Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Rejissor Cəfər Pənahi zaminə buraxılıb


Cəfər Pənahi azadlıqda
Cəfər Pənahi azadlıqda

İranda hakimiyyət məşhur kino rejissoru Cəfər Pənahinin zaminə buraxılmasına icazə verib.

O 2010-cu ildə antihökumət etirazlarına dəstək verdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.

İran Kinematoqrafçılar İttifaqı bildirib ki, rejissoru onun ailəsinin, hüquqşünasların və kino işçilərinin birgə səyləri nəticəsində zaminə buraxdırmaq mümkün olub.

Bundan əvvəlki xəbərlərdə deyilirdi ki, Cəfər Pənahi İran təhlükəsizlik və ədliyyə aparatının qəddarlığına etiraz olaraq aclığa başladığını elan edib:

"Mən buradan azad olunanadək yeməkdən, sudan və dərmanlardan imtina edirəm. Mən, belə görünür ki, cansız cəsədim buradan çıxana qədər bunu davam etdirəcəyəm”.

Pənahinin bu bəyanatını onun xanımı Tahirə Səidi və oğlu Pənah Pənahi Instagram hesablarından yayıblar.

62 yaşlı rejissor bu ilin iyul ayında hakimiyyətin ölkəni bürüyən etiraz dalğasını zorakılıqla yatırmağa çalışdığı bir vaxtda həbs edilib.

Kinorejissor başqa həmkarları ilə yanaşı hakimiyyətin etirazçılara qəddar divan tutmasına qarşı səsini ucaltmışdı.

Həbs

Həbsindən bir neçə gün əvvəl Pənahi 300-dək İran kinematoqrafçısının açıq məktubuna imza atmışdı.

Həmin məktubda təhlükəsizlik qüvvələrinə silahı yerə qoymaq çağırışı edilir, hakimiyyətin korrupsiya, oğurluq, səriştəsizlik və repressiyaları kəskin tənqid olunurdu.

O vaxt adamlar Abadan şəhərində yaşayış binasının uçması nəticəsində 41 nəfərin ölümünə görə etiraz edirdilər.

Pənahi ötən ilin 11 iyulunda Tehranın Evin həbsxanasına rejissopr Məhəmməd Rasulofun vəziyyəti ilə maraqlanmağa gəlmişdi.

Onu buradaca həbs edərək, çəkilməyən cəza müddətinin qaldığını bildiriblər.

Az sonra sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orada vəfat etməsindən sonra daha böyük etiraz dalğası İran şəhərlərini bürümüşdü.

Əmininin ölümündən sonra bir neçə İran kinorejissoru və ictimai xadimi polisə çağırılıb və onların bəziləri, o cümlədən məşhur aktrisa Təranə Əlidostu həbs edilib.

İranda sentyabrın ortalarından başlanan etiraz aksiyalarından 500 nəfərdən çox ölən olub.

Cəfər Pənahinin həyatı və filmləri

Cəfər Pənahi 1960-cı ildə Şərqi Azərbaycan ostanının Miyanə şəhərində azərbaycanlı fəhlə ailəsində doğulub.

O kino sənətinə kiçik yaşlarından maraq göstərib.

Pənahi 20 yaşında İran ordusunda hərbi xidmətə çağırılıb. Bu 1980-1982-ci illərdə baş vermiş İran-İraq müharibəsi zamanı idi.

Pənahi hərbi xidmətini başa vurduqdan sonra Tehrandakı Kino və Televiziya Kollecinə daxil olub.

O İran dövlət televiziyasının 2-ci kanalı üçün qısametrajlı filmlər çəkirdi.

Pənahi həmin illərdə özünün “Yaralı başlar” adlı sənədli filmini çəkib. Bu filmdə İran Azərbaycanında məhərrəmlik aylarında keçirilən “sinədöymə” mərasimi tənqid olunurdu.

Rejissorun böyük yaradıcılıq yolu məhz bu filmlə başlayıb. O sonrakı illərdə onlarca maraqlı filmlər çəkib.

Pənahinin demək olar bütün filmlərinin ağır ictimai-siyasi yükü var.

O yaradıcılığı ilə yanaşı həm də fəal ictimai mövqe tutub.

Fəal ictimai mövqe

Cəfər Pənahi 2010-cu ildə “antihökumət fəaliyyəti” ittihamı ilə həbs edilib. Rejissor 2009-cu ilin ziddiyyətli prezident seçkisinin nəticələrinə etiraz edənlərin sırasında idi.

Pənahi 6 il müddətinə azadlıqdan məhrum edilib, habelə ona 20 il müddətində film çəkmək və müsahibələr vermək qadağan olunub.

Amma Pənahinin həbsi sonradan ev dustaqlığı ilə əvəz olunub. Bu ona həm də öz sənətini davam etdimək imkanı verirdi. Beləcə 2011-ci ildə “Bu film deyil” filmi çəkilib. Film Kann festivalında nümayiş etdirilib.

Bununla belə Pənahinin pasportu əlindən alınmışdı və ölkədən xaricə çıxa bilmirdi.

Lakin qadağanlara baxmayaraq Pənahi öz bağında “Bağlı pərdə” filmini çəkib.

Film 2013-cü ildə Berlinalenin “ən yaxşı ssenari” üçün “Gümüş ayı” mükafatını alıb. 2015-ci ildə onun “Taksi” filmi artıq Berlin festivalının “Qızıl ayı” mükafatına layiq görülmüşdü.

Pənahi 2012-ci ildə Saxarov adına mükafata layiq görülüb.

2018-ci ildə, 71-ci Kann festivalında onun “Üç üz” filmi “ən yaxşı ssenari” üçün mükafat alanda rejissorun özü İranda ev dustağı idi.

Onun “Ağ şar” filmi (1995) Kann festivalında “Qızıl kamera”, “Güzgü” (1997) filmi Lokarno festivalında “Qızıl bəbir”, “Dairə” (2000) filmi Venesiya festivalında “Qızıl şir” mükafatlarına layiq görülüb.

XS
SM
MD
LG