Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:53

Daşkəsən dəmiri uğrunda 3-cü mübarizə başlanıb


Daşkəsən Filizsaflaşdırma Kombinatı
Daşkəsən Filizsaflaşdırma Kombinatı

Prezident İlham Əliyev iyulun 13-də «Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında» sərəncam imzalayıb.

Sərəncamın mahiyyətini qısaca belə ifadə etmək olar: «Daşkəsən Filizsaflaşdırma» ASC «Azərbaycan Polad İstehsalı Kompleksi» Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) tərkibindən çıxarılsın və özəlləşdirilsin.

HÖKUMƏTƏ BİR AY VAXT VERİLİB

Bu, son 13 ildə Daşkəsən Filizsaflaşdırma Kombinatının sayca 3-cü özəlləşdirilmə cəhdidir. Kombinatın Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsi üçün hökumətə bir ay vaxt ayrılıb. Komitəyə QSC-də dövlətə məxsus 97 faiz səhmləri investisiya müsabiqəsi yolu ilə «dövlətin strateji maraqlarına uyğun şərtlərlə» satmaq və bundan ötrü nüfuzlu məsləhətçi şirkətdən yararlanmaq tapşırılıb.

Kombinatın «Azərbaycan Polad İstehsalı Kompleksi» (APİK) QSC-nin strukturundan çıxarılması, əslində, ikincini önəmsiz bir quruma çevirir, çünki 2013-cü ilin aprelində QSC məhz «Daşkəsən Filizsaflaşdırma» ASC-nin əsasında ölkədə yeni metallurgiya kompleksinin yaradılması məqsədilə qurulmuşdu.

«Azərbaycan Polad İstehsalı Kompleksi» QSC (APİK), bütövlükdə bir üst qurum olaraq, ötən il iyulun 23-dən - İdarə Heyətinin sədri Samir Dönməz oğlu Cəfərov müəmmalı şəraitdə vəzifəsindən kənarlaşdırılandan bəri oyundankənar vəziyyətdə qalmışdı: Səhmdar cəmiyyətində S.Cəfərovun kadrı kimi tanınan işçilər istefa vermiş, Gəncədə 2018-ci ilədək tikilməsi nəzərdə tutulan qara metallurgiya müəssisələri zəncirinin (dənəvər istehsalı zavodu, dənəvərdən birbaşa reduksiya yolu ilə dəmir istehsalı zavodu və polad istehsalı zavodu) layihələndirilməsi dondurulmuş, layihənin dövlət büdcəsindən maliyyələşdirilməsi tam dayandırılmışdı.

İLYARIM OLAR Kİ, PREZİDENT...

İlyarım olar ki, prezident İlham Əliyev də Azərbaycanda iri metallurgiya kompleksinin qurulmasından bir kəlmə belə söz açmamışdı. Hərçənd, o, 2015-ci ilin yanvarında qara metallurgiyanın potensialından danışarkən, bu sözləri dilə gətirmişdi:

«Bu, böyük dövlət vəsaiti tələb edən layihədir. İndi bizim gəlirlərimiz azalacaqsa da, fikrimcə, bu layihə sənayemizin inkişafı üçün prioritetdir, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycanda yeni ixrac məhsulu yaranacaq və bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcəkdir. Ona görə bu layihənin icrası ilə bağlı heç bir yubanma ola bilməz».

Metallurgiya sahəsində yeni emal müəssisələrinin yaradılması 2014-cü il dekabrın 26-da təsdiqlənmiş «Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı»nda da nəzərdə tutulub.

AZADLIQRADİOSUNUN SORĞUSUNA CAVAB

AzadlıqRadiosu yeni metallurgiya kompleksinin yaradılması sahəsində görülən işlərdən xəbər tutmaq üçün İqtisadiyyat Nazirliyinə və APİK QSC-yə sorğu göndərib. APİK ümumi işlər departamentinin baş mütəxəssisi Şəfa Həsənova sorğuya cavabda bildirib ki, «layihənin hər bir mərhələsi üzrə əsas tələb, risk, seçim və s. məqamları əks etdirən Yol Xəritəsinin hazırlanmasından ötrü məsləhətçi şirkət kimi ABŞ-ın «McKinsey&Company (Azerbaijan) Inc.» şirkəti cəlb edilib. Bu şirkət indiyədək aparılmış araşdırma və hazırlanmış hesabatların təhlili əsasında görüləcək işlərin əhatə dairəsi və icra müddəti göstərilməklə, işçi qrafik, tələb edilən investisiyanın ehtimal olunan dəyəri və s. barədə yekun hesabat üzərində işi davam etdirir. Bu hesabatda dəmir filizi yatağında ehtiyatların dəyərləndirilməsi, istehsal ediləcək məhsulun həcmi və çeşidi, tikiləcək zavodlar üzrə ilkin göstəricilər, infrastruktura olan tələbat da öz əksini tapacaq».

İSTEHSAL 65 FAİZ AZALIB

Hələ ki, APİK QSC-nin sözügedən layihəni indən belə davam etdirib-etdirməyəcəyinə dair məlumat yoxdur. Gəncədəki zavodların tikintisi üçün QSC-nin sərəncamına 140 hektar torpaq verilmişdi.

APİK 2015-2018-ci illərdə Daşkəsən Filizsaflaşdırma Kombinatının yenidən qurulmasını və aylıq istehsal gücünün 120 min tona çatdırılmasını da planlaşdırmışdı.

Dövlət Statistika Komitəsinin ilk yarımilə dair məlumatına görə, kombinatda 18.7 min ton dəmir filizi konsentratı istehsal edilib. İstehsal ötən ilin eyni dövrüylə müqayisədə 65 faiz azalıb. Müəssisənin anbarında isə 50 min tona yaxın məhsul yığılıb qalıb.

KOMBİNAT TARİXİNİN ƏN GƏRGİN DÖVRÜNDƏ...

Dövlət Gömrük Komitəsi ilin birinci rübündə Gürcüstana tonu 37.7 ABŞ dollarına 5 min 50 ton Azərbaycan filizi göndərildiyini, 2015-ci il boyunca isə həmin ölkəyə bütövlükdə 28.5 min ton filiz yola salındığını bildirmişdi.

Ötən il kombinatda filiz istehsalı təxminən 40 faiz artaraq, 127 min tonu aşmışdı. Bu səhmdar cəmiyyətinin özəlləşdirilməsinə indiki hazırlıq onun tarixinin ən gərgin dövrünə təsadüf edir.

Ekspertlər APİK-in «çöküşünün» ölkədəki qara metallurgiya nəhəngi ilə qarşıdurmadan qaynaqlandığını düşünürlər. Rəsmi dövlət qəzetində dərc olunmuş məqalədə QSC-nin nümayəndəsi «Baku Steel Company» MMC-yə məxsus iki zavodun («Azərboru» ASC və «Bakı Poladtökmə» ASC) dövlət şirkətinə verilməsinin qaçılmazlığını əsaslandırmağa çalışmışdı.

SƏRMAYƏÇİ AXTARIŞINDA 3-CÜ CƏHD...

«Daşkəsən Filizsaflaşdırma» ASC-nin səhmləri 2003-cü ildə Böyük Britaniyanın «Aldex Limited» şirkətinə, 2006-cı ildə isə yenə həmin ölkədə qeydiyyatdan keçmiş «Det.Al limited» şirkətinə satılmışdı. Hər dəfə də investisiya öhdəliklərinin yerinə yetirilməməsi səbəb gətirilərək səhmlər sərmayədarlardan geri alınmışdı.

İndi 3-cü dəfə sərmayəçi axtarışına start verilib.

XS
SM
MD
LG