Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:43

Daha bir jurnalistə 5 il 6 aylıq cəza


A.Məmmədov
A.Məmmədov

Criminalaz.com saytının baş redaktoru Anar Məmmədova 5 il 6 ay şərti cəza verildi. Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Hökmə əsasən, A.Məmmədov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayevlə davası barədə yazılara görə CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz.

Hökmdən öncə məhkəmədə A.Məmmədov son sözünü deyib. Məhkəmədən bəraət istəyən jurnalist günahsız olduğunu söyləyib: «Bəraət hökmündən başqa istənilən qərar mənim hüquqlarımın pozulmasıdır. Bunu özümə qarşı dövlət adından verilmiş haqsız qərar hesab edirəm».

A.Məmmədovun sözlərinə görə, ittihamdakı iki yazıdan biri «Turan» informasiya agentliyinin məqaləsidir. Digər yazıda yer alan faktlar isə dəfələrlə müxtəlif mətbuat orqanlarında yazılıb.

Hökmdən sonra A.Məmmədov AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti verəcək: «Heç bir günahım olmadığı halda mənim hüquq və azadlıqların məhdudlaşdırıldı. O məqalələrdə dövlət əleyhinə çağırış yoxdur. Elmar Vəliyevin tənqidi nə vaxtdan dövlət əleyhinə çağırış olub?».

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminal.az saytına girişə məhdudiyyət qoyulmuşdu.

XS
SM
MD
LG