Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:02

Potensial vaksin cəmi 47 faiz effekt göstərib


İllüstrativ foto
İllüstrativ foto

Delta variantı ABŞ boyunca mayda 2.7 faiz olan yoluxmaları bu ay 9.7 faizə qaldırıb

Almaniyanın CureVac farmaseptik şirkəti koronavirusa qarşı vaksinin hazırlanmasında uğursuzluqla üzləşib. Bu arada koronavirusun delta variantının sürətlə yayılması vaksinasiya göstəriciləri yüksək olan ölkələri belə əndişələndirib.

CureVac iyunun 16-da elan edib ki, CVnCoV adlı vaksin namizədi son mərhələ sınaqlarında COVID-19 xəstəliyinin “istənilən ağırlaşması”na qarşı cəmi 47 faiz ilkin effekt göstərib.

Yaşı 60-dan yuxarı olanlara təsir göstərməyib

CureVac beynəlxalq vaksin yarışmasında əsas namizəd sayılırdı. Məyusedici nəticələr isə vaksinasiyada geri qalan Avropa Birliyi və digər ölkələrə yüzmilyonlarla dozanın çatdırılmasıyla bağlı qeyri-müəyyənlik yaradır.

İlkin təhlil 134 COVID-19 yoluxması üzərində aparılıb. Ümumilikdə tədqiqata Avropa və Latın Amerikasında 40 minədək könüllü qatılıb.

Şirkətin bildirməsinə görə, nəticələr vaksinin daha gənc yaş qrupları üzərində effektli olduğunu göstərib, amma yaşı 60-dan yuxarı olanlarda effektsiz olub. Bu yaş qrupu COVID-19 üçün riskli sayılır.

Pfizer/BioNTech və Moderna daxil digər bahalı vaksinlər isə 90 faizdən artıq effekt göstəricisi ortaya qoyublar.

ABŞ Ərzaq və Dərman Administrasiyası azı 50 faiz, Dünya Səhiyyə Təşkilatı isə azı 70 faiz effektlilik istəyir.

50 faiz artım

CureVac rəhbəri Frans-Verner Haas deyib ki, şirkət ilkin təhlildə daha güclü nəticələrə ümid edirdi. Amma sınaq davam edəcək və yekun effekt göstəricisi dəyişə bilər.

Bu arada delta variantının Avropada sürətlə yayılması əndişələri artırıb. Maydan bəri bu variant yoluxmalarda 50 faiz artıma səbəb olub. London İmperial Kolleci araşdırmasının nəticələrini iyunun 17-də açıqlayıb.

Hökumətsə bildirib ki, bu data Baş nazir Boris Consonun COVID-19 qadağalarını iyulun 19-dək uzatmaqla bağlı qərarını əsaslandırmış olur. İlk dəfə Hindistanda aşkarlanmış delta variantı təhlükəli sayılır, daha çox adamın peyvənd olunmasına ehtiyac var.

Artıq Britaniyada böyüklərin yarıdan çoxuna vaksinin iki dozasının vurulduğu bildirilir. Böyüklərin 75 faizdən çoxuna isə azı bir doza vurulub.

ABŞ-ın əndişəsi

Birləşmiş Ştatlarda da səhiyyə ekspertləri delta variantının yayılmasından narahatdırlar. Qışdan bəri ölkə boyunca gündəlik yoluxmalar və ölü sayının azı 90 faiz azalmasına baxmayaraq, vaksinasiyanın zəif getdiyi yerlər də var.

Məsələn, cənub ştatı Missisipidə əhalinin cəmi 28 faizinə tam peyvənd vurulub.

Səhiyyə rəsmiləri vaksinlərin delta variantına qarşı effektli olduğunu desələr də, vaksinasiya göstəricisi aşağı olan yerlərdə yoluxmaların arta biləcəyi sarıdan narahatlıq qalır.

Delta variantı ABŞ boyunca mayda 2.7 faiz olan yoluxmaları bu ay 9.7 faizə qaldırıb. Bunu Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru Roçel Valenski deyib.

Yaponiya hökuməti isə Tokioda fövqəladə vəziyyəti iyunun 20-də, Olimpiya oyunlarına bir ay qalmış ləğv etməyi planlaşdırır.

Aprelin 25-dən Tokioda və ölkənin digər yerlərində virusla əlaqədar fövqəladə vəziyyət elan olunub. Barlar, restoranlar erkən bağlanır, alkoqol satışına qadağa tətbiq olunub.

XS
SM
MD
LG