Yaralılara quduzluğa qarşı vaksinlər vurulub
Astara Rayon Mərkəzi Xəstəxanasından bildirirlər ki, canavar basqını zamanı xəsarət alan yaralılar əməliyyat edilib.
«Yaraları tikilib və onlara quduzluq əleyhinə vaksinlər vurulub. Onların vəziyyəti orta-ağır sayılır», - deyə xəstəxanadan qeyd ediblər.
+++
Şüvi və Züngüləş kəndləri dağ yamacında, meşəyə yaxın yerlərdə yerləşirlər. Amma kənd sakinlərinin AzadlıqRadiosu-na bildirməsinə görə, bu vaxta qədər canavarın kəndlərdə insanlara basqın etməsi hallı baş verməyib. Onlar indi basqın edən canavarın quduz olacağından narahatdırlar.
Yerli sakinlər həmçinin deyiblər ki, insanlara basqın edən canavar artıq zərərsizləşdirilib.
+++
Noyabrın 29-da səhər saat 8 radələrində Astara rayonunun Şüvi kəndində canavar məktəbə gedən şagirdlərə və kənd sakinlərinə hücum edib.
Rayon sakinlərinin AzadlıqRadiosuna bildirdiklərinə görə, canavar basqını ilə bağlı bir yox, bir neçə hadisə baş verib. Ovçuların artıq həmin canavarları zərərsizləşdirməkdən ötrü səfərbər edildiyi də söylənir.
AZƏRTAC-ın xəbərinə görə isə, canavar hücumunda üçü məktəbli olmaqla, yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanası-na çatdırılıblar.
Xəbərdə qeyd edilir ki, Şüvi kənd sakini 25 yaşlı Jalə Firudinzadə 1-ci sinifdə oxuyan oğlu Rəvan Abdullayevi səhər saatlarında məktəbə apararkən yolda canavarın hücumuna məruz qalıb. Ana oğlunu qoruya bilsə də, əlindən və sifət nahiyəsindən yaralanıb.
Kənd sakinləri, 9-cu sinif şagirdi Rafiq Baxşıyev və 5-ci sinif şagirdi Lalə Əşrəfova da məktəbə getdiyi zaman canavar onlara hücum edib.
Şüvi kənd sakini, 43 yaşlı Malik Ağayev isə səhər saatlarında tövləyə girmiş canavarın hücumuna məruz qalıb.
Canavar Şüvi kənd ərazi icra nümayəndəliyində yerləşən Sekəşan kəndində də 1993-cü il təvəllüdlü Günəş Şahmuradovaya müxtəlif bədən xəsarətləri yetirib.
Şüvi kənd bələdiyyəsinin sədri Mail Muradovun verdiyi məlumata görə, canavarlar qonşu kəndlərdə də sakinlərə ziyan vurub.
«Züngüləş kənd sakinləri - 1978-ci il təvəllüdlü Tofiq Əsgərov və 2009-cu il təvəllüdlü Şənlik Rəcəbov da canavarın hücumuna məruz qalıb», - deyə icra nümayəndəsi vurğulayıb.