Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:37

Dağıstanda tutulan Azərbaycan vətəndaşlarından xəbər var


Dağıstanda qalan: "Siyahılar rüşvətlə tərtib olunur"
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Dağıstanda qalan: "Siyahılar rüşvətlə tərtib olunur"

Rusiyadan Azərbaycana qayıtmaq tələbi ilə bu il iyunun 15-də həmin ölkənin Kullar (Dağıstan) yaşayış məntəqəsi yaxınlığında keçirilən etiraz aksiyasından sonra 10 nəfər Azərbaycan vətəndaşının həbs edildiyi bildirilir. "Turan" informasiya agentliyi həmin şəxslərin adlarını açıqlayıb. Agentliyin xəbərinə görə, bunlar Nahid Ağayev, Elbrus Əhmədov, Rövşən Hüseynov, Tural Qiyasov, Ceyhun Namazov, Emin İmaməliyev, Elmar Musayev, Elmar Mehdiyev, Ənvər Muradov və Əziz Fərəkzadədir.

Bu şəxslərə Rusiya Federasiyası Cinayət Məcəlləsinin (CM) 318-ci maddəsinin ikinci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılığın tətbiqi) maddəsi ilə ittiham verildiyi bildirilir. Onların habelə CM-in 167-ci maddəsinin birinci hissəsi (özgə əmlakının qəsdən məhv edilməsi) üzrə də ittihamla üzləşdikləri qeyd olunur.

Agentliyin xəbərinə görə, istintaqın versiyasında vurğulanıb ki, iyunun 15-də vətənlərinə buraxılmamaları, Kullar kəndi yaxınlığında müvəqqəti çadır düşərgəsində və yataqxanada qalmalarından narazı olan 400 nəfər Azərbaycan vətəndaşı etiraz əlaməti olaraq "Qafqaz" federal magistralını bağlamaq istəyiblər. İstintaq Komitəsinin press-relizində qeyd olunduğuna görə, etiraz edən bəzi Azərbaycan vətəndaşları "polis əməkdaşlarına tabe olmayıblar, onlara daş və başqa əşyalar ataraq hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq ediblər".

İddiaya görə, doqquz polis xəsarət alıb, beş xidməti maşına ziyan dəyib.

Bu işlə bağlı daha 80 nəfərə yaxın Azərbaycan vətəndaşının da qısamüddətli inzibati qaydada həbs edildiyi vurğulanıb. Onların çoxunun həbs müddəti bitdiyindən artıq sərbəst buraxıldığı söylənir.

Ancaq hadisə şahidləri bildirirlər ki, aksiya iştirakçılarının ən az yarısı polis zorakılığı və alçaldıcı davranışla üzləşiblər. Üstəlik, vurğulandığına görə, qısa və uzunmüddətli həbs edilənlər effektiv hüquqi müdafiədən kənarda qalıblar.

Rəsmilər nə deyir?

Rusiyada Azərbaycan vətəndaşlarının bu həbsi və onların çoxunun müdafiəsiz qalması ilə bağlı deyilənlərə, hələlik, Azərbaycan rəsmilərindən münasibət öyrənmək mümkün olmayıb. Amma sərhəddə baş verən məlum olaydan sonra Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bunları demişdi: ""Samur" sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq".

O demişdi ki, vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara, uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib. Aprelin əvvəlindən isə ölkəyə gəliş-gediş məhdudlaşdırılıb.

Bu səbəbdən də son aylar Rusiyaya işləməyə getmiş yüzlərcə Azərbaycan vətəndaşı Dağıstana toplaşaraq ölkələrinə dönmək istəyirdilər (Koronavirus pandemiyası ilə bağlı Rusiyada da bir sıra iş və xidmət sahələrində fəaliyyət dayandırılmışdı. Hazırda isə bir çox məhdudiyyətlərin götürüldüyü qeyd edilir). Onlardan yalnız bir hissəsinin mərhələli şəkildə Azərbaycana keçə bildiyi deyilirdi. Narazılığın da bundan sonra baş verdiyi söylənirdi.

Həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyindən də bildirmişdilər ki, xaricdə olan Azərbaycan vətəndaşları "Evə gedirəm" portalı vasitəsilə qeydiyyata düşməklə mərhələli şəkildə ölkələrinə gələ bilərlər. Bu prosesin davam etdiyi söylənir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 10 milyon 426 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 508 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycandan isə indiyə qədər 16 min 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 206 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG