Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:00

Daha 64 nəfər virusa yoluxub, 11 nəfər sağalıb


İndiyə kimi Azərbaycanda 273 koronavirusa yoluxma faktı qeydə alınıb
İndiyə kimi Azərbaycanda 273 koronavirusa yoluxma faktı qeydə alınıb

Azərbaycanda daha 64 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.

Azərbaycanda son bir gündə 64 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə bu gün, martın 30-da Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Verilən məlumata görə, həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, qalanlarının səhhəti stabildir.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 11 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb, evə buraxıldığı açıqlanıb.

Rəsmi açıqlamaya görə, ümumilikdə, indiyə kimi Azərbaycanda 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib.

Bildirildiyinə görə, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

«Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir», - qərargahdan qeyd edilib.

Qərargahdan habelə vurğulanıb ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 35 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən də Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Dünən, martın 29-dan isə xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərir.

XS
SM
MD
LG