Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:07

Çinin qlobal senzura cəhdləri. Facebook, Google rejimlə əməkdaşlıq edir?


İllüstrasiya
İllüstrasiya

Facebook çinli mühacirin hesabını bağlayıb...

Apple çinli istifadəçilərin data bazasını Çinə köçürür...

Çinin öz sərhədləri daxilində İnternetə senzura tətbiq etdiyi məlumdur. Böyük bir senzor ordusu İnternet filterlərindən istifadə edərək əhalinin hökumət əleyhinə yazılara, videolara baxışını əngəlləyir.

Amma indi Çin senzuranın miqyasını genişləndirməyə çalışır.

New York Times qəzeti yazır ki, əvvəllər çinli senzorlar ölkə vətəndaşlarını xarici sosial şəbəkələrdə güdürdülər, indi isə app-lərdəki şəxsi yazışmaları izləməklə məşğul olmağa başlayıblar.

Çinli insan haqları müdafiəçisi Zhang Guanghong ötən payız WhatsApp-dan istifadə edərək öz dostları ilə bir məqalə paylaşıb. Həmin məqalədə Çin hökuməti tənqid edilirmiş. Facebook-a məxsus bu app-i Çində demək olar ki, heç kim istifadə etmir. Bundan dərhal sonra hüquq müdafiəçisi həbs edilib. Onun tezliklə Çin hökumətini və Kommunist Partiyasını təhqir etmək ittihamı ilə məhkəmə önünə çıxarılacağı gözlənir. Vəkili deyir ki, ittihamnamədə "sübut" kimi Zhang Guanghong-un WhatsApp qrupunda paylaşdığı məqalədən sitatlar gətirilir.

Texnologiya ekspertləri düşünürlər ki, hüquq müdafiəçisinin ya telefonuna müdaxilə ediblər, ya da qrupldakılardan kimsə onu satıb. Güman ki, bu işdə WhatsApp-ın əli yoxdur.

Zhang-ın işi xarici app-lərdən istifadə edənlərin cəzalandırılması ilə bağlı ilk hal deyil. Müşahidəçilər hesab edirlər ki, hökumət bu yolla insanların gözünü qorxutmaq istəyir.

Buna da bax: İrandakı senzura “amansızdır”

QAZANMAQ İSTƏYİRSƏNSƏ...

Digər tərəfdən, Çin dünyanın nəhəng texnologiya şirkətlərini dilemma qarşısında qoyub. Çin, əhalisinin sayına görə dünyanın ən böyük ölkəsidir. Çində 700 milyon internet istifadəçisi var. Bu nəhəng bazara girmək böyük qazanc əldə etmək imkanıdır. Çin ABŞ-ın iri texnologiya şirkətlərini ölkəyə buraxmaq üçün şərtlər qoyur.

Facebook-un bütün app-ləri Çində qadağandır, amma bir müddət əvvəl şirkət Çin ərazisində işləyən bir app hazırlayıb. Amma həmin app-in ona məxsusluğunu gizlədib. Apple şirkəti isə özünün çinli istifadəçilərinin data bazasını Çinə köçürür. Apple keçən il Çinin İnternet senzurasını aşmağa imkan verən VPN app-ini istifadədən çıxarıb. Google isə bu yaxında bildirib ki, Çində süni intellekt laboratoriyası açacaq.

Facebook-un rəhbəri Mark Zuckerberg Çinə səfəri zamanı. 2014
Facebook-un rəhbəri Mark Zuckerberg Çinə səfəri zamanı. 2014

Adətən Çin hökumətinin belə şirkətlərdən xüsusi tələbləri olanda onların buna müqavimət göstərməsi çətin olur. Əgər Amerika hökumətinə şikayət etsələr, Çin hökumətinin qisasçı addımları ilə üzləşməli olacaqlar. Ona görə də sözügedən şirkətlər belə məsələləri özləri yoluna qoymağa çalışırlar.

FACEBOOK VƏ GOOGLE SUSUR...

New York Times yazır ki, mühacirətdə yaşayan çinli biznesmen Guo Wengui Facebook və Youtube-dan istifadə edərək Çin rəsmilərini korrupsiyada ittiham edəndə çinli məmurlar bu şirkətlərə müraciət etmişdi. Bundan sonra Facebook Guo-nun hesabını bağlamışdı. Bunu Guo-nun başqalarının şəxsi məlumatlarını öz hesabından yayması, belə halın Facebook-un qaydalarına zidd olması ilə əsaslandırmağa çalışmışdı. Şirkət bu addımı Çin hökumətinin istəyi ilə atıb-atmadığına aydınlıq gətirməkdən imtina etmişdi.

Çin senzorları Google şirkətinə daha tez-tez müraciət etməyə başlayıblar.

2017-ci ilin ilk yarısında Çin hökuməti Google -a 2290 linklə bağlı müraciət edərək həmin kontentə çıxışı bağlamasını istəyib. Bu rəqəm 2016-cı ildəki müraciətlərdən 3 dəfə çoxdu və antirekorddur.

Düzdür, həmin kontentin böyük hissəsi terroçuluqla bağlı olub. Ən çox da Youtube-dakı videolarla bağlı. Amma Google şirkəti Çin hökumətinin konkret olaraq hansı mövzulardakı materiallarla bağlı ona müraciət etməsi haqda suallara daha ətraflı şərh vermək istəmədiyini bildirib.

Buna da bax: Milli Məclisdə orduya nəzarət polemikası

TOTAL NƏZARƏT

Çin hökuməti həm də nəhəng şirkətləri özünüsenzuraya məcbur edir.

Fevral ayında alman avtomobil nəhəngi Daimler Dalay Lamadan sitat gətirdiyi üçün üzr istəmişdi.

Sitatı Daimler-in Mersedes brendi öz İnstaqram səhifəsində paylaşmışdı.

Çin hökuməti xaricdə yaşayan tibetli ruhani Dalay Lamanı separatçı sayır.

Mersedes postu silmişdi. Baxmayaraq ki, Çində çox az adam İnstaqramdan istifadə edə bilir, Çin rəsmiləri şirkəti sərt tənqid etmiş, yerli qəzetlərdən biri onu hətta "xalqın düşməni" adlandırmışdı.

Mersedes istehsal etdiyi maşınların dörddə birini Çində satır.

Honq-Konqdakı Çin Universitetinin Jurnalistika və Kommunikasiya Məktəbində çalışan professor Lokman Tsui deyir ki, bütün bunıar Çin rejiminin getdikcə güclənməsinin göstəricisidir: "Gücləndikcə, onlar xarici şirkətlərə daha çox təzyiq edə bilirlər".

XS
SM
MD
LG