Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:49

Planetə 'kömək edən' burger


Burger
Burger

Şef-aşpaz Rob Morasco ətraf mühitə ziyan vurmayan burger hazırlamağı qarşısına məqsəd qoymayıb. Ancaq şefin «Sodexo» qida şirkətində hazırladığı, 25 faizi göbələkdən ibarət burgerin təkcə karbon izi aşağı deyil, həm də daha az kalorili, daha az yağlı və daha az duzludur.

Bu yeni burger həm də daha suludur.

«Onu dişləyəndə möhtəşəm dad hiss edirsiniz. Özü də göbələyin dadını hiss etmirsiniz», - Morasco deyir.

Üstəlik, göbələk ətdən ucuz olduğuna görə şef Morasco müştərilərin antibiotiksiz və hormonsuz burger tələbini də uğurla cavablayır və bu zaman qiyməti qaldırmağa məcbur olmur.

Göbələklə qarışıq burgerlər həm aşpazların, həm də ətraf mühit tərəfdarlarının diqqətini cəlb edib. Martda «Sonic Drive-In» fastfud restoranı bu burgerləri müştərilərinə təklif edən ilk restoran olub.

2 milyon avtomobil

Dünya Resurs İnstitutunun (WRI) məlumatına görə, amerikalılar hər il 10 milyardadək hamburger istehlak edirlər. Bu burgerlərin hamısının planetin ekologiyasına təsiri var.

«Mal əti, adətən, yediyimiz qidalar arasında ən çox resurs tələb edən qidadır», – WRI-ın nümayəndəsi Richard Waite of deyib.

«Mal əti amerikalıların gündəlik qida rasionunun yaratdığı istixana qazlarının yarısına cavabdehdir. İnəklər hər hansı digər zülal mənbəyindən qat-qat daha çox qida, torpaq və su tələb edir», – deyə o əlavə edib.

WRI-ın hesablamalarına görə, Amerikada yeyilən hər burger göbələklə qarışdırılsaydı, havaya daha az istixana qazlarının buraxılması yollardan 2 milyon avtomobilin yığışdırılması ilə müqayisə oluna bilərdi. Bu zaman o qədər suya qənaət olunardı ki, Amerikada 3 milyona qədər evi bir il ərzində su ilə təmin etmək olardı. Ferma torpağına tələbat o qədər azalardı ki, Merilend ştatının ərazisindən böyük torpaq sahəsinə qənaət olunardı.

Ətyeyənlər üçün

Qarışıq burgerlər Amerika Kulinariya İnstitutu və Harvard Universitetinin T.H.Çan İctimai Səhiyyə Məktəbinin «Dəyişiklik menyuları» adlı birgə layihəsinin bir hissəsidir. Bu layihə qida sahəsində fəaliyyət göstərən aşpazları hazırladıqları yeməkləri daha sağlam və ekoloji baxımdan dayanıqlı etməyə həvəsləndirir.

Sağlamlıq və ətraf mühitlə bağlı narahatlıq artdıqca, ətsiz yeməklərə tələbat da artır. Artıq paxladan, soyadan, hətta çuğundurla qarışıq olduğuna görə «qanlı» görünən tərəvəz burgeri də mövcuddur.

Ancaq bu bazar məhduddur.

«Tərəvəz burgerləri, bir qayda olaraq, özlərini vegetarian və ya veqan sayan, yaxud da daha az ət yemək istəyən insanlar üçün nəzərdə tutulub», – Waite deyib.

Ancaq o əlavə edib ki, digər tərəfdən, qarışıq burgerlər əsl ətyeyənlər, əti həqiqətən çox sevənlər üçündür. «Bu məhsul potensial olaraq həm geniş kütlənin bəyənə biləcəyi taam ola, həm də ətraf mühitə yetərincə böyük fayda verə bilər», – deyə o əlavə edib.

Aşpazlar deyirlər ki, göbələk suyu tutub saxladığına görə burgerin bişdiyi zaman daha sulu qalmasına imkan verir.

«Sonic Drive-In»in «Signature Slinger» adı ilə satılan yeni qarışıq burgerlərinin reklamlarında, əsasən, onların sulu və daha az kalorili olması qabardılır.

«Bir şeyin sağlamlığınıza daha faydalı olduğundan danışırsınızsa, ilk öncə dadı ortaya qoymalısınız», – «Sonic Drive-In»in innovasiya və inkişaf üzrə vitse-prezidenti Scott Uehlein deyir.

Şirkət qarışıq burgerləri iki ay ərzində sınaqdan keçirir. Bu işin potensialı isə təkcə burgerlə məhdudlaşmır. Artıq 400-dək kafeteriya, universitet və xəstəxana təkcə burger yox, lazanya, çili, küftə və başqa yeməklər hazırlanmasında «Sodexo»nun qarışıq mal ətindən yararlanmağa başlayıb. Şirkət 30 populyar resepti dəyişdirərək hazırladığı göbələk qarışımına uyğunlaşdırıb.

XS
SM
MD
LG