Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:36

'Dekabank' rəhbəri məhkəmə qarşısında: 'Sanki bütün işləri o görüb...'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

2016-cı ilin yayında lisenziyası ləğv olunan “Dekabank”ın rəhbəri Niyazi Vəliyev 5 milyonluq suçlama ilə məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Niyazi Vəliyev hakim önündə tək deyil. Bankın maliyyə departamentinin direktoru olmuş Bəhram Hüseynov da onunla birlikdə mühakimə olunur.

Onlara CM-nin 178 (dələduzluq), 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Cinayət işində bankın təxminən beş milyonluq zərərdən söhbət gedir.

Buna da bax: Ekspert: 'Fazil Məmmədov milyarder nazirlərdən biri idi, görünür...' [video]

Dekabrın 20-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sabiq bank rəhbərinin vəkilləri müəyyən sübutların siyahıdan çıxarılması haqda vəsatət qaldırıblar. Müdafiəçilər özəlliklə iş materiallarındakı Akta etiraz ediblər. Deyiblər ki, həmin sənədi Seymur Abbasov adlı şəxs tərtib edib. Onu da kimsə tanımır: “Məlum deyil ki, həmin şəxsin bu yoxlamanı aparmağa savadı varmı, təhsili nədir? Bu haqda iş materiallarında bir dənə də məlumat yoxdur. İstintaq orqanı özü istədiyi bir adamı dəvət edib, ondan rəy alıb. Təqsirləndirilən şəxsin bundan xəbəri olmayıb. Sonra da onun tərtib etdiyi Akt əsasında hüquqlarını müdafiə etdiyimiz şəxsə ittihamlar verilib. Biz bu Akta etiraz edirik və sübutlar siyahısından çıxarılmasını xahiş edirik”.

Buna da bax: Hüquq müdafiəçisi: 'Çox istərdim deyəm ki, durum yaxşılaşır... Deyə bilmirəm'

Müdafiə tərəfinin daha bir vəsatəti Niyazi Vəliyevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun ev dustaqlığına buraxılması haqda olub. Vəkilləri deyir ki, cinayət işində xeyli ziddiyyətlər var: “Cinayət işi qərəzli aparılıb. Elə bil, “Dekabank” bircə Niyazi Vəliyevdən ibarət olub, bütün işləri o görüb...”

Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı dekabrın 27-nə təyin edilib.

XS
SM
MD
LG