Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:28

Demokratlar Vaşinqtona ştat statusunun verilməsini istəyirlər


ABŞ-da demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatası ölkənin paytaxtı Vaşinqtona ştat statusunun verilməsinə dair təşəbbüsü 232-180 nisbəti ilə qəbul edib.

Reuters yazır ki, bu təşəbbüsə respublikaçılardan heç biri səs verməyib.

Respublikaçıların çoxluğa malik olduqları Senatın bu qanunvericilik təşəbbüsünü dəstəkləyəcəyi gözlənilmir.

Belə bir təşəbbüsün əleyhinə prezident Donald Trump da çıxış edib. O bildirib ki, Vaşinqtona ştat statusunun verilməsi Konqresə daha çox demokratın seçilməsinə yol açardı.

Həqiqətən də Vaşinqtondakı seçicilər indiyədək yalnız demokrat merlərə səs veriblər.

Reuters yazır ki, Vaşinqtona ştat statusunun verilməsi respublikaçıların Senatda çoxluğa malik olmalarını da çətinləşdirə bilər.

Bu təşəbbüs hələ səsə qoyulmazdan əvvəl respublikaçı konqresmenlər rayonun ştata çevrilməsi təşəbbüsünü demokratların “siyasi fəndi” adlandırmış və demişdilər ki, onun həyata keçirilməsi ABŞ Konstitusiyasına düzəliş olunmasını tələb edəcək.

Üstəlik bəzilərinin fikrincə Vaşinqton ştat olmağın tələblərinə cavab vermir və əslində Merilend ştatına qatılmalıdır.

Donald Trump George Washington-un portreti qarşısında çıxış edir
Donald Trump George Washington-un portreti qarşısında çıxış edir

Vermont və Vayominqdən böyük

Təşəbbüsün tərəfdarları isə bildirirlər ki, 700 min əhalisi olan Vaşinqton Vermont və Vayominqdən böyük olmasına və vergi ödəməsinə baxmayaraq federal hakimiyyətdə səsə malik deyildir.

Belə bir vəziyyətə etiraz hətta Vaşinqtonun avtomobil dövlət nömrə nişanlarında da görünür. Nömrə lövhələrinin üstünə “təmsil olunmadan vergi ödəyən” şüarı yazılıb.

Hazırda rayonun yerli hökumətinin qəbul etdiyi qanunvericilik aktı Konqresdə nəzərdən keçirilir.

Vaşinqtondan Konqres deputatı olan xanım Eleanor Holmes Norton bu barədə deyib:

“Konqresin iki seçimi var: O ya ölkənin paytaxtına sakin olan 705 min amerikalının üzərində qeyri-demokratik, avtoritar hakimiyyəti davam etdirə və ya ölkənin vədlərinə və ideallarına səs verə bilər”.

Yeri gəlmişkən, xanım Norton bu məsələyə dair qanunvericilik aktının səsverməsinə iştirak hüququna malik deyildir.

George Washington və Frederick Douglass

Vaşinqton rayonunun statusu ilə bağlı hiddət koronavirus pandemiyası şəraitində yenidən alovlanıb.

Vaşinqton pandemiya ilə mübarizə üçün federal hökumətdən 500 milyon dollar alıb, halbuki qalan 50 ştatın hər birinə 1.2 milyard dollar verilib.

Afroamerikalı George Floydun ölümünə ölkə boyunca etirazların yayıldığı vaxt Trump buradakı etirazların dayandırılması məqsədilə Vaşinqton rayonu merinin rəyi soruşulmadan bu əraziyə Milli Qvardiyanın əsgərlərini göndərib.

Plana görə ştat olduqdan sonra onun tam adı Vaşinqton - Duqlas Birliyi olmalıdır.

Beləliklə, Vaşinqton həm Birləşmiş Ştatların ilk prezidenti George Washington-un, həm də Duqlas kimi quldarlığa qarşı əfsanəvi qaradərili mübariz Frederick Douglass-ın adını daşıyacaq.

Frederick Douglass (1818-1895)
Frederick Douglass (1818-1895)

“Şokolad şəhər”

Bu ştat rayonun sakinlərini təmsil edəcək, amma inzibati binalar, abidələr və muzeylər federal mülkiyyətdə qalacaq.

Birləşmiş Ştatlar son dəfə 1959-cu ildə, Alyaskaya və Havay adalarına 49 və 50-ci ştat statusu verilərkən genişlənib.

O vaxt bu qərara Konqres səs vermiş və qanun prezident tərəfindən dəstəklənmişdi.

ABŞ Konstitusiyası Konqresə ölkənin tərkibinə yeni ştatların qəbulu səlahiyyəti verir, hərçənd prosedurun özü əsas qanunda tam təfsir edilməyib.

“Parliament” pop qrupu tərəfindən “Şokolad şəhər” ləqəbini qazanmış Vaşinqton 1960-ci ildə əhalinin siyahıalınmasında qaradərililərin çoxluğa malik olduğu şəhər kimi qeydiyyatdan keçib.

Burada qaradərili amerikalılar əhalinin 46 faizini təşkil edirlər. Elə ağdərili əhalinin faizi də bu qədərdir.

XS
SM
MD
LG