Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:36

"Onlara şərt qoyurlar ki, məndən imtina etsinlər"


Cəmil Həsənli
Cəmil Həsənli

►“Öz vətəndaşının cibinə narkotik atmağı sovet hökuməti kimi antibəşəri bir hökumət də ləyaqətinə sığışdırmırdı”

"Düşünəndə ki, Günel Mövludun valideynlərinə qızlarından imtinayla bağlı ərizə yazdırırlar, mənim aspirant və dissertantlarımın məndən imtina ərizəsi yazması nisbətən yüngül cəzadır."

ABŞ-da mənzillənən Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzi (Woodrow Wilson International Center for Scholars) Azərbaycan tarixçisi və Milli Şuranın sədri Cəmil Həsənlini 2015-ci ilin İon Ratiu Demokratiya Mükafatının qalibi elan edib.

Təqdimetmə mərasimi dekabrın 8-də Vaşinqtonda baş tutacaq.

Əvvəlki laureatlar sırasında Mustafa Nayim (Ukrayna, 2014), Angela Kocze (Macarıstan, 2013) Aun San Suu Çi (Myanmar, 2012), Nabil Rəcəb (Bəhreyn, 2011), Oleq Kozlovski (Rusiya, 2010) var.

Cəmil Həsənli AzadlıqRadiosuna bununla bağlı müsahibəsində deyib:

- Düzünü deyim ki, bu mükafat mənim üçün də gözlənilməz oldu. Ümumiyyətlə, mənim fəaliyyətimdə mükafata hesablanmış addım yoxdur. Bizim məqsədimiz xalqımızın ləyaqətli həyat yaşamasıdır, bütün gördüyümüz iş də, çalışmağımız da bundan ötrüdür. Belə bir mükafat verilirsə, deməli, bizim Milli Şuranın fəaliyyətinə diqqət yetirənlər var və bu seçiminə görə təşkilatın rəyasət heyətinə çox təşəkkür edirəm.

Buna da bax: MTN-nin həbs edilmiş 7 əməkdaşının adları açıqlandı

İlqar Məmmədov mühakimə edilir (Arxiv)
İlqar Məmmədov mühakimə edilir (Arxiv)

Gənclərin böyük hissəsi narkotik ittihamı ilə tutulub və bunların içində mənim tələbələrim də var. Əminliklə deyirəm ki, o gənclərin böyük hissəsi narkotikin hansı rəngdə olduğunu bilmirlər.

- Bu mükafat elə bir vaxtda verilir ki, Azərbaycanda demokratik təsisatların durumu heç də yaxşı deyil. QHT-lərin fəaliyyəti gözə dəymir, onların bank hesablarına həbs qoyulub, vətəndaş cəmiyyətinin fəalları, jurnalistlər, siyasətçilər həbsdədir, mühacirətə gedənlər var. Mübarizə aparmağın çətinləşdiyini deyənlər var. Belə bir vaxtda “demokrat” kimi mükafat almaq necə hissdir?

- (Gülür) Deməli, bu mükafatı ölkədən getməyənlərə, qalıb mübarizə aparanlara verirlər. İctimai qurumlara, qeyri-hökumət sektoruna, mətbuata, jurnalistlərə, hüquq müdafiəçilərinə, gənclərə münasibətdə çox ağır repressiyalar, təqiblər müşahidə edilir. Bu yaxınlarda biz həbsdə olan REAL sədri İlqar Məmmədovun döyülməsini eşitdik. Leyla Yunusun vəziyyəti kritik həddədir və düzünü deyim ki, insan haqlarının müdafiəsində əməyi olan, vətəndaş cəmiyyətinin qurulmasına bəlkə də ömrünü həsr etmiş bir qadına, bir anaya qarşı belə qəddarlıq yolverilməzdir. Gənclərin böyük hissəsi narkotik ittihamı ilə tutulub və bunların içində mənim tələbələrim də var. Əminliklə deyirəm ki, o gənclərin böyük hissəsi narkotikin hansı rəngdə olduğunu bilmirlər. Yəni cəmiyyətdə ədalətsizlik baş alıb gedir. Sovet sistemində Azərbaycan vətəndaşının hüquqları daha etibarlı qorunurdu, nəinki bugünkü müstəqil Azərbaycanın hüquq sistemində. Kimin yadına gəlir ki, sovet hökumətinin dövründə bu qədər adamın cibinə narkotik atıb tutublar? Öz vətəndaşının cibinə narkotik atmağı sovet hökuməti kimi antibəşəri bir hökumət də ləyaqətinə sığışdırmırdı.

Buna da bax: Köçkünlər: "Bizə insan kimi yanaşsınlar"

Leyla Yunus (sağda) və İntiqam Əliyev
Leyla Yunus (sağda) və İntiqam Əliyev

Məni çox incidir bəzən ziyalı bir adamın “mən siyasətə qarışmıram” deməsi.

- Yorulmamısınız?

- Biz öz işimizi görürük. Bu yük çiynimizdədir. Sadəcə, gördüyümüz haqsızlığa, ədalətsizliyə, Azərbaycan vətəndaşına, həbsdə yatan onlarla insanımıza, Xədicə İsmayıla, Leyla Yunusa, Arif Yunusa, Tofiq Yaqubluya, İlqar Məmmədova, NİDA-çı gənclərə və başqalarına qarşı törədilmiş qanunsuzluqlarla bağlı bir söz deməyə çalışırıq. Onlara mənəvi dəstək olmağa çalışırıq. Bu insanlara cəmiyyətdən mənəvi dəstək gəlməsə, bəlkə də onlar o həbsdən, repressiyadan da artıq yara alarlar, əzab çəkərlər. Cəmiyyətin etinasızlığı onlar üçün birincidən daha ağır cəza olar. Söhbət demokratiya uğrunda mübarizədən gedirsə, bəlkə də bizim həbsdə olan dostlarımız o mükafata daha çox layiqdirlər, nəinki mən. Doğrudan da o insanlar, istər Xədicə olsun, Leyla olsun, İntiqam olsun, Rəsul olsun, istərsə də Tofiq Yaqublu, gənclərimiz olsun, demokratiya uğrunda daha çox vuruşurlar. Mən də onların sadəcə, haqqını-hüququnu müdafiə etməyə çalışıram. Bütün hallarda nə qədər çətin olsa da, bu insanları müdafiə etmək lazımdır. Onlar cəmiyyətdən özlərinə dəstək görməlidirlər. Ona görə hesab etmirəm ki, hərə yaxasını çəkib bir kənarda durmalıdır. Məni çox incidir bəzən ziyalı bir adamın “mən siyasətə qarışmıram” deməsi. Adlarını sadaladığım bu adamların heç biri cinayətkar deyil. Onların çoxu heç siyasətçi də deyil, ancaq siyasi mülahizəsinə görə saxta ittihamlarla tutulub. Ona görə də mənim nəzərimdə “mən siyasətçi deyiləm, siyasətə qarışmıram” deməklə yaxasını qırağa çəkmək, həbsdəkiləri müdafiədən məhrum etmək ziyalı mövqeyi deyil.

Buna da bax: Xəbərdarlıq: Bu brauzer saxtadır

- Mükafatın sizə məhz sizə verilməsi ilə bağlı açıqlamada belə ifadə var: “şəxsi həyatında ödədiyi bədəllərə baxmayaraq...” Ödədiyiniz ən ağır bədəl nədir?

- Bizim ödədiyimiz bədəl nədir? Düzünü deyim ki, mən bunu dilə gətirmək istəmirəm. Hər insan özü üçün bir həyat yolu müəyyənləşdirir. Mən də tutduğum yola görə mütəmadi izlənirəm, bütün fəaliyyətim nəzarət altındadır, telefonlarıma qulaq asılır, keçirdiyim bütün görüşlər xüsusi xidmət orqanlarının nəzarəti altındadır, müxtəlif təxribatlar törətməyə çalışırlar. Adi bir şey deyim. Mənim dissertantlarımın, aspirantlarımın qarşısına şərt qoyurlar ki, məndən imtina etsinlər. Amma düşünəndə ki, Günel Mövludun valideynlərinə qızlarından imtinayla bağlı ərizə yazdırırlar, mənim aspirant və dissertantlarımın məndən imtina ərizəsi yazması nisbətən yüngül cəzadır.

XS
SM
MD
LG