Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:14

Deputat: 'Rusiya üzr istəməlidir'


Rusiya ilə sərhəddə qarşıdurma: yaralı və saxlananlar var
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Rusiya ilə sərhəddə qarşıdurma: yaralı və saxlananlar var

İyunun 16-da Rusiya ərazisində (Dağıstanda) sərhəddə toplaşan Azərbaycan vətəndaşlarının daha bir hissəsi ölkəyə gətirilib. Amma hələ də yüzlərcə Azərbaycan vətəndaşı orada qalaraq ölkələrinə keçəcəkləri vaxtı gözləyirlər. Onların bəzilərinin artıq iki aydan da çoxdur orada qaldıqları, ölkələrinə qayıtmaq istədikləri bildirilir.

İyunun 15-də həmin Azərbaycan vətəndaşlarının yerli polis ilə toqquşması olub. 70-dən çox Azərbaycan vətəndaşının saxlandığı, bəzilərinin xəsarət aldıqları bildirilir.

Dünən, iyunun 16-da bu məsələlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Prezidentin köməkçisi də açıqlama verdilər.

XİN-in sözçüsü Leyla Abdullayeva deyib ki, nazirlik dəfələrlə vətəndaşlara müraciət edərək ölkəyə geri dönüşün qeydiyyat əsasında həyata keçirildiyini vurğulayıb:


"...Yaşlılar, xəstələr, qadınlar və həssas kateqoriyaya daxil olan digər vətəndaşlarımızın prioritet təşkil etdiyini, geri dönüşün ölkəmizdəki karantin yerlərinin qəbuletmə imkanları ilə bilavasitə əlaqəli olduğunu qeyd etmişik. Sərhəd keçid məntəqəsinə toplaşmağın çıxış yolu olmadığı və mövcud vəziyyətdə anlayış göstərmələrini israrla xahiş etmişik".

Prezidentin köməkçisi Hikmət Hacıyev də oxşar fikirləri ifadə etməklə sonda da bunları bildirib: ""Samur" sərhəd-keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən olunmuş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq".

"Məsələnin tam həlli deyil"

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AzadlıqRadiosuna müsahibəsində deyib ki, Azərbaycan vətəndaşlarının Dağıstanda, Rusiyanın Azərbaycanla sərhədində toplaşmaları bu vaxta qədər xüsusi olaraq nəzərə alınmalı idi. O qeyd edib ki, həmin şəxslərin çoxu Rusiyada işləyir və bu amili də öndə tutmaq önəm kəsb edirdi.

İ.İsmayıl
İ.İsmayıl

İ.İsmayılın fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin və Prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlamalarında vurğuladıqları məqam, yəni, Azərbaycan vətəndaşlarının qrafik üzrə gətirilməsi məsələnin tam həlli deyil: "Məsələni 120, 150 nəfər gətirməklə tam həll etmək olmaz. Hətta açıqlamalarda verilən rəqəm sayı belə çox acınacaqlıdır. Bu dediklərim konkret olaraq Rusiya ilə sərhədə aiddir. Odur ki, burada fərqli münasibət göstərilməli idi".

"Ölkədə çoxsaylı olimpiya idman kompleksləri var ki,..."

Ekspert bu xüsusda ölkədə karantin rejimi olması, gətirilənlərin hamısının karantinə alınmasının mümkün olmaması kimi fikirləri də əsassız sayır. O vurğulayıb ki, ölkədə çoxsaylı olimpiya idman kompleksləri var ki, boşdurlar, pandemiya dövründə onlardan xəstəxana kimi istifadə etmək olar:


"Koronavirus pandemiyasının zirvə həddində İspaniya, İtaliya idman komplekslərini çarpayılarla dolduraraq xəstəxanalara çevirdilər, arakəsmələr qoydular. Nədən biz karantin dövründə bu təcrübədən istifadə etməyək? Xüsusilə Quba-Qusar, Xaçmazda bunu etmək olardı. Bu da Dağıstandakı Azərbaycan vətəndaşlarını kütləvi şəkildə gətirməyə imkan verərdi. Bunları deməkdə məqsədim odur ki, çox təəssüf ki, Azərbaycan hökuməti Rusiya sərhədində cəmləşən Azərbaycan vətəndaşlarına xüsusi bir etinasızlıq göstərdi".

"Bu, vətəndaşın konstitusion haqqıdır, amma..."

Deputat Razi Nurullayev isə mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, Rusiya və eləcə də Dağıstanda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmaq istəmələri onların konstitusion hüququdur.

Amma deputatın fikrincə, indi karantin şəraitində ölkə elə bir axını qəbul etməyə hazır deyil: "Amma indiki halda hökuməti də başa düşmək olar ki, Azərbaycan tibb mərkəzləri gələn axının qarşısında davam gətirə bilməz. Yəni, burada ağrılı məsələ odur ki, vətəndaşlar ölkəyə qayıtmaq istəyirlər. Hökuməti də başa düşmək olar ki, indiki vəziyyətdə bu qədər insanı qəbul etməyə hazır deyil".

R.Nurullayev
R.Nurullayev

Deputatın fikrincə, bu məsələdə qəzəb doğuran məqam isə Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycan vətəndaşlarına qarşı davranışıdır: "Kimlərsə qanuna tabe olmursa, elələri cəzalandırıla bilərlər, amma insanları kütləvi şəkildə yerə uzandırıb, bu şəkildə təhqiredici fotoları yaymaq insanlığa sığmayan hərəkətdir. Bu, Azərbaycan dövlətçiliyinə, Azərbaycan vətəndaşlarına aşağılayıcı hərəkətdir".

"Azərbaycan Rusiyanı bütün beynəlxalq təşkilatlarda müdafiə edir..."

R.Nurullayev daha sonra da əlavə edib: "Azərbaycan Rusiya ilə dost ölkədir, Rusiyanı bütün beynəlxalq təşkilatlarda müdafiə edir, Rusiya əleyhinə sanksiyalara qoşulmur. Ən azı buna görə Rusiya Azərbaycan qarşısında özünü borclu hesab etməli və Azərbaycan vətəndaşlarına qarşı belə hərəkətə yol verməməlidir. Rusiya bu məsələnin səngiməsi üçün Azərbaycan tərəfindən üzr istəməlidir. Çünki eyni hərəkəti nə ABŞ, nə Yaponiya, nə də Avropa Birliyi vətəndaşlarına edə bilərdi".

Bu açıqlamaya, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyi və bu ölkənin hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 282 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 446 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycandan isə indiyə kimi 10 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 126 nəfərin vəfat etdiyi açıqlanıb.

Koronovirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin elan edilib. Aprelin əvvəllərindən isə ölkəyə girişı-çıxış dayandırılıb.

XS
SM
MD
LG