Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:52

Dillər Universiteti rektorunun məhkəməsində dava düşdü


Kamal Abdulla
Kamal Abdulla

Avqustun 1-də Dövlət Dillər Universitetinin rektoru Kamal Abdullanın bu təhsil ocağının üç nəfər indiki və keçmiş işçilərinə, eləcə də "Xural" qəzetinin rəhbəri Əvəz Zeynallıya qarşı iddiası üzrə məhkəmə başlayıb.

Kamal Abdulla iddia edir ki, "xural.com" saytında yayımlanan yazılarda onun şərəf və ləyaqətinə zərbə vurulub. Həmin yazılar universitetdə işdən çıxarılan və ya başqa formada cəzalandırılan şəxslərin (Vüsalə Ağabəyli, Pərvin Mürsəlova və Elmira Baxşəliyeva) Təhsil Nazirliyinə, vise-prezidentə şikayət məktubları, müsahibələri əsasında hazırlanıb.

Kamal Abdulla Əvəz Zeynallıdan 10 min, Vüsalə Ağabəylidən 5 min, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat, onların üzr istəməsini, yayılan məlumatların həqiqətə uyğun olmaması barədə təkzib verilməsini tələb edir.

Avqustun 1-də Binəqədi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında cavabdehlərdən Əvəz Zeynallı və Elmira Baxşəliyeva bu işə həmin məhkəmədə baxılmasına etiraz edib.

"Məhkəmənin sədri Araz Kazımovun atası mərhum Nurəddin Kazımovla Kamal Abdullanın yaxşı münasibəti olub. Onun dəfn mərasiminin hazırlanmasında da yaxından iştirak edib. Universitetin həyətində danışanda deyib ki, bu iş Arazın köməyilə həll olunacaq", – Elmira Baxşəliyeva belə deyib.

Məhkəmədə qalmaqal yaranıb

Kamal Abdulla özü məhkəməyə gəlməyib, onun nümayəndəsi kimi, vəkil Muxtar Mustafayev iştirak edib. O, iddiaya əlavə verib. Məlum olub ki, Kamal Abdulla əvvəlki iddia ərizəsində göstərmədiyi, lakin özünə qarşı təhqir hesab etdiyi başqa müsahibə və yazıları da məhkəməyə təqdim edir.

Əvəz Zeynallı məhkəmənin hazırlıq iclasının təxirə salınmasını istəyib:

"Cavabdehlərdən Vüsalə Ağabəyli səhhətindəki problemlərlə əlaqədar ölkədə yoxdur, məhkəmədə iştirak etmir. Həm də biz heç əvvəlki iddia ərizəsini almamışdıq, indi yenilərini də verdi. Üçü birlikdə 60 səhifəyə yaxındır, biz tanış olmalıyıq".

Hazırlıq iclasının təxirə salınması məsələsi müzakirə olunanda vəkil Muxtar Mustafayevin "gözləyin, quzu balası kimi təkzib verəcəksiniz" deməsindən sonra prosesdə qalmaqal düşüb.

Əvəz Zeynallı
Əvəz Zeynallı

Əvəz Zeynallı ona məhkəmə qərarı olmadan əminliklə danışmasını irad tutub. Muxtar Mustafayev və Əvəz Zeynallı bir-birinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Vəziyyətin əlbəyaxa dava həddinə çatdığını görən hakim Emin Əliyev Muxtar Mustafayevi məhkəmə zalından çıxarıb.

Məhkəmə avqustun 9-na qalıb.

Kamal Abdulla ilə universitetin adları çəkilən işçiləri arasında məhkəmə çəkişmələri aylardır davam edir.

Onların üçü də rektoru məhkəməyə verib. İddia edirlər ki, Kamal Abdulla rektor təyin ediləndən sonra müəllim və tələblərin ifadə azadlığını məhdudlaşdırır, onun dediklərinə qarşı çıxanları cəzalandırır.

Kamal Abdulla isə onların öz işlərinin öhdəsindən gələ bilmədiklərini deyir. İddia edir ki, haqlı cəzalandırdığı adamlar ona böhtan atırlar.

XS
SM
MD
LG