Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

Mahir Rüstəmli: 'Çexləri udmaq möcüzə olar'


Azərbaycan-Norveç oyunu
Azərbaycan-Norveç oyunu

2018-ci il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində Azərbaycanla Çexiya yığması ilə qarşılaşacaq. Qarşılaşma oktyabrın 11-də baş tutacaq. İki qələbədən sonra Azərbaycan yığması azarkeşlərini yenidən sevindirə biləcəkmi?

«Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli deyir:

– Azərbaycan ilk iki oyunda qalib gəldiyindən bütün ölkədə, xüsusən də futbol azarkeşləri arasında yüngül eyforiya hökm sürür. Buna da səbəb həm səfərdə San-Marinoya qalib gəlməyimiz, həm də gözlənilmədən evdə Norveçi udmağımızdır. Hər iki oyun yığmamızın xeyrinə 1-0 hesabıyla başa çatıb. Bu mənada Çexiya ilə qarşılaşmada, heç olmasa, bir xal qazanacağımıza böyük bir inam var. Düzdür, böyük mənada götürsək, bu inamın arxasında demək olar ki, heç nə dayanmır. Açıq-aşkar, çexlər bizdən güclüdür. Çexlər son Avropa Çempionatının final mərhələsinin iştirakçısıdır. Biz isə Avropa Çempionatının kandarına yaxın düşə bilmirik. Bundan başqa, Çexiya evdə oynayacaq. Onu da nəzərə almaq lazımdır ki, Çexiya bu seçmə mərhələdə oyunlara olduqca uğursuz başlayıb. Son oyunda Almaniyaya böyük hesabla uduzub. Ona görə də əvvəlki iki oyunun acığını kimdənsə çıxmağa fürsət axtarır. Bu mənada da Azərbaycan əlverişli rəqibdir. Hər halda, hesab edirəm ki, Azərbaycan yığması uduzsa belə, öz sifətini qoruyacaq. Yəni rəqibə yetərincə müqavimət, inadkar oyun göstərəcək.

– Ancaq oyunlar arasında zaman fasiləsi də azdır.

– Bir məqam da var ki, üç gün aralığı ilə keçirilən oyunlarda Azərbaycan yığması, adətən, uğursuzluqla üzləşir. Həm də bu oyunlardan biri burda, o biri səfərdə keçiriləndə yol yorğunluğu, uzaq məsafə qət etmək kimi amillər də öz sözünü deyir. Bundan başqa, Azərbaycan yığması evdə Norveçlə qarşılaşmada, əsasən, müdafiə oyunu oynadı. Müdafiədə oynayan komanda da, təbii ki, hücum edən komandadan daha çox güc sərf edir. Uşaqlar yorğundurlar. Ancaq yenə də hər şeyin ən yaxşısına ümid edək. Bir xal qazanmaq mümkün olarsa, bu, Azərbaycan yığması üçün möcüzəyə bərabər olar.

– Yəni Azərbaycan yığmasının daha böyük hesabla uduzmasını gözləyirsiniz?

– Məntiqlə götürsək, Azərbaycan uduzmalıdır. Amma futbol elə oyundur ki, burda bütün məntiq qayda-qanunları çox asanlıqla məhv ola bilər. Tutalım, erkəndən bir qol vurarsan və ya rəqibin qırmızı vərəqə alar... Futbolda hadisələrin axarı hər zaman dəyişə bilər deyə, dəqiq proqnoz vermək çətindir. Açığı, Azərbaycan yığması Çexiyadan bir xalla qayıdarsa, onda bu, sadəcə, möcüzə olar. Üç oyundan sonra yeddi xal qazanılsa, ölkədə ab-hava, əhval-ruhiyyə tamam fərqli olacaq. Hamı Dünya Çempionatının final mərhələsinə qatılmaqdan dəm vuracaq (gülür).

– Mahir bəy, möcüzə gözləyənlərin kefinə soğan doğramaq istəməsək də, realist olsaq, hesabla bağlı proqnozunuz nədir?

– Güman edirəm ki, çexlərin 2-1 və ya 3-1 hesablı qələbəsi qeydə alınacaq.

XS
SM
MD
LG