Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:05

Alimin 'cənnət bağı'nda


Arif Kərimov
Arif Kərimov

Lənkəranın dağ ətəyində yerləşən Hirkan qəsəbə sakini, 68 yaşlı Arif Kərimov ​dibçək güllərinin, dekorativ, sitrus və subtropik bitkilərinin biznesi ilə məşğuldur. Qəsəbədə, Bakı-Astara yolun kənarında həmin gülləri, ağacları yetişdirdiyi torpaq sahəsi də var. Bu bir hektarlıq sahəyə el arasında “alimin cənnət bağı” da deyirlər. AzadlıqRadiosu-nun əməkdaşı həmin “cənnət bağı”nda olub.

Əvvəlcə bu “cənnət”i yaradan Arif Kərimov haqda. Sovet dövründə meyvəçiliklə, elmlə məşğul olub, alim aqranomdur. Sovet İttifaqı dağılanda başqa sənət axtarmayıb, bildiyi işin arxasınca gedib. Bir hektarlıq ərazidə bağ salıb. Qabarlı əllərini göstərərək gün çıxandan gün batana qədər burda çalışdığın deyir:

“1993-cü ildən burda çalışıram. Bu bağ 25 illik zəhmətimin bəhrəsidir. Başqa yerə getmədim, iş də yox idi. Özümə iş yeri yaratdım. İndi də dolanırıq”​

“BURDA 300 ADDA 5000 AĞAC VAR”

Bağdan görüntü
Bağdan görüntü

Havanın soyuq olmasına baxmayaraq yalın əllə torpağı yumaşltmağa çalışır. İşini görə-görə söhbətinə davam edir:

“Çoxu gedib xaricdən baha qiymətə ağac alır. Bu ağaclardan xəbərləri yoxdur. Öz torpağımızın ağaclarıdır. Əsasən calaq yolu ilə yetişdirirəm. Limon, naringi... Sonra gördüm dekorativ ağacları istəyən çoxdur. İrana, Türkiyəyə getdim. Ştillər, budaqlar gətirdim. İndi də onları artırıram. Mən calaqçıyam. Qışda da, yayda da calaq edirəm. Sovet dövründə baş elmi işçi işləmişəm. Bizi çoxdan yaddan çıxardıblar”.

Arif Kərimov bağında 300 adda 5000 ağac əkdiyini söyləyir. Onun sözlərinə görə, ən çox sitrus ağacları zəhmət istəyir. Həm də xərci çoxdur.

“Naringi, limon, portağal, kinkan. Bu ağacların xəstəliyə və soyuğa dözümü yoxdur. Gərək vaxtında dərmanlayasan. Dekorativ ağaclarsa dözümlüdür. Belə ağaclara gübrəsini, suyunu ver inkişaf edəcək”, - alim aqranom söyləyir.

Mütəxəssisin qənaətincə, parklar salınarkən yerli dekorativ ağacların əkilməsi daha məqsədəuyğundur. O, xaricdən gətirilən bitkilərin yerli iqlimə bəzən tab gətirmədiyini qeyd edir:

“Parkların salınmasına məsul olan şəxslərdən dəfələrlə eşitmişəm ki, xaricdən gətirilən ağaclar sıradan çıxır. Mən İranda da olmuşam. Onlar ağacları xüsusi şəraitdə böyüdürlər. Diqqəti cəlb edir. Ancaq bizim şəraitə dözmürlər. Xüsusən də Bakıda. Bahalı ağacları hara gəldi, necə gəldi əkirlər, nəticəsi də olmur.Yanırlar. Bizdə ağacı açıq havada əkirlər, başqa yerə aparanda yanmır.Yaxşı şəraitə düşəndə meyvə də gətirir, gözəlliyi də öz yerində. Xaricdən gətirilən elə ağaclar var ki, şaxtaya dözmür. Mən gətirirəm, burda onu şəraitə uyğunlaşdırıram.Yetişdirdiym naringi ağacını Bakıda əkiblər, məhsul verib. Mən demirəm xaricdən dekortaiv ağaclar gətirməsinlər. Amma bizi də yaddan çıxarmasınlar. Biz ağacları həm ucuz veririk, həm də zamin dururuq”.

Söhbətin bu yerində aqranom alim bir əhvalatı xatırlayır: “Bir dəfə belə bir iş oldu. Park salırdılar. Bütün ağacları burdan apardılar. Bir il keçməmiş gəlib mənə “sağ ol” dedilər”.

“AĞIR İŞDİR, ANCAQ BAŞQALARIN ƏLİNƏ BAXMIRIQ”

Müxtəlif ağac növlərinin əkildiyi istilikxana
Müxtəlif ağac növlərinin əkildiyi istilikxana

Arif Kərimov illərlə yetişdirdiyi ağacların arası ilə yeriyə-yeriyə hər biri haqqında məlumat verir, hər birinin təbiətdə öz yeri olduğunu deyir. Dərindən nəfəs alandan sonra davam edir:

“Bağa baxmaq ağır işdir, ancaq başqasının əlinə baxmırıq. İndiki zəmanədə bu vacibdir. Bütün ailə burdan dolanır. İki oğlum var, birini evləndirmişəm. Nəvələrimin marağı yoxdur. Oğlanlarımla özüm məşğul oluram. Bizi dolandırır. Külli miqdarda pul gətirməsə də, pis deyil. Elə burda, yolun kənarında dibçəkləri qoyub satıram.Yoldan keçənlər maraqlanıb bura dönürlər. Gündə 1-2 ağac və gül dibçəyi satılır. Gündəlik çörək pulu çıxır. İpək yolu işə düşəndən alıcımızın da sayı azalıb. Ən çox alıcımız Dağıstan sürücüləri idi. Onlar deyirdilər ki, belə ağaclar bizdə bir neçə dəfə bahadır. Burdan alıb aparırdılar. İndi onlar yoxdur”.

“BİZ AĞACLARI YAŞADIRIQ, AĞACLAR DA BİZİ”

Arif Kərimovun sözlərinə görə, toxumu gəsilməkdə olan ağaclar da yetişdirir:

“Mot ağacı var, vətəni Hollandiyadır. Qiyməti bir qədər bahadır. Ya da tonqa ağacı. Sovet dövründə bu ağacı sovxoz əkirdi, meyvəsini Yaponiyaya satırdılar. İndi onun toxumu kəsilib. Ancaq məndə var. Cicək açır. Yumşaq ağacdır, doğrayıb məhv elədliər. Dəmirağacı, kedr, Belorus şam ağaçları... Yoxa çıxmaqdadırlar. Burda yetişdirirəm. Dəmirağacın itmə təhlükəsi var. Yaxşı yanır deyə bu ağacları qırır, toxumunu kəsirlər. Dünyada iki yerdə dəmirağacı bitir. Buzlaşma dövründən qalma ağacdır. Onu toxumla, calaqla artırmaq olur”.

Arif Kərimovun bağdan, ağacdan danışmağa sözü çoxdur, amma son sözü budur:

“Biz ağacı yaşadırıq, ağac da bizi”.

XS
SM
MD
LG