Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:59

Deputat: '50 manatı saxlamaq üçün 30 qəpikdən keç'


Bakı bazarları yenə qaynayır. Sanki heç koronavirus yoxmuş...
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Bakı bazarları yenə qaynayır. Sanki heç koronavirus yoxmuş...

İyunun 2-də Milli Məclisdə karantin rejimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Cərimələr fiziki şəxslərə 50, vəzifəli şəxslərə 100, hüquqi şəxslər üçün isə 200 manat müəyyən edilib. Sənədə əsasən, bu xətanın təkrar törədilməsinə görə də cərimələr qoyulub. Bu halda cərimə fiziki şəxslərə 100, vəzifəli şəxslərə 200, hüquqi şəxslərə isə 400 manat olmalıdır.

"Burada bir tələskənlik var"

Hüquqşünas Hafiz Həsənov mövzu ilə bağlı AzadlıqRadiosuna açıqlamasında deyib ki, bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliklərin qəbul edilməsində tələsiklik olub:


"Burada bir tələskənlik var. Adətən, birinci oxunuşdan sonra fasilələr yaranır, müzakirələr gedir, sonra ikinci oxunuş başlanır. Milli Məclisdə dəyişikliklərin belə dalbadal üç iclasda qəbul olunması (mayın 31-i birinci oxunuş, iyunun 1-də ikinci oxunuş, iyunun 2-də isə üçüncü oxunuşda qəbul edildi) da bu tələskənliyin göstəricisidir".

H.Həsənov vurğulayıb ki, yəqin sabah, iyunun 3-də prezident qanunu imzalayacaq. Üstəlik, onun fikrincə, cərimələrin məbləği yüksəkdir:

"Məbləğlər insanların həyat şəraitlərinə uyğun deyil"

"Əlbəttə, təyin edilən məbləğlər insanların həyat şəraitlərinə uyğun deyil. Həm də, qanunvericilik texnikasında belə cəhət var ki, verilən sanksiyalar ədalətli, insanların həyat şəraitinə uyğun, icra edilə bilən olmalı, tətbiqində problem yaranmamalıdır".

H.Həsənov
H.Həsənov

Cərimələr qapalı məkanlarda, nəqliyyatda və növbələrdə maskadan istifadə edilmədiyi halda kəsilə bilər.

Hüquqşünas gözlənilən dəyişikliklərdə qapalı məkana (restoran, mağaza, kafe və s.) vətəndaşın maskasız gəlməsinə görə hüquqi şəxsin məcburi məsuliyyət daşıması kimi müddəanın yer almasını anlaşılmaz sayır:

"Bu nə dərəcədə ədalətli yanaşmadır?"

"Bu nə dərəcədə ədalətli yanaşmadır? Hüquqi şəxs işini-gücünü buraxıb obyektə, mağazaya maskasız gələnlərə də nəzarət etməlidir? Bu baxımdan, vəzifəli, hüquqi şəxslərin üzərinə belə məcburi öhdəlik qoyulması Konstitusiya və qanunlara da uyun gəlmir".

H.Həsənovun vurğulamasına görə, burada cərimə cəzasından çox inandırma, maarifləndirmə daha məqbul sayılardı, bu mənada adi insanlar üçün indiki şərtlərdə 50 manat özü də çox böyük məbləğdir.

"Ciddi əsaslar var"

Deputat Fəzail Ağamalı isə "Turan" agentliyinə deyib ki, bu dəyişikliklərin olunmasına ciddi əsaslar var: "Belə ki, sərt karantin rejimi zamanı istər koronavirusa yoluxanların, eləcə də bu səbəbdən vəfat edənlərin sayında ciddi azalma var idi. Amma karantin rejimində yumşalmalar başlayan kimi virusa yoluxanların da, vəfat edənlərin də sayı artdı. Bu durumda belə halların geniş miqyas almaması üçün ciddi tədbirlər görülməsi vacib idi".

F.Ağamalı
F.Ağamalı

Deputatın fikrincə, insanlar həm adi həyat şəraitinə qayıtmalı, həm də özlərini koronavirus infeksiyasına yoluxmadan qorumalıdırlar.

F,Ağamalının sözlərinə görə, bunun üçün o qədər də ağır tələblər yoxdur, əhali Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini nəzərə almalıdır: "Qoruyucu tibbi maskalardan istifadə etmək, sosial məsafəni saxlamaq, gigiyenik qaydalara əməl etmək lazımdır".

"30 qəpik ver maska al, özünü və ailəni qoru"

Deputat hesab edir ki, yumşalmalar insanlarda bu virusun artıq yoxa çıxması kimi arxayınlıq yaradıb, bəziləri bu bəlanı ciddiyə almır, tələblərə biganəlik göstərirlər. Onun fikrincə, bu halda bu bəladan çıxmağın yeganə yolu cərimələrin tətbiqidir:


"Bu cərimələrin fəlsəfəsi qoruyucu maskalardan istifadə etməyən, etməyə biganəlik göstərən, qoyulan rəsmi tələblərə əməl etməyən vətəndaşları bundan çəkindirməkdir. Sadə məntiq var: 30 qəpik ver maska al, özünü, özünlə birgə qarşındakını və ailəni də qoru. Eyni zamanda, cərimə verməyə məcbur qalma. 50 manatı saxlamaq üçün 30 qəpikdən keç".

Deputat deyib ki, cərimələrin miqdarının yuxarı qoyulmasının əsas səbəbi insanlarda məsuliyyət hissini gücləndirməkdir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 377 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə hazırkı dövrədək 5 min 662 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 69 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Karantin mayın 4-nə, sonra həmin ayın 31-nə və nəhayət, iyunun 15-nə kimi uzadılıb. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb.

XS
SM
MD
LG