nəticələr haqqında 1-2 gün səs-küy olur, sonra hər şey növbəti faciələrə qədər unudulur”.

Buna da bax: Yol qəzasında ölənlərin sayı 5-ə çatıb [Video]

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə vurğulayıb ki, dəhşətli avtoqəzanın məsuliyyəti birbaşa hakimiyyətin üstündədir.

“Sərnişindaşımada qaça-qaç, qovhaqov, müştəri uğrunda düşük, utandırıcı yarışmalar, yalnız mümkün qədər çox müştəri "tutmaq" prinsipinə əsaslanan xidmətin müəllifi bu korrupsiyaçı hakimiyyətdir”, T.Yaqublu qeyd edib.

Xatırlatma

Bu gün, martın 9-u Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Nəticədə 5 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb.

Mikroavtobusda 28 nəfər şəxs olub. Onlardan 3-nün xəsarəti yüngül olduğundan evə buraxılıb. Qalanları isə xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti orta-ağır dəyərləndirilir.

Buna da bax:​ Bakıda zəncirvari qəza olub

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində faktla bağlı cinayət işi açılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Onun istintaqa verdiyi ifadədə qəzanı hansı səbəblə izah etdiyi, hələlik, ictimaiyyətə bəlli deyil.

XS
SM
MD
LG