Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:18

COVID pasportu olsa, olmasa...


COVID-pasport
COVID-pasport

Mayın 31-də və iyunun 10-da Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunmuş bəzi qadağalar aradan götürüləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən açıq havada maska taxılması tələbi ləğv olunur. Eyni tarixdən metronun fəaliyyəti bərpa olunacaq, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa ediləcək. İyunun 10-dan isə ibadət yerlərinin, çimərliklərin, iri ticarət mərkəzlərinin açılması gözlənir.

Lakin rəsmi açıqlamaya görə, idman zalları və sağlamlıq-bərpa mərkəzlərinin xidmətlərindən yalnız COVID pasportu olan şəxslər istifadə edə biləcək. Prezidentin köməkçisi Şahmar Mövsümov qeyd edib ki, gələcəkdə kinoteatrlarda, konsertlərdə, toylarda da bu üsuldan istifadə olunacaq:

"İşçilərinin 80 faizinin belə sertifikatı olmasa…"

"Risklərin azaldılması üçün iyulun 1-dən idman zalları, sağlamlıq-bərpa mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələb ediləcək. İşçilərinin 80 faizinin belə sertifikatı olmasa, həmin obyektlər cərimələnə və ya hətta bağlana bilər".

Bu tədbirlər vaksinasiya prosesini sürətləndirəcəkmi? Bu qaydalar daha tez tətbiq edilə bilməzdimi? COVID pasportu olmayan vətəndaşları idman zallarının, kinoteatrların xidmətlərindən istifadə edə bilməməsi hansı qanunla tənzimlənir?

S.Vəliyeva
S.Vəliyeva

Milli Məclisin deputatı Sədaqət Vəliyevanın "Turan"a bildirməsinə görə, metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatıb: "Hər kəs təhlükəsizlik tədbirlərinə riayəti davam etdirməli, vətəndaş məsuliyyəti daha güclü olmalı, ümumi işə öz töhfəsini verməlidir".

"Ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb"

Deputatın sözlərinə görə, dünyanın bir sıra ölkələrində hələ də tam qapanma şəraiti davam etsə də, Azərbaycan məhz belə bir şəraitdə uğurlu nəticələr qazanıb. S.Vəliyeva əlavə edib ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən birinci ölkədir : "Ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Peyvəndləmə səviyyəsi baxımından Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqelərdədir. Dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər Azərbaycanda effektiv şəkildə həll olunur".

"Pfizer-BioNTech" COVID-in bütün mutasiyalarına qarşı təsirlidir
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

"COVID-pasportlar vaksinləşməni sürətləndirəcək..."

O qeyd edib ki, COVID-pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq: "Artıq hər iki dozanı qəbul edərək vaksin olunan şəxslər bu doğru seçimin üstünlüklərindən istifadə etməyə başlayacaq. Lakin bir daha vurğulamaq lazımdır ki, yoluxmaların sayı azalsa da, ölüm sayı hələ də yüksəkdir və bu, arxayınlaşmağa əsas verməməlidir".

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə "Turan"a bildirib ki, ən inkişaf etmiş ölkələrdə də peyvəndə qarşı kampaniyalar aparılır: "Ona görə də ölkəmizdə ən yüksək səviyyədə təşviqat aparılsaydı belə, xaricdən idxal olunan bu anti-peyvənd kampaniyaları, onsuz da, təsir edəcəkdi. Bu bəladan qurtulmaq üçün peyvəndlənmə zəruridir. Həmin anti-peyvənd kampaniyalar məcbur edir ki, yalnız COVID pasportu olan şəxslərə müəyyən xidmətlərdən yararlanmaq icazəsi verilməsi kimi addımlar atılsın".

"İstəyirəm peyvəndlənirəm, istəmirəm yox" prinsipi...

Ekspertin fikrincə, bu məsələdə "istəyirəm peyvəndlənirəm, istəmirəm yox" prinsipi keçərli deyil: "Çünki xəstə adam idman zalına, kinoteatrlara gedib başqaları yoluxdura da bilər. Burada adam yalnız özünə görə yox, digərlərinə görə də məsuliyyət daşıyır".

Z.Sadıqova
Z.Sadıqova

Vəkil Zibeydə Sadıqova isə AzadlıqRadiosuna bildirib ki, yalnız COVID pasportu olan şəxslərin bu və ya digər xidmətlərdən istifadə edə bilməsi ilə bağlı qanun yoxdur: "Ola da bilməz. Uşaq vaxtı vurulan digər peyvəndlərlə bağlı da belə bir qanun yoxdur. Həmin qanun olsaydı, yəqin ki, yalnız koronavirusa qarşı yox, digər xəstəliklərə qarşı peyvəndlərə də şamil olunardı".

Vəkil: "Bu, ayrıseçkilikdir"

Vəkil hesab edir ki, bu, ayrıseçkilikdir, hansı ki, Konstitusiya ilə qadağan edilir: "Həmçinin hər orqanizmin öz xüsusiyyətləri var. Elə xəstə adamlar var ki, peyvəndlər onlara ziyandır. Onda həmin adam idmana, kinoteatrlara getməsinmi? Bunu tənzimləyən heç bir qanunvericilik yoxdur və bu tələbin qoyulması ayrıseçkilikdir".

S.Ağayeva
S.Ağayeva

"Sadəcə test etdirmək kifayət olardı"

Hüquq müdafiəçisi Samirə Ağayeva da AzadlıqRadiosuna bildirib ki, Avropada məhdudiyyətlərin çoxu qüvvədədir, lakin açıq olan ictimai yerlərə girmək üçün pulsuz ekspress-testdən istifadə edilir: "Azərbaycanda da idman zalına, kinoteatrlara girəcək adamları sadəcə test etdirmək kifayət olardı".

O da hesab edir ki, həmin qərar insan hüquqların pozulmasıdır: "Burada Avropa Konvensiyanın 14-cü maddəsi pozulub. Lakin burada həm diskriminasiya mövcuddur, həm də sərbəst hərəkət etmə hüququ pozulub. Avropa İnsan Haqları Məhkəməsi karantin qadağaları ilə bağlı artıq bir neçə qərar qəbul edib. Məhkəmə də qərara gəlib ki, dövlət səviyyəsində qəbul olunmuş karantin qaydaları Avropa Konvensiyasına ziddir".

Xatırlatma

Koronavirus pandemiyasi ilə bağlı Azərbaycanda ötən il martın 24-dən karantindir. Vaksinasiyaya isə yanvarın 18-dən başlanıb. Azərbaycanın Çinin "Sinovac" şirkətinə 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Azərbaycana az miqdarda başqa vaksinlərin də gətirildiyi açıqlanıb. Ölkədə indiyə qədər 2 milyondan çox şəxsə vaksin vurulduğu qeyd edilir. Onlardan 860 mindən çoxu iki mərhələdən də keçib. Vaksinasiya dövlət hesabına aparılır.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda ümumilikdə 332 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 877-nin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG