Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:01

Daşkənddə sinaqoqun divarına Fələstinə dəstək şüarları yazılıb


Daşkənddə sinaqoq
Daşkənddə sinaqoq

Daşkənddə naməlum şəxslər sinaqoqlardan birinin divarlarına Fələstinə dəstək şüarları yazıblar. Bu haqda "AZfront" Telegram kanalı izləyicilərindən birinə istinadla məlumat yayıb. Ancaq hakimiyyət bu insidentə, hələlik, münasibət açıqlamayıb.

"AZfront" İsrailin diasporla iş üzrə nazirliyinin daxili sənədinə istinadla bildirib ki, Daşkənddə "Xabad" beynəlxalq yəhudi dini hərəkatının iki təmsilçisinə hücum olub.

Rəsmi açıqlanmasa da...

Özbəkistandakı insidentlərlə bağlı rəsmi məlumat yayılmayıb. Yəhudi icmasının nümayəndələri bu cür halları ictimailəşdirməkdən çəkindiklərini, lakin hadisələr barədə yerli hakimiyyət orqanlarını və yəhudi təşkilatlarını məlumatlandırmağa çalışdıqlarını deyirlər.

"Xabad" təmsilçilərinə hücumdan sonra İsrail tərəfi Özbəkistanda antisemitizm hallarının arta biləcəyi barədə xəbərdarlıq edib. Hakimiyyət buna cavab olaraq bildirib ki, ölkədəki sinaqoqlar və digər obyektlər Milli Qvardiya və polis tərəfindən gecə-gündüz mühafizə olunur.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 31-də bildirib ki, Daşkənd müstəqil Fələstin dövlətinin qurulmasına tərəfdardır. Onun sözlərinə görə, ölkəsi Qəzzaya yarım milyon dollarlıq humanitar yardım ayıracaq.

Dünyada antisemitizm işartıları

Özbəkistanın paytaxtında antisemitizm halları İsrail ordusunun Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasına qarşı davam edən əməliyyatı fonunda baş verib. ABŞ və Aİ bu qruplaşmanı terrorçu sayır. HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək təxminən 240 nəfəri girov götürüb, min 200 nəfər öldürülüb.

Tərəflərin əldə etdiyi humanitar fasilə çərçivəsində HƏMAS onlarla girovu, İsrail isə yüzdən çox fələstinli qadın və yeniyetməni azad edib.

Qəzza zolağında keçirilən hərbi əməliyyat zamanı 15 minə yaxın dinc sakinin həlak olduğu bildirilir.

Dünyanın bir çox yerlərində fələstinlilərə dəstək aksiyaları keçirilir. Avropa, Rusiya və digər MDB ölkələrində antisemitizmin artdığı bildirilir. Məsələn, oktyabrın əvvəlindən Yerevanda Ermənistanın tək sinaqoqunu iki dəfə yandırmaq istəyiblər. Şimali Qafqazda isə oktyabrın sonunda bir neçə insident qeydə alınıb.

XS
SM
MD
LG