Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:26

Çin “hər ailəyə bir uşaq” limitini ləğv edir


Hər ailəyə yalnız bir uşaq icazəsi verən qanun əhali artımını nizamlamaq məqsədilə 1979-cu ildə qəbul edilmişdi.

Sinxua agentliyinin verdiyi məlumata görə Çində onilliklərdir davam edən “hər ailəyə bir uşaq” məhdudiyyəti qaldırılacaq.

Çinin hakim Kommunist Partiyasının bəyanatında deyilir ki, bundan sonra ailələrə iki uşaq dünyaya gətirmək imkanı veriləcək.

Hər ailəyə yalnız bir uşaq icazəsi verən qanun əhali artımını nizamlamaq məqsədilə 1979-cu ildə qəbul edilmişdi.

Təxminlərə görə bu qanun indiyədək 400 milyon doğuşun qarşısını alıb.

Əhalinin qocalmasına qarşı

Bu qaydanı pozan cütlərə qarşı pul cərimələrindən tutmuş məcburi əmək və abort kimi ən müxtəlif cəzalar tətbiq edilirdi.

Zaman keçdikcə bu qanun bir sıra əyalətlərdə işçi qüvvəsinin çatışmaması ilə bağlı yumşaldılmışdı.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarında deyilir ki, hər ailəyə iki uşaq icazəsi verən yeni qanun əhali sayının daha yaxşı tənzimlənməsinə və əhalinin qocalmasının qarşısının alınmasına xidmət edəcək.

Hazırda Çin əhalisinin 30 faizindən çoxu yaşı 50-dən yuxarı olanlardan ibarətdir.

Ölkənin ümumi əhalisi isə 1 milyard 360 milyona çatıb.

Artım “partlayışı” olmayacaq

Sözü gedən qanun sonrakı illərdə bir qədər yumşaldılmışdı və ər-arvaddan birinin ailəsinin tək övladı olduğu hallarda onlara dünyaya iki uşaq gətirmək icazəsi verilirdi.

Bundan başqa kənd yerlərində ailənin ilki qız olduqda ikinci uşağın doğulması qanuni sayılırdı.

Ekspertlər bildirirlər ki, uşaq məhdudiyyəti Çində məcburi abortlar, əhalidə gender nisbətinin pozulması kimi neqativ hallara yol açırdı.

Lakin ekspertlər həm də bunu qeyd edirlər ki, hər ailəyə iki uşaq icazəsinin verilməsi belə əhalinin sürətli artımına təkan verməyəcək.

XS
SM
MD
LG