Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:41

'Nə? Harada? Nə zaman?' teleşousuna bayılan auditoriya təbliğat vasitəsinə çevrilir


"Çto? Qde? Koqda?" intellektual oyunu 1975-ci ildən yayımlanır.
"Çto? Qde? Koqda?" intellektual oyunu 1975-ci ildən yayımlanır.

1970-ci illərdən bəri Rusiya televiziyasında yayımlanan "Çto? Qde? Koqda?" (Nə? Harada? Nə zaman?) intellektual oyunu o qədər populyardır ki, ona ABŞ da daxil, digər ölkələrdən də qatılmağa başlayıblar. AzadlıqRadiosunun müxbiri Timofey Rojanski yazır ki, şou bir çox oyunçularını şöhrət və zənginliyə çatdırıb, bəzilərini də siyasətə gətirib. Hərçənd, bu şounun rəsmiyyətdən kənar olsa da, lap öncədən bir prinsipi var: siyasətdən uzaq durmaq. Rusiyanın "Birinci" telekanalında efirə çıxan "Çto? Qde? Koqda?" şousunun bəzi qocaman oyunçuları onun get-gedə daha çox bu prinsipdən uzaqlaşdığını, Kremlin Ukraynada apardığı müharibənin təbliğatçısına çevrildiyini deyirlər.

"O vaxtdan Rusiya mənim üçün ölüb"

Ötən ilin fevralında Kremlin müharibəyə başlaması şounun bilicilərini parçalayıb. Ən tanınmış oyunçuların bəziləri şounu tərk edib. Yerli klubların sadiq üzvləri də Ukraynaya müdaxiləni qınayıb.

Şounun hələ 2014-cü ildə Krımın ilhaqından bəri Kremlin mesajlarını əks etdirdiyini söyləyənlər də var.

"O vaxtdan Rusiya mənim üçün ölüb, Rusiya televiziyası da onunla birlikdə, çünki təcavüzü alqışlayan təbliğat maşınına çevrilib", - indi Ukrayna televiziyasında aparıcı olan veteran oyunçu İqor Kondratyuk CurrentTimeTV-yə belə deyib.

Yekaterina Mereminskaya
Yekaterina Mereminskaya

Tanınmış bilicilərdən Yekaterina Mereminskaya sentyabr ayında yazdığı essedə indən belə şounun siyasətdən uzaq qalma qaydasının qorunub saxlanmasının mümkün olmadığını vurğulayıb.

iStories saytında dərc edilən essedə Mereminskaya şounun əsas prodüseri və onun yaradıcısı mərhum Vladimir Voroşilovun xanımı Nataliya Stetsenkonun savaşdan bir neçə gün sonra onunla əlaqə saxladığını deyib. Nataliya ondan Facebook səhifəsindəki postunu silməsini istəyib. Postda "Say No To War" (Savaşa yox deyin) sözləri olub.

Mereminskaya postu silməyib və şounu tərk edib

"Mən düşünmürəm ki, iştirakçılar özü-özlüyündə təbliğat agentləridir. Ancaq şounun özü təbliğat agenti ola bilərmi? Böyük ehtimalla ola bilər", - o bu sözləri sentyabrın 28-də CurrentTimeTV-də dilə gətirib və ardınca deyib: "Sanki "siyasətdənkənar" prinsipi təkyönlü işləyir: Rusiya hökumətinin dəstəklədiyi siyasətə qarşı sənin nəsə deməyinə icazə verilmir. Ancaq desən ki "mən dəstəkləyirəm", sanki bu, siyasət deyil".

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko və vəkil İlya Novikov Rusiya Federasiyası Ali Məhkəməsinin iclasında
Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko və vəkil İlya Novikov Rusiya Federasiyası Ali Məhkəməsinin iclasında

Şounun məşhurlaşdırdığı bilicilərdən biri tanınmış vəkil İlya Novikovdur. O, 14 il "Çto? Qde? Koqda?"ya qatılandan sonra iki il Rusiya həbsxanasında saxlanan ukraynalı hərbi pilot Nadya Savçenkonun müdafiəsini öhdəsinə götürüb və şounu tərk edib. Bu ay FSB hazırda Ukraynada yaşayan Novikova qarşı xəyanət ittihamı irəli sürüb.

Keçmiş oyunçular şounun təqdimat və biçimindəki dəyişikliklərə diqqət çəkirlər. Məsələn, "znatoki" (bilicilər) sözünün latın "z"si ilə yazılması Ukraynaya qarşı müharibəyə dəstəyi ifadə edir.

"Bu müharibə oyun tarixinin son epozodu ola bilər"

Şounun aparıcıları Rusiyanın işğal etdiyi Ukrayna şəhərlərindən gələn oyunçuları Rusiya sakini kimi tanıdırlar. Proqramın ortasında Ukrayna müharibəsi haqda Rusiyanı dəstəkləyən filmin reklamı da gedə bilər.

Mereminskaya öz essesində bir dəfə şouda verilən bu suala diqqət çəkir: "Ölkəmizin bölgələrindən birinin cizgilərini görürsünüz. Bölgənin adını söyləyin", - cizgilər Krıma aiddir.

Rövşən Əsgərov
Rövşən Əsgərov

Keçmiş iştirakçı Rövşən Əsgərov deyir ki, illərlə canlı yayımlanan şou daha öncədən çəkilir ki, uyğun görülməyən bölümlər redaktə edilə bilsin.

Ötən ilin mayında Moskva məhkəməsi Əsgərovu "nasizmə bəraət qazandırmaqda" suçlayaraq ona qarşı cinayət işi qaldırıb.

"Biri kiçik qayığını iri hərbi gəmiyə bağlayır, gəmi batmağa başlayanda isə onun qayığını qurtarmağa vaxtı, ya da imkanı olmur. Mən proqramın… "Birinci Kanal", Rusiya televiziyası və Rusiyanın özü ilə birlikdə batmasını istəməzdim. …Ancaq etdiyin, ya etmədiyin hər şeyin qiyməti var. Bu müharibə oyun tarixinin son epizodu ola bilər", - İlya Novikovun sözləridir.

XS
SM
MD
LG