Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

Aprel hadisələrində 6 mülki şəxs həlak olub


Ağdamdan son görüntülər
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Ağdamda dağıntılar

-

«Aprel ayında cəbhə bölgəsində baş verən hadisələr zamanı 6 mülki şəxs həyatını itirib».

Bu haqda Baş Prokurorluğun İstintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov məlumat verib.

Parlamentdə «Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri» mövzusunda keçirilən dinləmələrdə çıxış edən N.Abbasov bildirib ki, ümumilikdə 641 yaşayış evi dağılıb.

APA-nın xəbərinə görə, idarə rəisi Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozduğunu vurğulayıb:

«Mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb. 6 nəfərin ölümünə yaşayış məntəqələrinə atılmış mərmilərin qəlpələri səbəb olub. Sübutların toplanması istiqamətində işlər həyata keçirilir».

296 ŞƏXS AXTARILIR

Hərbi prokurorun köməkçisi Səfər Əhmədov isə 1988-ci ildən başlayaraq hərbi cinayətlərin cilovlanması yönündə görülən işlərdən danışıb. Onun dediyinə görə, həmin dövrdən bu yana 296 təqsirləndirilən şəxsin məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb. Ancaq cəlbetmə olmayıb. Onlar Ermənistan vətəndaşları və Dağlıq Qarabağın separatçılarıdır.

S.Əhmədov aprel hadisələrində Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçuların meyitlərinin təhqir edildiyini bildirib.

«Bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib. Bunlarla bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq aparılır», - deyə hərbi prokurorun köməkçisi bildirib.

AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTLƏR GÖNDƏRİLİB

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov aprel hadisələrinin Avropa Məhkəməsinə daşındığını xəbər verib. Onun bildirdiyinə görə, vətəndaşlar baş verən cinayətlərlə bağlı ərizələrlə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

«Artıq aprel hadisələri ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə 2 şikayət göndərilib. Avropa Məhkəməsi bu şikayətlərə baxmağa qərar verib. Yaxın vaxtlarda şikayətlərlə bağlı kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq. Ermənistan tərəfdən isə 2 nəfər onların hərbçilərinin Azərbaycan əsgərləri tərəfindən guya təhqir olunması iddiası ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Araşdırma zamanı məlum olub ki, o erməni əsgərlərinin meyitləri işğal altındakı ərazilərdə tapılıb və Azərbaycan ordusunun nəzarətindəki ərazilərdə olmayıb».

Ç.Əsgərov deyib ki, Ermənistan ordusunun dağıtdığı evlərlə bağlı da Avropa Məhkəməsinə müraciətlər göndəriləcək.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

XS
SM
MD
LG