Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:00

Bəzi dindarlar koronavirus qadağanına qızğın müqavimət göstərirlər


Bəzi dini mərasimlər koronavirusun geniş yayılmasına rəvac verir
Bəzi dini mərasimlər koronavirusun geniş yayılmasına rəvac verir

İran polisi koronavirus pandemiyasına görə bağlanmasına baxmayaraq iki müqəddəs məqbərəyə daxil olmuş kütləni dağıtmalı olub.

Şiə müsəlmanlar Məşhəddəki İmam Rza və Qumdakı Fatime Məsumənin məqbərəsinə martın 16-da hələ gecədən daxil olmuşdular.

İran dövlət televiziyasının məlumatına görə bu hadisədən əvvəl gündüz həmin dindarlar məqbərələrin bağlanmasına qarşı etiraz aksiyası keçirmişdilər.

Bu iki müqəddəs məqbərə adətən günün 24 saatı ərzində açıq olur.

Bundan əvvəl ölkənin səhiyyə rəsmiləri virusun daha geniş yayılmaması üçün zəvvarlara müqəddəs ocaqlarda qəbirləri və daşları öpməmək xəbərdarlığı etmiş, bu ziyarətgahlara nəzarət edən din rəsmilərini onların bağlanmasına çağırmışdılar.

İmam Rza məqbərəsi
İmam Rza məqbərəsi

Məqbərələrə daxil olanlar buranın bağlanmasına etiraz şüarları səsləndirirdilər.

Dini liderlər və Qum seminariyasının tanınmış üləmaları zəvvarları bu böhran zamanı müdriklik və səbr nümayiş etdirməyə çağırmışdılar.

Guardian yazır ki, dünya boyunca bütün dinlərdən olan ruhani liderlər pandemiyaya görə inanclıların kütləvi yığıncaqlarını məhdudlaşdırmaq üçün addımlar atırlar.

Pandemiya dini bayramlara təsadüf edir

COVID19 virusunun geniş yayılmağa başlaması əsas dinlərin mühüm bayramları günlərinə təsadüf edir.

Gələn ay katolik və protestant xristianlar, daha sonra isə yəhudilər Pasxanı qeyd etməlidirlər.

Aprelin 23-də isə dünyanın 1. 8 milyard müsəlmanı tərəfindən qeyd olunan müqəddəs Ramazan ayı başlanır.

Vatikan bildirib ki, 1, 2 milyardlıq katolik əhali Müqəddəs Həftəni evlərində qeyd etməli olacaqlar, ibadətlər isə televiziya və radio ilə canlı yayınlanacaq.

İtaliya hökumətinin yığıncaqlara qoyduğu qadağana uyğun olaraq Vatikandakı müqəddəs Pyotr kilsəsi bağlıdır.

Roma papasının gündəlik səhər xütbələri, bazar günü xütbəsi dindar xristianlar üçün televiziya ilə canlı yayınlanacaq.

WhatsApp vasitəsilə ibadət

Bütün bu qadağan və xəbərdarlıqlara baxmayaraq martın 16-da İtaliya polisi Çerveteri şəhərindəki müqəddəs Frensis kilsəsinə ibadətə toplaşan kütləni dağıtmalı olub.

İtaliyada bəzi kilsələr fərdi ibadətlər üçün açıq saxlansa da, polis adamların yalnız ərzaq mağazalarına və apteklərə getməsinə icazə verir.

İtaliyada toy, xaçaçur və yas mərasimləri qadağan edilib.

Roma papası Francis keşişləri “cəsarətli olmağa və xəstə adamlara evlərində baş çəkməyə” çağırıb.

Lakin keşişlərin əksəriyyətinin yaşı 60-dan yuxarı olduğuna görə onlar risk qrupuna daxildirlər.

Malayaziyada qeydə alınmış 673 yoluxmanın üçdə ikisinin İslam konfransı ilə bağlı olduğuna inanılır.

Kuala Lumpurun mərkəzi məscidində keçirilən bu tədbirə 16 min müsəlman qatılmışdı.

Əhali sayına görə dünyanın dördüncü ölkəsi olan Malayziyada əsas müsəlman idarəsi virusun daha geniş yayıldığı bölgələrdə yaşayan adamların cümə namazları üçün məscidlərə gəlməsini qadağan edən fətva verib.

Avropa və Birləşmiş Ştatlar boyunca bütün kilsə, məscid və sinaqoqlar ya öz təşəbbüsləri, ya da hökumət qərarları ilə kütləvi mərasimlər üçün bağlanıb.

Bir sıra kilsələr bazar günü xütbələrini WhatsApp vasitəsilə canlı yayımlayırlar.

Britaniyanın Müsəlman Şurası da ölkə məscidlərində cümə namazlarının keçirilməməsi barədə qərar verib.

XS
SM
MD
LG