Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:01

Polisin onu döydüyünü deyən vəkilə prokurorluqdan rədd


Coşqun İsgəndərov
Coşqun İsgəndərov

Prokurorluq vəkil Coşqun İsgəndərovun onu məhkəmə binasında döyməkdə ittiham etdiyi polis əməkdaşlarını cəzalandırmaqdan imtina edib. Şirvan Şəhər Prokurorluğu belə nəticəyə gəlib ki, vəkilin şikayətçi olduğu polislərin əməlində cinayət tərkibi yoxdur. Ona görə də cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarılıb.

Söhbət avqustun 13-də Şirvan Apellyasiya Məhkəməsində vəkilin Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsiylə bağlı şikayətdən gedir. Vəkil şikayətində göstərib ki, həmin gün məhkəmədə hüquqlarını müdafiə etdiyi şəxsin haqqındakı cinayət işinə baxılırdı.

"Müstəntiq səhvə yol verib"

Müdafiəçinin sözlərinə görə, ona qarşı zorakılıq göstərən polislər təqsirləndirilən şəxsi polis şöbəsindən məhkəməyə aparıb-gətirənlər olub. Polislər vəkil İsgəndərovdan zaldan çıxmağı tələb ediblər. Müdafiəçi etiraz edərək bildirib ki, o, Qabil Ələsgərovun vəkilidir, onunla təkbətək söhbət etmək hüququ da var. Mübahisə yarandığı və polislərin vəkili zorla məhkəmə zalından çıxararaq dəhlizdə döydüyü iddia olunur.

Prokurorluğun qərarından narazı qalan Coşqun İsgəndərov AzadlıqRadiosuna bildirib ki, hüquqi müstəvidə mübarizəsini davam etdirmək niyyətindədir: "Qərardan Baş Prokurorluğa şikayət verəcəyəm. Müstəntiq yazıb ki, mənim şikayətimdə göstərdiyim hallar təsdiqini tapmayıb. Mən isə hesab edirəm ki, müstəntiq səhvə yol verib. Bunu da şikayətimdə mübahisələndirəcəyəm".

İsgəndərov deyir ki, onu döyən polis əməkdaşları dörd nəfər olublar. Prokurorluğa müraciətində onların dördündən də şikayətçi olub. Vəkil əlavə edib ki, baş verənləri məhkəmə binasındakı müşahidə kameraları qeydə alıb.

Nazirlik təkzib edir

Daxili İşlər Nazirliyi də Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının vəkili döyməsi haqda deyilənləri təkzib edib. Nazirliyin Şirvan regional qrupundan bildirilib ki, vəkil mülki formada məhkəmə zalına daxil olub, polis əməkdaşlarına verdiyi suallarla onları təxribata çəkməyə çalışıb. Həmin vaxt onun müvəkkilinin yox, başqa bir vətəndaşın işinə baxıldığına görə polislər ondan məhkəmə zalından çıxmasını, prosesə mane olmamasını istəyiblər: "Coşqun İsgəndərov orada mübahisə yaradıb. Daha sonra isə həmin şəxsin polis əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılması təmin edilib. Qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar aparılır".

2019-cu ildə başqa bir vəkil Orxan Kəngərli də Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində saxlanılan müvəkkilinin hüquqlarını müdafiə etmək üçün ora getdiyi halda, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdi. O da həmin polislərin cəzalandırılması üçün prokurorluğa şikayət etmişdi. O zaman da Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis bölməsinin normal iş rejimini pozduğunu və buna görə onun özünün barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib məhkəməyə göndərildiyini açıqlamışdı.

XS
SM
MD
LG