Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:32

Kiyevin satqınlıqda ittiham etdiyi keçmiş deputatın meyiti Moskva yaxınlığında tapılıb


İlya Kiva
İlya Kiva

Moskva yaxınlığında Ukrayna parlamenti – Verxovna Radanın keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.

Bu barədə ilk məlumatı Rusiyanın Ren TV kanalı mənbələrə istinadla verib.

Rusiyanın RIA Novosti dövlət xəbər agentliyinin fövqəladə xidmətlərdəki mənbəyi və RBK agentliyinin DİN-ə yaxın mənbəyi bildiriblər ki, meyit Odintsov rayonunun Suponevo kəndindəki otellərdən birinin park zonasında aşkar edilib.

Kivanın ölümünü Rusiya İstintaq Komitəsinin Moskva idarəsi də təsdiq edib.

İdarədən bildiriblər ki, Kiva odlu silahdan aldığı yaradan yerindəcə ölüb.

Bu ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

Ukrayna xüsusi xidmətləri barədə iddia

“Ukrainskaya pravda” qəzetinin mənbələri iddia ediblər ki, keçmiş deputatın qətlinin arxasında Ukraynanın xüsusi xidmətləri dayanır.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov televiziya efirində Kivanın ölümünü təsdiq edib:

"Təsdiq edə bilərik. Kiva bitdi. Ukraynanın başqa satqınlarını da belə aqibət gözləyir”.

Noyabrın ortalarında Lvov məhkəməsi Kivanı dövlətə xəyanətdə təqsirli bilmiş və ona 14 il iş kəsmişdi.

Keçmiş milis işçisi və Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş müşaviri Kiva Ukraynanın şərqində gedən müharibədə Kiyevin tərəfində döyüşüb.

O Rusiyada qadağan olunmuş “Sağ sektor” partiyasının regional ofisinin rəhbəri olub.

Ukrayna prezidentliyinə namizəd olmuşdu

2014-cü ildə keçirilən Ukrayna prezidenti seçkisində iştirak edən Kiva 0.03 faiz səs toplamışdı.

O Radaya “Həyat naminə - Müxalifət platformasının” üzvü kimi seçilmişdi. Ukraynada bu partiyanı rusiyayönlü təşkilat hesab edirlər.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlanandan sonra partiyanın fəaliyyəti dayandırılıb və 2022-ci ilin iyununda bu təşkilat məhkəmə qərarı ilə qadağan edilib.

Rusiyanın Ukraynaya hücumu ərəfəsində Kiva iki ölkənin birləşdirilməsini təklif etmişdi. O Putini “böyük hökmdar” adlandırmış və demişdi ki, “Ukrayna xalqını azad etmək lazımdır”.

O bildirirdi ki, ukraynlar, ruslar və beloruslar eyni millətdirlər.

Siyasətçiyə qarşı cinayət işi 2022-ci ilin martında, Rusiyanın hücumundan dərhal sonra qaldırılmışdı.

Keçmiş deputat Rusiya dövlət telekanallarının efirlərində tez-tez çıxışlar edirdi, İspaniyada yaşayırdı.

Daha sonra o Ukraynanı onu oğurlamaq cəhdində ittiham etmiş və Rusiyadan siyasi sığınacaq istəmişdi.

XS
SM
MD
LG