Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

Deputat: '2024-cü ildə devalvasiya gözlənilmir'


Valyuta məzənnələri (2017)
Valyuta məzənnələri (2017)

Bu ilin əvvəlindən Azərbaycanda ABŞ dollarına tələbatın artması davam edib. Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Açıqlanan rəqəmlərə görə, ilin ilk üç ayında Azərbaycanda əhalinin də dollara tələbi kəskin artıb. 2024-cü ilin yanvar-mart aylarında insanlar banklardan 931.3 milyon dollar alıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz çoxdur.

İlin əvvəlində Mərkəzi Bank hərraclarda valyutaya tələbin aktivləşməsini "mövsümi xarakterli" adlandırmışdı: "Bu, əsasən, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən, ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır".

Məzahir Əfəndiyev
Məzahir Əfəndiyev

"İqtisadiyyat genişlənir, şaxələnir…"

Bəs görəsən, "mövsümi" proses niyə hələ də davam edir? Suala, hələlik, Mərkəzi Bankdan cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a bildirib ki, Milli Bank ilə bağlı ciddi islahatlara start verilib: "Parlamentdə keçən yay və payız sessiyalarında da monetar siyasətin məhz Milli Bank tərəfindən aparılmasına dair yeni qanunvericilik təşəbbüsləri ilə çıxış edildi, parlament də bu təşəbbüsü dəstəklədi. Bu da ondan xəbər verirdi ki, ölkədə monetar siyasət müstəqil qaydada, Milli Bank tərəfindən həyata keçiriləcək".

Deputat qeyd edib ki, bu gün Azərbaycanda iqtisadiyyat genişlənir, şaxələnir, ölkəyə olan maraq artır: "Bu maraq, eyni zamanda, ticarət dövriyyəsinin çoxalmasına gətirib çıxarır, nəticədə bu, ölkədə pulun dövriyyəsinə də təsir göstərməkdədir. Ona görə də dollara tələbat artır".

Vahid Əhmədov
Vahid Əhmədov

"İdxal artdığı üçün…"

Parlamentin sözügedən komitəsinin digər üzvü Vahid Əhmədov xatırladır ki, bir müddət əvvəl manatın müəyyən devalvasiyaya uğrayacağı barədə şayiələr var idi və insanlar bundan narahat olmuşdu: "Amma mən özüm də bir neçə dəfə demişdim ki, 2024-cü ildə devalvasiya prosesi gözlənilmir".

Deputatın sözlərinə görə, insanlar çalışırdı ki, manatı dollara çevirsinlər: "İkincisi də, ticarət ilə əlaqədar olaraq müəyyən məhsulların idxalı artıb. Keçən il bu göstərici 2 milyard manatdan çox artmışdı, bu il də təxminən 2 milyard. İdxal artdığı üçün də manatı başqa valyutaya çevirirlər və həmin vəsaitdən istifadə edirlər. Əsas səbəblər bunlardır".

V.Əhmədovun fikrincə, manat kifayət qədər oturuşmuş bir valyutadır: "Ona görə də onun dəyərdən düşməsi, hələlik, gözlənilmir".

Natiq Cəfərli
Natiq Cəfərli

"Gələn ilin ortalarına…"

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna açıqlamasında valyutaya tələbatın artmasının obyektiv və subyektiv əsaslarının olduğunu bildirib: "Obyektiv səbəblər ondan ibarətdir ki, indi yay mövsümüdür və imkanı olan şəxslərin xaricə səfərlərinin sayı artıb. Eyni zamanda, yeni məktəb mövsümünə artıq hazırlıqlar başlayıb. Ölkədə 2 milyondan yuxarı tələbə və şagird var, onların universitetə, məktəbə hazırlaşması üçün geyimindən tutmuş, məktəb ləvazimatlarına qədər hər şey xaricdən gətirilir".

İqtisadçının sözlərinə görə, növbəti bir səbəb təmir-tikinti işlərinin aparılması, investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır: "Əsasən də Qarabağ və Şərqi Zəngəzur zonasında böyük təmir-tikinti işləri gedir. Bunun üçün avadanlıq və tikinti materialları xaricdən alınır ".

O, valyutaya tələbatın artması tendensiyanın ilin sonuna qədər səngiməyəcəyini düşünür: "Ola bilər ki, sentyabr-oktyabr aylarında vəziyyət bir az yumşalsın, amma noyabrdan başlayaraq Yeni il ajiotajı ilə bağlı valyutaya tələbat artacaq".

Əliyevlərin bankları devalvasiya hesabına necə varlandı?
Gözlə

No media source currently available

0:00 0:08:33 0:00

N.Cəfərlinin fikrincə, bunun ən mənfi cəhəti ondan ibarətdir ki, əlaqədar dövlət və hökumət orqanlarının əhali ilə kommunikasiya problemi var: "Ona görə də bu həmin mövzuda şayiələrin daha tez yayılmasına səbəb olur. Amma mən bu il ərzində məhz məzənnə ilə bağlı hər hansı dəyişikliklərin olacağını düşünmürəm. Ancaq bu o demək deyil ki, həmişə belə olacaq. Düşünürəm, gələn ilin ortalarına, sonuna yaxın artıq manatın məzənnəsi ilə bağlı yumşaldıcı addımların atılmasına ehtiyac yaranacaq".

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş verib. Manat ABŞ dolları qarşısında iki dəfədən çox dəyər itirib. Həmin il ölkədə "üzən məzənnə" rejiminə keçildiyi elan edilib. Amma 2017-ci ilin yazından manatın məzənnəsində hər hansı dəyişiklik müşahidə edilmir. Ekspertlər bunu hökumətin "üzən məzənnə"dən imtinası kimi izah edirlər.

XS
SM
MD
LG