Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:13

Çində 630 kəndin uyğur adları dəyişdirilib


Uyğur qadın uşaqlarını məktəbə aparır
Uyğur qadın uşaqlarını məktəbə aparır

Çin hakimiyyət orqanları ölkənin Sintzyan-Uyğur Muxtar Rayonunda 630 kəndin adını dəyişiblər.

Bu barədə beynəlxalq insan haqları təşkilatı - Human Rights Watch (HRW) və Norveçdə mənzillənmiş Uyghur help qrupunun birgə araşdırmasının hesabatında deyilir.

HRW-un Çin üzrə direktoru vəzifəsini icra edən Mayya Vanq deyib:

"Çin hakimiyyəti Sintzyanda uyğurca zəngin mənaya malik yüzlərlə adı dəyişdirərək onları Çin hökumətinin təbliğatına uyğunlaşdırıb”.

Tədqiqatçıların verdiyi məlumata görə Çin hakimiyyəti 2009-cu ildən 2023-cü ilədək Sintzyandakı 25 min yaşayış məntəqəsindən 3600-nün adına düzəliş edib.

Bu da qeyd olunur ki, 630 halda adlarda uyğurların din və tarixini əks etdirən terminlər dəyişdirilib.

Məsələn uyğur adlarından 1949-cu ildə Çin Xalq Respublikası təşkil edilənədək mövcud olmuş dövlət və lider terminləri, sultan, orda, dütar kimi sözlər çıxarılıb.

1944-cü ildən 1949-cu ilədək keçmiş SSRİ-yə bağlı Şərqi Türküstan İnqilabi Respublikası mövcud olub. Bu respublika 1949-cu ildə könüllü olaraq Çinə birləşib.

Mayya Vanq hesab edir ki, adların bu sayaq dəyişdirilməsi Çin hökumətinin uyğurların tarix və mədəniyyətini yer üzündən silmək siyasətinin bir hissəsidir.

“Təkrar tərbiyələndirmə düşərgələri”

Tədqiqatçılar dəyişikliklərin yerli əhaliyə necə təsir etdiyini bilmirlər, çünki regiona girişləri olmayıb.

Lakin onlar adları dəyişdirilmiş kəndlərdən 11 uyğurla söhbət edə biliblər.

Belə kəndlərdən birinin sakini olan qadın deyib ki, o “təkrar tərbiyələndirmə düşərgəsindən” azad edildikdən sonra bilet kassasında yaşadığı yerin adını tapmayıb.

İnsan haqları fəalları bildirirlər ki, yaşayış məntəqələrinin adları əsasən 2017-2019-cu illərdə dəyişib. Həmin vaxt Çin hökuməti milli azlıqların təqibini gücləndirmişdi.

2017-ci ildə Sintzyan-Uyğur Muxtar Rayonunda “təkrar tərbiyələndirmə düşərgələri”nin yaradılması barədə məlumatlar yayılıb. Bu qapalı düşərgələrə əsasən müsəlman etnik azlıqların – uyğur, qazax, qırğız və başqalarının nümayəndələri göndərilirdilər.

Bəşəriyyətə qarşı cinayət

Rəsmi Pekin iddia edir ki, sözü gedən düşərgələr həbsxana yox, peşə təhsili mərkəzləridir.

Lakin bu düşərgələrdə saxlanmış insanlar burada az qala həbsxana rejiminə yaxın qaydaların mövcud olduğunu deyirlər. Onların sözlərinə görə burada icbari əmək və gündəlik kommunist təbliğatı tətbiq olunur.

BMT İnsan Haqları Ali Komissarlığının 2022-ci ilin sentyabrında dərc olunmuş hesabatında Sintzyandakı insan haqları pozuntularından bəhs olunurdu.

Hesabatda deyilirdi ki, Sintzyanda məhbusları “pələng-stullarda” otuzdurur, elektrik dəyənəkləri ilə döyür, təkadamlıq kameralarda saxlayırlar.

Sənəddə qeyd olunurdu ki, Çin hakimiyyəti terror və ekstremizmlə mübarizə adı ilə “ağır insan haqları pozuntuları” törədib.

BMT bəyan etmişdi ki, Pekinin uyğurlar və başqa müsəlman azlıqlarla rəftarı bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilməlidir.

Çin hakimiyyəti bu hesabatı rədd etmiş və “Çinin düşmənləri tərəfindən uydurma” adlandırmışdı.

XS
SM
MD
LG