Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:17

Danske Bankın keçmiş rəhbərinə qarşı cinayət işi açıldığı xəbər verilir


Thomas Borgen
Thomas Borgen

Danimarka qəzetinin yazdığına görə prokurorlar adı dünyanın ən böyük çirkli pulların yuyulması qalmaqalında hallanan Danske Bankın keçmiş icra direktoruna qarşı ittiham irəli sürüblər.

Borsen qəzeti mayın 7-də vəkil Peter Schradieck istinadən yazıb ki, müstəntiqlər mart ayının 12-də onun müdafiə etdiyi Thomas Borgenin evinə reyd keçiriblər.

Borgen 2007-2015-ci illər arasında Danske Bankın Estoniya filialından keçmiş və mənşəyi şübhə doğuran 200 milyard avroluq iş üzrə rəsmən ittiham edilən ilk şəxs olub.

Danimarkanın bank tənzimləyicisinin verdiyi məlumata görə şübhəli pullar Estoniya filialındakı qeyri-sakin hesablarından keçib ki, bunun da 35 faizini rusiyalılar təşkil edib. Qeyri-rezident hesablardakı pulun məbləğinə görə ikinci yerdə Böyük Britaniyadır.

2009-2012-ci illərdə Danske Bankın beynəlxalq əməliyyatlarına cavabdeh olan Borgen ötən sentyabrda təhqiqat şübhəli ödənişlərin miqyasını üzə çıxaranda istefa verib.

Danimarkanın ən böyük bankı olan Danske Birləşmiş Ştatlar da daxil bir neçə ölkədə təhqiqat subyektidir. Bank məhz ABŞ-da nəhəng cərimələrlə üzləşə bilər.

Danimarkanın dövlət prokurorluğu banka qarşı ölkənin çirkli pulların yuyulması əleyhinə qanunlarının pozulmasına dair rəsmi ittihamları noyabr ayında irəli sürmüşdü.

Bu qalmaqal sonradan İsveçə də adlamış və Swedbank Baltikyanı filialları vasitəsilə çirkli pulların yuyulması iddiasına görə özünün baş icraçı direktorunu vəzifəsindən azad etmişdi.

Bu ilin yanvarında İtaliya mediasının yazdığına görə bu ölkədə də Danske Bankın Estoniya filialına qarşı açılmış cinayət işində Azərbaycanın da adı çəkilirdi.

İtaliya müstəntiqləri bildirirdilər ki, bu bankda açılmış hesablar Azərbaycandan və ofşor şirkətlərdən milyardlarla dolların Estoniya filialı vasitəsilə sərbəst axınına imkan verirdi. Estoniya filialı vasitəsilə sözü gedən vəsaitlər başqa ofşor şirkətlərə, Azərbaycan rejimini tərifləyən yüksək vəzifəli rəsmilərə və Avropa siyasətçilərinə ötürülürdü.

XS
SM
MD
LG