Keçid linkləri

2025, 31 Mart, Bazar ertəsi, Bakı vaxtı 07:54

Din azadlığı hesabatında Azərbaycandan nə deyirlər


"Nardaran mıəhbusları"nın məhkəməsi zamanı namaz (Foto arxiv)
"Nardaran mıəhbusları"nın məhkəməsi zamanı namaz (Foto arxiv)

2024-cü ildə Azərbaycanda dini etiqad azadlığı ilə bağlı vəziyyət pis olaraq qalıb. Bunu ABŞ-nin Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası (USCIRF) illik hesabatında bildirib.

Hesabatda deyilir ki, ötən ildə də ölkədə "şiə müsəlmanlar İranla əlaqələrdə ittiham olunaraq həbs ediliblər".

Azərbaycanda vəziyyət dəyişməyib

Sənəddə digər insan haqları təşkilatlarının hesabatlarına istinadən bildirilib ki, Azərbaycanda həbs olunanların əksəriyyəti saxta narkotik ittihamları ilə üzləşib: "Saxlanılanların bir çoxu narkotik ittihamı ilə üzləşib. Hökumətin illərdir bu vasitədən müxalifləri, xüsusən də din xadimlərini hədəf almaq üçün istifadə etdiyi bildirilir. Dindarlar hüquq-mühafizə orqanlarını işgəncə, fiziki zorakılıq və cinsi təhdidlərlə etiraflar almaqda ittiham ediblər".

Hesabatda yerli qeyri-hökumət təşkilatına (Azərbaycan Siyasi Məhbusların Azadlıq Birliyi) istinadən 2024-cü ilin sonuna Azərbaycanda 233 dini inanclının həbsdə olduğu bildirilir. Vurğulanır ki, həbsdə olan bu şəxslər qeyri-insani həyat şəraiti və digər pis rəftarlarla üzləşdiklərini iddia etsələr də, hökumət orqanları bu iddiaları etibarlı şəkildə araşdırmaq üçün addım atmayıb.

Bundan əlavə, sözügedən sənəddə Qarabağdakı erməni dini və mədəni irsinə aid nümunələrin hədəf alınması ilə bağlı "Caucasus Heritage Watch" və "Freedom House" təşkilatlarının hesabatlarına istinad olunur.

Tövsiyələr

Hesabatda Azərbaycanda dini azadlığın vəziyyəti ilə bağlı ABŞ hökumətinə tövsiyələr də yer alıb.

USCIRF Beynəlxalq Dini Azadlıq Aktına uyğun olaraq, dini azadlıqların ciddi şəkildə pozulması və ya buna göz yummaya görə Azərbaycanın Xüsusi Müşahidə Siyahısında saxlanılmasını tövsiyə edib.

Həmçinin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi (Bandotdel) də daxil olmaqla bəzi qurumlara və dini azadlığa qarşı ciddi pozuntulara görə məsuliyyət daşıyan rəsmi şəxslərə qarşı hədəfli sanksiyaların tətbiqi tövsiyə edilib.

BMT kimi beynəlxalq müstəqil müşahidəçilərin Qarabağa səfərinin təşkili də USCIRF-in tövsiyələri sırasında yer alıb.

Hakimiyyət təmsilçiləri adətən ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri rədd edir, din azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların qorunduğunu bildirirlər.

XS
SM
MD
LG