Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:07

5 milyon insan qırılıb, sonu görünmür…- Qərb mediası


Paraqvayda COVID-dən ölənlərin xatirə divarı
Paraqvayda COVID-dən ölənlərin xatirə divarı

Qarşıdan gələn bir neçə gün ərzində COVID-19 xəstəliyindən ölənlərin sayı ehtimal ki, 5 milyonu keçəcək

Qarşıdan gələn bir neçə gün ərzində COVID-19 xəstəliyindən ölənlərin sayı ehtimal ki, 5 milyonu keçəcək.

National Geographic yazır ki, bu, sonu görünməyən pandemiyanın daha bir mərhələsidir.

ABŞ da daxil bir sıra ölkələrdə COVID-19 indi ürək xəstəliyi və insultla yanaşı əsas ölüm səbəbidir.

Ekspertlərsə bildirirlər ki, xəstəlik qurbanlarının sayı rəsmi rəqəmlərdən xeyli yüksək ola bilər.

John Hopkins Universiteti Bloomberg İctimai Sağlamlıq Məktəbinin epidemiologiya professoru Amber D'Suza deyib:

“Çox mümkündür ki, ölüm sayı biz bildiyimizdən iki dəfə çoxdur. 5 milyon özlüyündə dəhşətli rəqəmdir. Heç bir ölkə xəstəlikdən qaça bilməyib”.

D'Suza və başqa ekspertlər bildirirlər ki, 5 milyon yalnız ölkələrin rəsmən qeydə aldığı halların göstəricisidir.

Ekspertlər qeyd edirlər ki, bu rəqəm COVID-19-la dolayısı ilə bağlı səbəblərdən ölənləri də nəzərə almır.

Məqalədə deyilir ki, Delta variantının yayılması ilə bağlı yüksəlişdən sonra hazırda ölüm reyti azalsa da, yoluxmalar artır və çox güman artmaqda davam edəcək.

Qlobal ölüm statistikası göstərir ki, pandemiya xüsusilə də Amerika və Avropaya ən ağır zərbəni vurub.

Peru bütün dünyada COVID-19 ölümlərinin ən yüksək əmsalına malikdir. Bu ölkədə koronavirusdan ölənlərin sayı əhalinin hər 100 min nəfərinə 615-dir.

Bosniya-Herseqovinada, Şimali Makedoniyada, Monteneqroda, Bolqarıstanda və Macarıstanda bu göstərici 300-dən çoxdur.

Ümumilikdə ən çox ölüm halları Birləşmiş Ştatlarda qeydə alınıb.

Bu ölkədə pandemiya başlanandan bəri 741 min nəfər dünyasını dəyişib. Braziliyada bu rəqəm 600 min, Hindistanda isə 450 mindir.

Meksika, Britaniya, İtaliya və Kolumbiya kimi bir sıra ölkələrdə həm ölüm faizi, həm də ölüm hallarının sayı yüksək olaraq qalır.

Rusiayada covid-dən rekord sayda adam ölüb
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Başqa xəstəliklər də hücuma keçib

Alimlər deyirlər ki, Amerika və Avropada nəticələrin xüsusilə ağır olması əhalinin yaşlılığı ilə bağlıdır. Bu ərazilərdə habelə COVID-ə daha həssas diabet və yüksək qan təzyiqi xəstələrinin də sayı çoxdur.

Ekspertlərin gəldiyi qəti nəticəyə görə COVID-19 xəstəliyinin qarşısında ən zəif cəhət insanın yaşlılığıdır.

Lakin alimlərin fikrincə aşağı və orta gəlirli bir çox ölkələrdə xəstəliyin ölüm dalğası gənc adamları da tutur.

Amma belə ölkələrdə ölüm faizinin yüksək olması təkcə səhiyyə sistemlərinin zəifliyi ilə bağlı deyil.

Statistika göstərir ki, COVID-19-a yoluxmadan ölənlərin arasında yoxsul təbəqə çoxluq təşkil edir. Belə ölkələrdə adətən adamlar dolanışıq naminə özlərini təcrid edə bilmirlər. Onlar iş üçün evdən çıxmalı, çörəkpulu qazanmalıdırlar.

Pandemiya bir çox ölkələrin səhiyyə sistemini o dərəcədə məşğul edib ki, bir sıra başqa qorxulu xəstəliklərin profilaktika və müalicəsi diqqətdən kənarda qalmalı olub.

Dünya Səhiyyə Təşkilatı (DST) bildirir ki, vərəm və malyariya kimi xəstəliklərlə mübarizədə onilliklərlə qazanılmış nailiyyətlər puç olub.

Vərəm xəstəliyindən ölüm sayı son onillikdə ilk dəfə olaraq 1.5 milyona çatıb. Vərəmin diaqnozlaşdırılması isə 2020-ci ildə 18 faiz azalıb.

Yetim qalan uşaqlar

Pandemiya bəşər həyatına başqa faciələr də gətirib. Yeni statistika pandemiya dövründə yetimlərin kəskin artdığını göstərir.

İyul ayında The Lancet jurnalında dərc olunmuş statistikaya görə 21 ölkədə hər iki valideynini və ya hamisi olan baba və nənəsini itirdiyinə görə 862 min 365 uşaq yetim qalıb.

Bu rəqəm xüsusilə də Cənubi Afrikada, Peruda və Birləşmiş Ştatlarda yüksəkdir.

Bu ilin əvvəllərindən yüksək effektivliyə malik vaksinlərlə peyvəndləmə kampaniyalarına başlanması nəhayət ki, COVID-19 ölümlərinin cilovlanmasına ümidlər yaratmışdı. İndiyədək bütün dünyada 7 milyard doza vaksin vurulub, lakin bir çox ölkələrdə peyvəndləmə faizi hələ də aşağı olaraq qalır.

Burada vaksin çatışmazlığı və virusun vaksinlərə müqavimətinin artması da böyük rol oynayır.

Peyvəndləmə faizinin aşağı olması ilə yanaşı, vaksinlərə qarşı dezinformasiya kampaniyaları da ciddi fəsadlar törədir. Söhbət ilk növbədə Şərqi Avropa ölkələrindən gedir.

Burası da var ki, ilin əvvəllərində yoluxmanın tüğyan etməsinə baxmayaraq, indi Hindistanda yoluxma və ölümlərin nisbətən aşağı göstəriciləri ekspertləri də təəccübləndirib.

Lakin ekspertlər bildirirlər ki, hətta peyvəndləmənin ən yüksək səviyyədə aparıldığı ölkələrdə də vaksinlərin uzun müddətdə vəziyyəti necə dəyişdirəcəyi bilinmir. Burada çox şey, yeni, daha yoluxucu ştamm və mutasiyaların yaranmasından asılı ola bilər.

İtirilən doğmalar və soyuq statistika

Doktor D’Suza deyir:

“Mən ümid edirəm ki, yoluxmanın bu qış artımı daha az sayda ölümlə müşayiət olunacaq. Lakin buna qarantiya vermək olmur”.

Hazırda koronavirusun daha yoluxucu Delta variantının yayılması təhlükə yaradıb. Lakin ekspertlər narahatdırlar ki, əgər ölkələr vaksinasiyanın templərini saxlaya bilməsələr, Deltadan da təhlükəli mutasiyalar yarana bilər.

Emori Universitetinin Qlobal Sağlamlıq İnstitutunun direktoru Rebeka Martin deyir:

“Virusun məqsədi sağ qalmaqdır. Əgər biz hamını peyvənd edə bilməsək, pandemiya heç vaxt qurtarmayacaq, çünki yeni-yeni variantlar yaranacaq”.

Vaşinqton Universitetinin Milken İnstitutundan professor Kristofer Mores deyir ki, pandemiya dövründə həm də insanlara hüsn-rəğbəti qoruyub saxlamaq lazımdır:

“Biz daha duyğulu olmalıyıq. Valideyn, dost, həmkar olmuş insanların itkisini hiss etmək lazımdır. İmkan vermək olmaz ki, onlar sonsuzluğa doğru artan soyuq rəqəmlər olsun”.

Professor D’Suza bu fikirlə razıdır:

“Xatırlayıram ki, 100 min amerikalı öləndə mən sarsılmışdım. Amma Amerikada təkcə ötən ay COVID-dən 50 min insan vəfat edib. Bu, bizim statistikaya münasibətdə necə keyləşdiyimizi göstərir”.

XS
SM
MD
LG