Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:46

Toksikoloq: 'Qadınlar dəm qazına daha dözümlü olur'


Toksikoloq Azər Maqsudov
Toksikoloq Azər Maqsudov

Havaların soyuması dəm qazından zəhərlənmə və ölüm hallarını artırıb. Elə dekabrın 4-də Zaqatalada iki gəncin dəm qazından zəhərlənərək öldüyü bildirilir.

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov AzadlıqRadiosu-na müsahibəsində bu ilin statistikasını açıqlayır:

– Bizə müraciətlər, əsasən, dəm qazı ilə zəhərlənmələrlə bağlıdır. Əgər ötən il 402 xəstə qəbul eləmişdiksə, bu ilin 11 ayı ərzində dəm qazı ilə zəhərlənənlərin sayı 334-dür. Bizə zəhərlənmə diaqnozu ilə müraciət edənlər ötən il də, bu il də çox olub. 2015-ci ildə təxminən 500 zəhərlənmə hadisəsi qeydə alınıb, bu il də 400-dən çoxdur. Hələ il bitməyib, rəqəmin artma ehtimalı var. Deyim ki, bu, bizim şöbəyə müraciətlərin statistikasıdır. Ölkə üzrə statistikanı Səhiyyə Nazirliyi aparır.

Buna da bax:​ Dəm qazından bir nəfərin öldüyü, iki nəfərin zəhərləndiyi deyilir

Azər Maqsudov: 'Bizə gətiriləndə artıq xəstələr, tibbi dillə desək, meyit olublar'
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00
Direct-ə keçid

– Dəm qazı ilə zəhərlənənlərin nə qədəri ağır sayılıb?

– Təxminən 10 faizi bizə ağır şəkildə gətirilib, 70 faizi orta-ağır qiymətləndirilib. Bütün xəstələri müayinə və müalicə ilə təmin etmişik. Elə xəstələr olub ki, təkcə zəhərlənməyib, huşunu itirən zaman müxtəlif yanıq xəsarətləri də alıb. Yəni, bu xəstələri gərəkən həkimlərlə təmin edib, sağaldıb evə göndərmişik.

– Dəm qazı zəhərlənməsindən həyatını itirən…

– Bu il dəm qazı zəhərlənməsindən həyatını itirən olmayıb. Ötən il bir xəstə bütün müalicələrə baxmayaraq, həyatını itirdi.

– Bəs xəstəxanaya gətirilərkən həyatını itirən olubmu?

– Bəli, 7 belə hadisə olub. Bizə gətiriləndə artıq xəstələr, tibbi dillə desək, meyit olublar. Həkimlər də onların öldüyünü təsdiqləyib. Ancaq hansısa xəstədə həyat əlaməti olsa, həkimlər bütün gücləri ilə yardım edirlər ki, onu həyata qaytarsınlar.

Buna da bax: Tüstü bacasını kimə təmizlətdirmək olar?

– Dəm qazından zəhərlənmə, əsasən, hansı fəsillərdə çoxalır?

– Qış aylarında. Son vaxtlar da havalar çox soyuq keçir, bu da müraciətlərin sayının artmasına təsir göstərir.

– Dəm qazından zəhərlənmənin ilkin əlaməti nədir?

– Baş gicəllənməsi, ürək bulanması, göz yaşarması… Bilirsiz ki, dəm qazının heç bir spesifik qoxusu yoxdur. Burda əsas huşun üstündə olmasıdır. Huşu üstündə olan adamı dərhal havaya çıxarmaq lazımdır ki, oksigen uda bilsin, amma eyni zamanda bədəni isti bir şeylə örtmək lazımdır. Çünki bu zaman bədənin istiliyi düşür. Hava alandan sonra isti maye vermək gərəkdir. Mütləq həkim çağırsınlar.

– Bəs huşu üstündə olmayanda?

– Onda dərhal adamın ağzı selikdən təmizlənməlidir ki, təmiz hava uda bilsin. Təcili həkimə çatdırmaq lazımdır.

Buna da bax:​ 'Əhaliyə verilən qaz keyfiyyətsizdir'

– Dəm qazından zəhərlənmədə yaş kateqoriyası necə rol oynayır?

– Uşaqlar və qocalar daha tez reaksiya verirlər zəhərlənməyə, çünki onların bədənləri zəif olduğundan zəhərlənməyə dirəniş göstərə bilmirlər. Orta yaşlılar daha dözümlüdür, xüsusilə, qadınlar oksigen çatışmazlığına kişilərdən daha dözümlü olurlar.

– Azər müəllim, dəm qazından niyə zəhərlənirlər? Bu sualın cavabı varmı sizdə?

– Adətən, dəm qazından zəhərlənmə hamamda qeydə alınır. Hamam da qapalı mühitdir. Biz ona fikir vermişik ki, zəhərlənmə halları yeni tikililərdə daha az baş verir, əsasən, köhnə mənzillərdə, bir neçə ailənin yaşadığı həyətlərdə belə hallar daha çox olur.

– Belə tənqidlər səslənir ki, qaz normalara uyğun emal olunmur, qış aylarında qazın donmamasından ötrü onun tərkibinə insan həyatı üçün zərərli maddə vurulur.

– Biz qazın tərkibi ilə bağlı ötən il məsələ qaldırdıq. Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz”ın nümayəndələri ilə görüşdük. Hər iki qurumdan aldığımız rəsmi cavab bu oldu ki, qazın tərkibində heç bir qatqı yoxdur.

Buna da bax: Dəm qazından zəhərləndi

– Belə çıxır ki, dəm qazından zəhərlənməyə görə məsuliyyət vətəndaşların üzərində qalır?

– Bacaların təmizlənməməsi, qaz olan yerdə ventilyasiya sisteminin düzgün qurulmaması, qaz cihazının quraşdırıldığı yerin ölçüsünün ona uyğun olmaması… Bütün bunlar dəm qazından zəhərlənməyə yol aça bilər. Bəzən hamam balaca olur, suqızdırıcı cihazın gücü isə ona uyğun gəlmir.

– Sovet dövründə dəm qazından zəhərlənmə halları indiki kimi çox olurdumu?

– O zaman da belə hadisələr qeydə alınırdı. Ancaq həm bu məsələyə o qədər diqqət yox idi, həm də o zaman Bakıda bu qədər adam yaşamırdı. Sakinlərin çox olması da statistikaya təsir edir.

– Azər müəllim, dəm qazından başqa, bu 11 ayda daha hansı haldan zəhərlənmə diaqnozu ilə şöbəyə xəstə gətiriblər?

– İl ərzində 68 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə gətirilib, onlardan səkkiz nəfərinin həyatını xilas edə bilməmişik. Dərman zəhərlənmələri də ikinci yerdə gəlir, əsasən, psixotrop təsirli dərmanlardan zəhərlənmə halları var. 123 belə hadisə qeydə almışıq.

Buna da bax:​ "Hamamdaydım, gözümü açanda özümü xəstəxanada gördüm"

– Bunların arasında intihar hadisəsi nə qədər olub?

– 3-5 faizi intihar məqsədi ilə olub, çoxu affekt halında baş verib. İntiharla affekt arasında fərq odur ki, intihar edənlər ölümü məqsədli seçir, amma affekt vəziyyətində olan nəticəni fikirləşmədən addım atır. Dərman zəhərlənməsindən ölüm halı qeydə alınmayıb.

– İlan zəhərlənmələri ilə bağlı durum necədir?

– Ölkə üzrə 114 ilan zəhərlənməsi halı qeydə alınıb. Bundan ölən olmayıb. Əsasən, apreldən düz sentyabra qədər belə zəhərlənmələr baş verib. Şirvan, Şamaxı, Hacıqabul, Yevlax, Şəmkir, Tovuz, Bərdə, cənub rayonlarında bu zəhərlənmə xarakterikdir. Ağır olanları Klinik Mərkəzə göndəriblər.

XS
SM
MD
LG