Artıq çimərlik mövsümünün başlamasına sayılı günlər qalıb. İyunun əvvəli olmasına baxmayaraq havalar isti keçdiyindən bəzi Bakı sakinləri indidən dənizə üz tutublar…
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Turan"a bildirilib ki, hər il olduğu kimi, bu il də onlar Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə mayın 15-dən çimərlik ərazilərində monitorinqə başlayıblar: "Monitorinqlər Bakı, Abşeron və Xəzər dənizinin şimal, cənub bölgələrində yerləşən çimərliklərin ərazisində aparılır".
"Nəticələr ictimaiyyətə açıqlanacaq"
Nazirlikdən qeyd olunub ki, mövsüm başlamamış hansı çimərliklərin istifadə üçün daha yararlı olduğu müəyyənləşdirilir: "Yaxın günlərdə nəticələr ictimaiyyətə açıqlanacaq".
Bildirilib ki, monitorinqlər zamanı dəniz suyundan nümunələr götürülür və laboratoriyalarda suyun keyfiyyəti müəyyən olunur: "Həm fiziki-kimyəvi, həm də bioloji, eko-toksikoloji təhlillər aparılır. Bu keyfiyyət nəticələrinə uyğun olaraq hansı çimərliklərin daha çox çirkli, nisbətən az çirkli və ya təmiz olduğunu müəyyənləşdiririk".
Bakı şəhər İcra Hakimiyyətindən də agentliyə deyilib ki, mövsümün başlamasını nəzərə alaraq onlar da çimərliklərdə monitorinqlər aparırlar: "Rayon icra hakimiyyətləri və özəl çimərliklərin məsul şəxsləri ilə birlikdə ərazidəki tullantıların təmizlənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması üçün geniş işlər aparılır".
"Kanalizasiya sularının dənizə axıdılması davam edir"
Ətraf mühit siyasəti üzrə ekspert Cavid Qara isə AzadlıqRadiosuna bildirib ki, əvvəlki illərdə olan vəziyyətin dəyişməsinə təsir edən ciddi faktor yoxdur: "Əksinə, pisləşməyinə təsir edən faktor ola bilər ki, yaşayış, sənaye aktivliyi artır, kanalizasiya sularının dənizə axıdılması davam edir".
Ekspertin fikrincə, Abşeron yarımadasında təmiz çimərlik çətin tapıla: "Abşeron yarımadası böyük deyil və kanalizasiya suyu dənizə axırsa, o, bütün çimərliklərə yayılacaq".
"Bizdə müstəqil laboratoriyalar yoxdur ki…"
C.Qaranın təxmininə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq nəticələri ilə bağlı açıqlamaları yetərincə optimist olacaq: "Real vəziyyət açıqlanan göstəricilərdən qat-qat pis ola bilər".
Ekoloq sonda da deyib: "Bizdə müstəqil laboratoriyalar yoxdur ki, dəqiq ölçək, deyək vəziyyət nə yerdədir".
Azərbaycanda çimərlik mövsümü iyunun 15-də başlayır.