Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:18

ABŞ Minsk qrupu çərçivəsində danışıqlara qayıdılmasına çağırır


Kortni Ostrian
Kortni Ostrian

Mayın 25-də Birləşmiş Ştatların ATƏT-dəki işlər müvəkkili Kortni Ostrian ATƏT-in Xüsusi Daimi Şurasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu forumda etdiyi çıxışa münasibət bildirib.

Xanım Ostrianın sözlərinə görə son vaxtlar Ermənistan-Azərbaycan sərhədində baş verənlər göstərir ki, yalnız bütün məsələləri əhatə edən hərtərəfli razılaşma Ermənistan və Azərbaycan arasında barışığa və münasibətlərin normallaşmasına və iki ölkənin xalqlarının birgə dinc yanaşı yaşamasına yol aça bilər:

“Biz Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mümkün qədər tez təmaslara başlamağa, onların təkliflərini nəzərdən keçirməyə və onlarla birlikdə hər iki tərəfin prioritetlərini əks etdirən strukturlu gündəlik barədə razılığa gəlməyə çağırırıq”.

Azərbaycan qüvvələrini geri çəksin…

ABŞ səfiri deyib ki, Birləşmiş Ştatlar tərəfləri əsirlərin və saxlananların qaytarılması ilə atəşkəsin möhkəmləndirilməsinə, münaqişə regionlarının minalardan effektiv təmizlənməsi üçün zəruri olan informasiyanın mübadiləsinə, beynəlxalq humanitar təşkilatlara Dağlıq Qarabağa giriş verilməsinə çağırır.

ABŞ nümayəndəsi tərəfləri habelə qızışdırıcı ritorikadan çəkinməyə, iddia olunan insan haqları pozuntularını araşdırmağa, belə hərəkətlər üçün cavabdeh olanların tapılmasına çağırıb.

Xanım Ostrian deyib ki, tərəflər hərbi hərəkətlərini şəffaf qaydada həyata keçirməlidirlər.

Səfir xatırladıb ki, mübahisəli ərazilərdə hərbi hərəkətlər lüzumsuz təxribatlara səbəb ola bilər:

“Biz Azərbaycanı özünün bütün qüvvələrini geri çəkməyə və hər iki tərəfi dərhal ortaq beynəlxalq sərhədin demarkasiyası üçün danışıqlara başlamağa çağırırıq”.

Vahid Büdcə barədə konsensusa çağırış

ABŞ nümayəndəsi bu çıxışında ATƏT baş katibinin Xüsusi Nümayəndəsinin fəaliyyətini yüksək qiymətləndirib və deyib ki, onun fəaliyyəti bütünlükdə ATƏT icmasının, xüsusilə də Azərbaycan və Ermənistanın işinə “şəffaflıq gətirməklə dəyər qatır”.

Kortni Ostrian Azərbaycanı və Ermənistanı Xüsusi Nümayəndənin işinə dəstək verməyə, habelə qurumun vahid büdcəsi barədə konsensusa qoşulmağa çağırıb.

O xatırladıb ki, bu büdcənin təsdiqlənməsi artıq gecikib və vahid büdcəsiz ATƏT-in geniş fəaliyyəti zəifləyə bilər.

ABŞ səfiri bidlirib ki, Minsk qrupu həmsədrlərinə və Xüsusi Nümayəndəyə region boyunca maneəsiz hərəkət imkanının verilməsi gərginliyin azaldılmasına və gələcək zorakılıqların qarşısının alınmasına kömək edərdi:

“Biz tərəfləri heç bir ön şərt qoymadan və mümkün qədər tez Minsk qrupu həmsədrlərinin egidası altında yüksək səviyyədə substantiv danışıqlara qayıtmağa çağırırıq”.

Ceyhun Bayramov ATƏT-in iclasında bunları deyib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bugün, mayın 25-də ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, çıxışında nazir Azərbaycanın ATƏT-ə verdiyi önəmdən, bu qurumun əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətindən bəhs edib.

Bildirildiyinə görə, o habelə Ermənistanın Azərbaycana qarşı təcavüzünə, onun son 28 il ərzində münaqişənin həlli üzrə nümayiş etdirdiyi qeyri-konstruktiv yanaşmaya toxunub:

"Nazir, Ermənistanın hərbi təxribatlarına cavab olaraq ötən ilin 27 sentyabr tarixində Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatını qeyd edərək, onun nəticəsində Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etdiyini vurğuladı. 10 noyabr 2020-ci il, eləcə də 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların icrasının əhəmiyyəti qeyd olundu”.

Açıqlamaya görə, nazir həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünə də toxunub:

"Çıxışda nazir, habelə münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya proseslərinin əhəmiyyətini vurğuladı. Bu istiqamətdə Azərbaycanın ATƏT-in icraçı strukturları ilə əməkdaşlıq etməyə davam edəcəyi qeyd olundu. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı, ATƏT-in də bu proseslərə töhfə verə biləcəyi vurğulandı".

Yanvarın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Avstriyaya işgüzar səfəri başlayıb.

Bu iclasdan öncə O, ATƏT-in Baş Katibi ilə də görüşmüşdü.

Nazir ATƏT-in Baş katibi ilə görüşüb

Bu gün, mayın 25-də Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib: "Nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə 30 il davam edən münaqişəyə son qoyulduğunu diqqətə çatdırıb. Bəyanatın hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün geniş imkanlar yaratdığını vurğulayıb".

Açıqlamaya görə, görüş zamanı, həmçinin üçtərəfli bəyanatlardan irəli gələn bir sıra məsələlər müzakirə edilib, xüsusilə regional nəqliyyat bağlantılarının açılmasının bütün region dövlətləri üçün yeni imkanlar açdığı bildirilib.

Ceyhun Bayramov Avstriyaya gedib

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb.

Bu barədə mayın 25-i səhər saatlarında Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda yazılıb ki, səfər çərçivəsində nazir C.Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, bu qurumun Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü nəzərdə tutulur.

XS
SM
MD
LG