Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:54

Dollar krediti olanlar hələ də güzəşt gözləyirlər...


Dollar
Dollar

-

Mayın 14-də Konstitusiya Məhkəməsinin dollar kreditləri haqqında qərarının bir ili tamam olub. Manatın devalvasiyasından bəri dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması gündəmdən çıxmayıb. Hökumət və banklardan güzəşt gözləyən vətəndaşlar axırda gözlərini məhkəməyə dikmişdilər, ancaq Konstitusiya Məhkəməsi də hökumət və banklar kimi davrandı. Vətəndaşlar kreditlərini mövcud məzənnə ilə ödəməli oldular. Həmin qərardan sonra əksər ekspertlər bildirdilər ki, bu, heç də problemdən çıxış yolu deyil.

«KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ BALANSLI QƏRAR İMKANI VERSƏYDİLƏR...»

Bank məsələləri eksperti, hüquqşünas Əkrəm Həsənov o məhkəməyə iki dəfə - iclasdan öncə və sonra ətraflı rəyini təqdim etdiyini xatırladır: «İclasda iştirak etdim, oradakı dinləməni ictimailəşdirdim. Lakin nə hüquqi, nə məntiqi arqumentlər, nə də ictimai rəy məhkəməyə təsir etmədi. Bankların təzyiqi altında qanunsuz qərar qəbul edildi».

Ekspert deyir ki, banklar bununla problemli kredit məsələsini çözdüklərini düşündülər: «Lakin bir il öncə proqnozlaşdırdığım kimi, bunun tam əksi oldu. Konstitusiya Məhkəməsinə balanslı bir qərar qəbul etməyə imkan versəydilər, bank sistemi indiki acınacaqlı duruma düşməzdi».

«ƏVVƏLCƏ HƏR İKİ TƏRƏFİN MARAĞINI QORUMAĞA ÇALIŞIRDIM»

Ə.Həsənov məlum məhkəmənin qərarından sonra yalnız borcluların tərəfini tutduğunu gizlətmir: «O zamanadək kompromis axtarır və hər iki tərəfin maraqlarını qorumağa çalışırdım. Birinci devalvasiyadan dərhal sonra bankların da maraqlarını nəzərə alan ilk hüquqi rəyi də mən vermişdim. Əvvəla, ona görə ki, maliyyə sisteminin çökməsinə də imkan vermək olmaz. Digər tərəfdən, yaranmış vəziyyətdə həm bankların, həm də borcluların təqsiri var, bəzi borclularsa, ümumiyyətlə, dələduzdur və vəziyyətdən sui-istifadə etmək istəyir. Buna görə də məndən ötrü bu qarşıdurmada «yaxşı» və «pis» tərəflər yoxdur, güclü və zəif tərəflər var. Ən əsası, bir vətəndaş kimi konstitusiyanın, hüququn ayaq altına atılması mənim üçün təhqirdir. Hüquq olmayan yerdə nəinki inkişaf, ümumiyyətlə, dövlət olmayacaq! Buna görə də mən ilk növbədə hüququn təntənəsi uğrunda mübarizə aparıram. Bu isə hər şeydən əvvəl təqsirkarın cəzalandırılmasını tələb edir».

Ekspertin fikrincə, məhkəməyə «qanunsuz qərar qəbul etdirmiş» banklar indi bunun cəzasını çəkir.

«BANKLARIN ÖZÜ DƏ BU QƏRARDAN ƏZİYYƏT ÇƏKİR»

İqtisadçı ekspert Nicat Hacızadə «məhkəmənin qərarı yalnız bankların xeyrinə oldu» fikri ilə razılaşmır: «Hətta bankların özü belə bu qərardan indiyədək əziyyət çəkir, çünki vətəndaşlarımız həmin məbləği ya ödəyə bilmir, ya da ödəmələr gecikmə ilə baş verir. Bu da banklarda likvidlik probleminə gətirib çıxardır».

Ekspertin sözlərinə görə, qərarın ardından banklar öz daxili siyasətlərində bəlli dəyişikliklər edib: «Bir sıra banklar dollar kreditlərini manata konvertasiya etdi, bir qismi faiz dərəcəsini azaltdı, bir qismi, ümumiyyətlə, heç bir dəyişiklik etmədi. Bütövlükdə isə, məhkəmə qərarı, olsa-olsa, bankların öz strategiyalarını yenidən dəyişdirməsinə yardım etdi».

«DOLLARLA KREDİT VERMƏYİN TƏRƏFDARIYAM»

N.Hacızadə dollarla kredit verilməsinə tərəfdardır: «Çünki dünyanın əksər sənayeləşmiş və sürətlə irəliləyən ölkələrində dollarla kredit verilir. Amma nəzərə almaq lazımdır ki, həmin ölkələrdə kredit verilmədə nizam-intizam var, o cümlədən risklərin idarəolunma məsələsi hər zaman qorunur. Maliyyə Bazarlarına Nəzarət Palatasının dollarla kreditə şərtlərini düzgün sayıram. Bu, həm vətəndaşlara, həm də banklara krediti düzgün nizamlayıb-tənzimləməyə imkan verəcək. Artıq hər vətəndaş istədiyi şəkildə kredit ala və hər bank kredit siyasətində müəyyənləşdirilmiş normalardan kənara çıxa bilməyəcək».

Ekspert Palatadan dollarda krediti olan şəxslərin devalvasiyalardan sonra yığılmış kredit ödənişləri üzrə də müsbət qərar gözləyir: «Hər halda istər depozit, istərsə kreditlərdə, bəlli limit götürülməklə, düzgün bir qərar vermək lazımdır».

XS
SM
MD
LG