Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:12

Deputatlar hələ büdcə layihəsinin üzünü görməyib


Azərbaycan parlamentinin binası
Azərbaycan parlamentinin binası

Büdcə təqviminə görə, dövlət büdcəsinin layihəsi oktyabrın 15-dək Milli Məclisə təqdim edilməliydi, ancaq deputatlar hələ sənədin üzünü də görməyiblər.

Milli Məclisin üzvü Əli Məsimli deyir ki, layihə bu həftə parlamentdə olmalıydı, amma olmadı: “Yəqin gələn həftə göndərəcəklər. Mən də təəccüblənirəm ki, niyə büdcə ötən həftə təqdim edilmədi”.

“İclaslar, adətən, 3 gün keçirilir”

Onun fikrincə, büdcə əvvəlcə komitələrdə dartışılacağından, düşünmək olar ki, noyabrın 21-indən parlament müzakirəsi başlanacaq. “Əsas müzakirələrin başlamasıdır. Plenar iclaslar, adətən, ard-arda 3 gün keçirilir”.

Buna da bax:​ Gələn ilin dövlət büdcəsinin fərqlənməyən bir özəlliyi var...

Keçmiş büdcə müzakirələri nəzərə alınsa, dünya parlamentləri arasında ən sürətli büdcə müzakirələrinin Azərbaycanda keçirilməsi fikri çox da etiraz doğurmaz. Büdcəni təsdiqləmək üçün deputatların dekabrın 20-dək vaxtı olsa da, layihə Milli Məclisdə cəmi 3 gün müzakirə edilir. Beləcə, Beynəlxalq Valyuta Fondunun parlamentin büdcə səlahiyyətləri indeksinin 5 əsas meyarından biri - müddət meyarı gözardı edilir.

Parlament büdcə layihəsinin hazırlanmasında iştirak etmir

Azərbaycanda büdcə prosesinin tədqiqi göstərir ki, qanunverici hakimiyyətin büdcə qərarlarına real təsiri elə də çox deyil. Qüvvədə olan qanunvericilikdə növbəti ilin büdcə layihəsinin hazırlanmasında parlamentin iştirakı nəzərdə tutulmur. Həmin layihənin hazırlanması təxminən 9 aylıq bir dövrü əhatə edir (yanvarın sonuncu ongünlüyündən sentyabrın 25-dək). Parlament büdcə proseslərinə yalnız bu mərhələdən sonra - büdcə layihəsinin parlament müzakirələri dövründə qoşula bilər. Prosesin əvvəlki mərhələlərinə hər hansı bir formada qatıla bilməməsi və büdcə qanunu ilə birgə müzakirəyə təqdim edilən sənədlərin irihəcmli olması, eləcə də müzakirələrə qanunvericilikdə cəmi 2 ay vaxtın nəzərdə tutulması deputatların büdcə sənədləri ilə dolğun tanışlıq imkanlarını xeyli azaldır.

Buna da bax: Ekspert: 'Gələn ilə çox qənaətcil büdcə gözlənilir'

“Ayrıca prosedur yoxdur”

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, mövcud qanunvericilikdə dövlət büdcəsi layihəsinin parlament müzakirələrinin xüsusi proseduru nəzərdə tutulmayıb: “Belə müzakirələr bütün qanun layihələri üçün nəzərdə tutulan vahid prosedurlar çərçivəsində aparılır. Halbuki dünyanın əksər ölkələrində büdcə layihəsinin parlament müzakirələrinin xüsusi prosedurları işlənib və qanunvericilik qaydasında təsdiq olunub”.

“Parlament iştirakçılığının təmin olunmasına ehtiyac var”

Rövşən Ağayevin fikrincə, Azərbaycan parlamentində büdcə müzakirələrinin səmərəsini artırmaqdan ötrü layihənin hazırlanma mərhələsində parlament iştirakçılığının təmin olunmasına ehtiyac var:

“Bu, ən azından, parlament üzvlərinin öz seçicilərinin ehtiyaclarını büdcənin tərtibinə məsul olan icra orqanlarına çatdırmaq baxımından önəmlidir. Büdcə layihəsinin, ən geci, oktyabrın 1-də parlamentə təqdim olunmasına ehtiyac var. Bu, büdcənin qanunverici orqanda daha ətraflı öyrənilməsinə, təsdiqlənmiş büdcənin icrasına daha effektiv nəzarətin təmin edilməsinə töhfə olar”.

İqtisadçı ekspert Qubad İbadoğlu parlamentdə büdcə müzakirələrinin müddəti ilə bağlı müxtəlif yanaşmalara diqqət çəkir: “Bəzi ölkələrdə müzakirələr iyulda, bəzilərində isə avqustda başlanır və dekabrın sonunadək davam edir”.

Buna da bax:​ Büdcə kəsiri yarım milyarddan çox olub

“Öncə ictimai dinləmə keçirilməlidir”

Qubad İbadoğlu müzakirələri daha səmərəli etmək üçün ayrı-ayrı oxunuşların reqlamentləşdirilməsini önəmli sayır: “Məsələn, birinci oxunuş xüsusi əhəmiyyətli olduğu üçün daha çox vaxt ayrılır. Gürcüstan, Rusiya və Qırğızıstanda bu proses bir neçə ay davam edir. Hətta büdcənin komitələrdə müzakirəsi də reqlamentləşdirilməlidir”.

Ekspert büdcənin parlament müzakirəsindən öncə ictimai dinləmə keçirilməsini də çox vacib hesab edir.

XS
SM
MD
LG