Birləşmiş Ştatlar Britaniyanın İranın neft tankerini saxlamasını “əla xəbər” adlandırıb.
“Əla xəbərdir: Britaniya AB sanksiyalarını pozaraq İran neftini Suriyaya aparan Grace 1 supertankerini saxlayıb”, – ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton iyulun 4-də tvitində yazıb.
“Amerika və müttəfiqlərimiz Tehran və Dəməşq rejimlərinin qanunsuz ticarətdən qazanmasını önləməyə davam edəcək”, – Bolton vurğulayıb.
***
Tehran İran neft tankerinin “qanunsuz həbsi” ilə bağlı Britaniyanın İrandakı səfirini ölkənin Xarici İşlər Nazirliyinə dəvət edib.
Bu barədə iyulun 4-də nazirliyinn sözçüsü Abbbas Musavi rəsmi IRNA agentliyinə məlumat verib.
Britaniya hökuməti hələki bu xəbərlə bağlı heç bir şərh verməyib.
Tankerin İspaniya ərazisindəki Britaniya subyekti olan Cəbəllütariqdə saxlandığı xəbər verilir.
Bundan əvvəl Cəbəllütariqin hakimiyyət orqanları Suriyaya neft daşımaqda şübhəli bilinən bir neft tankerinin saxlandığını bildirmişdi.
Suriyaya xam neft ixracı Avropa İttifaqının sanksiyalarına ziddir.
Britaniyanın kənar ərazilərə nəzarət edən qurumu bildirib ki, Britaniya kral dəniz piyadaları iyulun 4-də Grace 1 adlı supertankeri saxlayıblar.
Bu tankerin Suriyanın Banias neftayırma zavoduna xam neft daşıdığına dair şübhələr var idi. Suriyanın bu müəssisəsi Avropa İttifaqının sanksiyalar siyahısına daxildir.
Cəbəllütariq naziri Fabian Picardo deyib ki, hakimiyyət orqanlarında bu tankerin Bania zavoduna neft daşıdığına dair məlumat var idi.
İspaniyanın xarici işlər naziri Josep Borrell deyib ki, bu tanker ABŞ-ın ricası əsasında saxlanıb.
Picardo bu barədə Avropa İttifaqının müvafiq orqanlarına məlumat verdiyini bildirib.
Əgər bu tankerin İrandan Suriyaya xam neft daşıdığı tam sübut edilərsə, onda hadisə həm də ABŞ sanksiyalarının pozulduğuna dəlalət edəcək.
Panamanın bayrağı altında üzən The Grace 1 tankeri birdəfəyə 300 min ton xam neft daşıya bilir.
Tankerin hərəkətini Sinqapurda yerləşən bir şirkət idarə edirdi.
İran Rusiya ilə birlikdə Suriya prezidenti Bashar al-Assada ölkədəki vətəndaş münaqişəsində həlledici dəstək verib.
Rusiya 2015-ci ildə Suriyaya hərbi müdaxilə edəndə Assad rejiminin devrilməsinə lap az qalırdı.