Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:03

Dünyada atmosferi ən çox Çin çirkləndirir


Çində sement zavodu
Çində sement zavodu

ABŞ-ın Kolumbiya Universiteti nəzdindəki Qlobal Enerji Siyasəti Mərkəzinin (Center on Global Energy Policy) araşdırmasına görə, qlobal miqyasda enerji və sənaye sektorlarından atmosferə atılan istixana effekti yaradan qazların həcminə görə lider ölkə Çindir. İlboyu dünyada bu sektorlarda yaranan zərərli qazların 36.7 faizi təkcə Çinin payına düşüb. Dünya üzrə nəqliyyat sektorunda formalaşan zərərli qazların 11.1 faizi, kənd təsərrüfatı sektorunda formalaşan zərərli qazlarınsa 11.6 faizi yenə tək Çindən qaynaqlanır.

Avropa Komissiyasının araşdırmasında da deyilir ki, ötən əsrin əvvəllərində dünyada atmosferə hər il 2 milyard ton karbon-dioksid (CO2) qazı atılırdısa, 2018-ci ildə bu göstərici artıq 36 milyard tonu keçmişdi. Qlobal miqyasda karbon emissiyasının da təxminən üçdə biri – 10.6 milyardlıq hissəsi məhz Çinin payına düşür. Çindən sonra atmosferin karbon-dioksidlə "zənginləşməsinə" ən çox qatqı edən ölkələr ABŞ (5.2 milyard ton), Hindistan (2.5 milyard ton) və Rusiyadır. (1.8 milyard ton) Bütövlükdə, dünya üzrə ilk 10 ölkə bütün emissiyanın 67 faizini doğurub.

Çinin sənaye şəhərlərində hava kirliliyi bəzi hallarda böhran səviyyəsinə çatır və həmin günlərdə insanlara küçəyə çıxmamaq tövsiyə edilir. Ölkənin bütün dünya üzrə atmosferin çirkləndirilməsinə belə böyük təsiri Çinin gerçəkləşdirdiyi ekoloji siyasətin tək Çin vətəndaşlarına deyil, bütün dünya üçün önəmli olmasına gətirib çıxarır. Çin karbon emissiyası ilə bağlı durumu normallaşdırmaq üçün "30-60 hədəfləri" adlı strategiya hazırlayıb. Ölkə 2030-cu ilədək karbon emissiyalarında pik səviyyəyə çatmağı, 2060-cı ilədəksə karbon emissiyalarını sıfıra endirməyi hədəfləyir. Bu hədəfə çatmaq üçün Çinin əsas məqsədlərindən biri ölkənin enerji təchizatında bərpa olunan mənbələrdən əldə edilən enerjinin payını artırmaqdır. Əhalisinin və sənaye istehsalının həcminə görə dünyada lider olan Çində hələ də enerji təchizatında əsas pay kömürə məxsusdur. Kömürdən istifadə isə atmosferi daha çox çirkləndirir.

Çində hələ də enerji təchizatında əsas pay kömürə məxsusdur
Çində hələ də enerji təchizatında əsas pay kömürə məxsusdur

Yaşıl hidrogen Çinə çarə olacaqmı

Çinin enerji təchizatında kömürün payını azaltmaq üçün yönəldiyi istiqamətlərdən biri su elektrik stansiyalarıdır. 2060-cı ilədək ölkədə su elektrik stansiyalarının generasiya gücünün iki dəfə çoxaldılması nəzərdə tutulur. Bu baxımdan ən vacib layihələrdən biri yaxınlarda fəaliyyətə başlayan "Bayhetan" su elektrik stansiyasıdır. Cinşa çayı üzərində inşa olunan stansiya ildə 62 milyard kilovat/saat elektrik enerjisi istehsal edə bilər və tikinti-quraşdırma həcminə görə dünyanın ikinci ən böyük su elektrik stansiyası sayılır. "Bayhetan" dünyanın ən böyük su elektrik stansiyası olan Çindəki "3 dərə"dən kiçik olsa da, tətbiq olunan texnoloji yeniliklər və süni zəka texnologiyası baxımından ondan "ağıllı" hesab olunur. Stansiyanın su bəndinin ən uca hissəsinin hündürlüyü 289 metrdir. Su anbarının ümumi həcmi isə 20.6 milyard kubmetrdir. Anbarın inşasında 8 milyon ton beton istifadə olunub. İnşası təxminən 4 il davam etmiş "Bayhetan"ın tam gücü ilə çalışması illik daş kömür istehlakını təxminən 20 milyon ton, karbon-dioksid emissiyasını isə 51.6 milyon ton azaldacaq. Stansiyanın gələn il tam gücü ilə çalışacağı bildirilir.

Çində günəş enerjisi ferması
Çində günəş enerjisi ferması

Çinin enerji təchizatı ilə bağlı maraq doğuran daha bir layihə "yaşıl hidrogen" adlanır. Qeyd edək ki, yaşıl hidrogen suyun elektrolizi və hidrogen atomlarının oksigen atomlarından ayrılması nəticəsində əmələ gəlir. Mavi hidrogen isə yüksək temperaturda metanın hidrogen və karbonmonoksitə parçalanması nəticəsində əldə edilir. Bu yaxınlarda ölkədə yaşıl hidrogen istehsal edəcək zavodun inşa edilməsini nəzərdə tutan layihə təsdiqlənib. Günəş və külək enerjisi ilə işləyəcək bu zavod illik əsasda 66 min 900 ton yaşıl hidrogen istehsal edəcəyi nəzərdə tutulur. Çinli rəsmilər bu miqdardakı yaşıl hidrogenin ildə 700 milyon litr benzinə alternativ ola biləcəyini bildirib. Ancaq ölkədə bu yanacağın necə depolanacağı ilə bağlı suallar açıq qalmaqdadır. Onu da nəzərə almaq lazımdır ki, bu qədər yaşıl hidrogen istehsalı üçün müəssisə dünyadakı bütün elektrolizator istehsalından daha artığına ehtiyac duyacaq. Yaşıl hidrogen enerjisi istehsalı ilə yanaşı, Çində elektrikli avtomobillərdən istifadə də təşviq edilir. Artıq ölkədə satılan hər 20 avtomobildən biri elektriklə işləyir və bu tip avtomobillər üçün lazımı infrastrukturun inkişafı ilə bağlı da işlər görülür.

'Sovet maşınları'ndan niyə yaxa qurtarmaq olmur?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Azərbaycanda durum necədir

Qlobal Atmosfer Tədqiqatları üçün Tullantıların Məlumat Bazası (EDGAR) hər il ölkələr üzrə atmosferə buraxılan qazların miqdarına dair statistik bilgilər paylaşır. Bu statistikaya görə, Azərbaycanda 1990-cı ildə atmosferə buraxılan karbon-dioksid qazının miqdarı 58 milyon ton olub. Sonrakı illərdə bu göstərici davamlı azalıb və 1999-cu ildə 26 milyon tona enib. Növbəti illərdə karbon- dioksidin həcmi 26-28 milyon ton arasında dəyişib və 2005-ci ildə 30 milyon tona qədər yüksəlib, daha sonra 2010-cu ilədək 25 milyon tona qədər azalıb, 2018-ci ildə isə 35 milyon tona çatıb.

Azərbaycanda karbon-dioksidin ən çox formalaşdığı istiqamətlər aşağıdakılardır:

Sahələr

Karbon-dioksit emissiyası (ton)

Xüsusi çəkisi

Elektrik və istilik enerjisi

13 milyon 527 min

41%

Əhalinin məskunlaşdığı ərazilər

8 milyon 435 min

25.5%

Avtomobil yolu nəqliyyatı

5 milyon 204 min

15.8%

İstehsal sənayesi və tikinti

3 milyon 84 min

9.3%

Digər enerji sənayesi sahələri

1 milyon 858 min

5.6%

Daxili aviasiya

605 min

1.8%

Dəmiryolu nəqliyyatı

197 min

0.6%

Digər nəqliyyat vasitələri

112 min

0.3%

Ötən il Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2019-cu illə müqayisədə 312.6 min ton azalaraq toplam 809.5 min ton olub. Bütün tullantıların təxminən 82 faizi avtomobillərin, 18 faizi stasionar mənbələrin payına düşüb. Stasionar mənbələrdə yaranan zərərli maddələrin cəmi 65 faizi təmizləyici qurğularla təmizlənib. İl ərzində avtomobillərdən atılmış zərərli maddələrin həcmi 30.1 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 16.1 faiz azalıb. Ölkədə atmosferə atılmış bütün zərərli maddələrin 62 faizi karbohidrogenlər, 14.1 faizi azot oksidi, 11.6 faizi karbon oksidi, 0.7 faizi kükürd anhidridi, qalan hissəsi isə digər çirkləndirici maddələrdir.

Digər tərəfdən, Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı da bir o qədər çox deyil. Energetika Nazirliyinin sonuncu məlumatına görə, bu ilin ilk 7 ayı ərzində Azərbaycanda toplam 15 milyard 845 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Azərbaycanda istehsal edilən elektrikin 93.1 faizi təbii qazdan (istilik-elektrik stansiyalarından), 5.4 faizi su elektrik stansiyalarından, cəmi 1.4 faizi alternativ enerji mənbələrindən əldə edilib.

XS
SM
MD
LG