Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:00

'Çoxlu rubl Azərbaycana ötürülür, konvertasiya edilir'


Rubl
Rubl

Rusiyanın "Zolotaya Korona" təcili pul köçürmələri sistemindən artıq Azərbaycanın bir çox banklarının imtina etdiyi bildirilir. Bununla bağlı AzadlıqRadiosuna Rusiyada fasilələrlə işləyən Azərbaycan vətəndaşları şikayətlərini çatdırıblar. Onların iddialara görə, son aylar Rusiyadan Azərbaycana xeyli rubl göndərilib, dollara çevrilərək qara yolla həmin ölkədə fəaliyyət göstərən bazarlara qaytarılıb. Şikayətçilərin vurğulamasına görə, banklar bu prosesdə itirdiklərindən bundan artıq imtina etməli olurlar.

"Bir neçə bank "Zolotaya Korona" ilə işləmir"

Bakıda yaşayan Salam Salamzadə də "Turan"a bildirib ki, xaricdən pul köçürməsi almaq günü-gündən çətinləşir. Onun sözlərinə görə, Rusiyadan gələn pulu artıq almaq olmur: "Bir neçə bank, ümumiyyətlə, "Zolotaya Korona" sistemi ilə daha işləmir. Bəzisində o qədər kəskin limit var ki, səhər 6-da növbəyə durmaq lazımdır ki, ilk üç-beş nəfər siyahısına düşə biləsən. Biri də deyir, onlayn növbəyə yazılmaq lazımdır".

O deyir ki, poçtlar saat 3-ə qədər limiti qoyub, üstəlik də, pul göndərənin pasport məlumatlarını xüsusi blanka doldurmağı tələb edirlər: "Halbuki, sistemdə pul göndərən haqda bütün məlumatlar var".

"Turan"ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən 11 bank rublla, 7 bank isə dollarla Rusiyadan köçürmələri dayandırıb, 3 bank isə tamamilə dondurub.

"Pul köçürmələri 6 faiz artıb"

Bütün bunların səbəbləri ilə bağlı banklardan və "Azərpoçt" MMC-dən izahat almaq, hələlik, mümkün olmayıb. Mərkəzi Bankdan isə "Turan"a deyilib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən bu ölkələrdən Azərbaycana göndərilən pul vəsaitlərinin həcmi azalıb: "İlin birinci rübündə Rusiyadan daxil olan pul baratları 17 faiz azalaraq 100 milyon dollar, Ukraynadan isə 27 faiz azalaraq 4 milyon dollar təşkil edib. Bununla belə sözügedən dövrdə pul köçürmələri 6 faiz artıb. 2022-ci ilin birinci rübündə cari əməliyyatlar balansında 4 milyard dollarlıq profisit formalaşıb".

Qurumdan qeyd olunub ki, tədiyə balansında profisitin olması ölkənin strateji valyuta ehtiyatlarını artırmaqla bərabər, valyuta bazarının tarazlığını dəstəkləyir: "Bu tarazlıq isə, öz növbəsində, manatın məzənnəsini gücləndirməklə inflyasiya idxalını məhdudlaşdırır".

"Rusiya kağız üzərində rublun kursunu elan edir"

İşadamı, iqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, Rusiya Mərkəzi Bankı kağız üzərində rublun kursunu elan edir. Onun fikrincə, heç bir valyuta bazarı olmaya-olmaya guya rubl güclənir effekti yaradaraq Azərbaycan kimi özündən asılı ölkələrin iqtisadiyyatına zərbələr endirir: "Azərbaycan öz milli maraqlarını, iqtisadi təhlükəsizliyini nəzərə alaraq, Rusiya Federasiyasının valyuta birjasının kağız üzərində göstərilən rubl kursunu nəzərə almamalıdır. Azərbaycan rublla işləməkdən imtina etməlidir. Rusiyanın Mərkəzi Bankının elan etdiyi kurs süni şəkildə yaradılıb və Rusiya ilə bu məzənnəylə iş aparması həm Azərbaycan bankları, həm də iş adamları üçün çox böyük itkilərə səbəb olur".

"Bu, Rusiyanın iqtisadi ekspansiya siyasətidir"

O qeyd edib ki, ticarət rublla aparılır deyə, çoxlu sayda rubl Azərbaycana ötürülür, konvertasiya edilir. (Anlıq məzənnəyə uyğun digər valyutaya dəyişdirilir). Onun sözlərinə görə, bu, Rusiyanın iqtisadi ekspansiya siyasətidir: "Azərbaycanın Rusiya məhsullarından asılılığı təqribən 15 faizdir. Süni bahalaşmanı yaradan faktorlardan biri də Rusiya rublun süni möhkəmlənməsidir, çünki Rusiya özündən asılı ölkələrə məhsulu satanda dollarda bahalaşdırır. Həmin məhsullar Azərbaycana daxil olduqda manata konvertasiya ediləndə bahalaşır. Beləliklə, Azərbaycan iqtisadiyyatına və banklarına ciddi ziyan dəyir".

Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG